Sülhə məcbur etmə yolu ilə qüvvələrin tarazlaşdırılmasının növbəti fazalarının tətbiq edilib-edilməyəcəyi danışıqlar prosesində Yerevanın növbəti addımlarından asılı olacaq
Rusiya baş naziri Dmitri Medvedevin aprelin 7-8-də Ermənistana və Azərbaycana səfəri, çox güman ki, regional təhlükəsizlik nöqteyi-nəzərdən hər iki ölkənin eyni olduğunu və Qafqazın təhlükəsizliyində əsas maneə olan Qarabağ münaqişəsinin aradan qaldırılması üçün hər iki paytaxtla yaxşı işgüzar münasibətlərə malik olmağın Moskva üçün əhəmiyyətini göstərmək məqsədi daşıyırdı. Lakin Rusiyanın uzaq Cənuba – Kiçik Qafqaz dağlarından o tərəfə uzanan strateji maraqları nöqteyi-nəzərdən ikitərəfli münasibətlərin hazırki mərhələsində Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələr qurmaq prioritetə çevrilir.
SSRİ-nin dağılmasından sonra Qafqazdakı münaqişələr Kremlin müstəsna təsir zonasının çərçivəsindən kənara çıxdı və artıq Ön Asiya da daxil olmaqla, Avrasiya məkanındakı münaqişələr sisteminin bir hissəsidir. Son bir neçə ildə neft qiymətlərinin ucuzlaşması fonunda ABŞ-ın dominantlığının artması və Moskvanın hərbi-siyasi təsirinin güclənməsi ilə bu təbii və insan resursları ilə zəngin regionda münaqişələrin həlli prosesinin sürətləndiyi nəzərə çarpdı. Lakin Rusiyanın bir tərəfdən ABŞ və regionun postdiktator ölkələri arasında ziddiyyətlərin, digər tərəfdən isə, ilk növbədə Suriya, İraq və İranda müxtəlif etnik, dini, siyasi qruplar arasındakı qarşıdurmanın aradan qaldırılmasında iştirakı göstərir ki, Rusiyanın regiondakı maraqları, əsasən də iqtisadi maraqları, yaxın gələcəkdə təmin olunacaq. Bununla əlaqədar olaraq Avrasiyanın cənub hissəsindəki bazarlara birbaşa çıxış Kremlin xarici siyasətin prioritetinə, bəlkə də ən mühüm prioritetinə çevrilir. Bu mənada İran Amerika sanksiyalarının ləğvindən sonra “dadlı” məkan kimi görünür. Hədsiz enerji resursları və iqtisadi inkişafa ehtiyacı olan ölkə. BVF İran üçün illik 6 faiz inkişaf, uzunmüddətli investisiya cəzbediciliyi və regionda iqtisadi nüfuzun güclənməsi təxmini irəli sürüb.
Keçmişdə SSRİ İran ərazisində sənaye texnologiyalarının və layihələrin əsas investorlarından biri idi və Rusiya embarqonun ləğvi və İranda yenidənqurma şəraitində öz yerini tapmağa çalışır.Bu mənada İran bazarına, eləcə də İraq, Suriya, Pakistan, Hindistan bazarlarına çıxış Kremlin Avrasiya siyasətinin mühüm hissəsinə çevrilir. RF xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində İran istiqamətində avtomobil, dəmir yolu və dəniz əlaqəsinin inkişafını ehtiva edən Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsini mühüm adlandırıb. Və burada ən yaxın prioritet İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi, habelə, onun sözlərinə görə, yekun mərhələdə olan Xəzərin statusu probleminin həllidir. Kremlin Cənubda uzunmüddətli niyyətlərinin reallığa çevrilməyə başladığı bir şəraitdə Ön Asiyadakı münaqişələr, o cümlədən Qarabağ münaqişəsi onların həyata keçirilməsi üçün maneəyə çevrilir və sürətləndirilmiş həllini tələb edir. Məhz buna görə Avrasiyada sabitlikdə maraqlı olan beynəlxalq oyunçular tərəfindən Azərbaycanın üç günlük kiçik qalibiyyətli müharibəsinin qarşısı alınmayıb. Bundan başqa, Rusiya baş nazirin müavini Dmitri Roqozinin vasitəsilə Azərbaycana silah ixracının davam etdirildiyini bildirib. Amma məsələ təkcə Ermənistandan fərqli olaraq, ödəmək qabiliyyəti olan tərəfdaş olan Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində deyil, Azərbaycanın mühüm tranzit dəhlizi, Leninin sözləri ilə desək, Şərq Qapısı olmasındadır.
İranın ön səhnəyə çıxışı
İranın ABŞ-la qarşıdurmadan imtina etməsi Tehranın Fars imperiyasının XIX əsrin əvvəllərində Rusiya tərəfindən zorla alınmış bir hissəsi, müstəqillik illərində isə ABŞ və İsrailin regiondakı əlaltısı kimi baxdığı Azərbaycanla yaxınlaşma üçün perspektivli imkanlar yaradır.
Yenidən canlanan avtoritar rejimlərin Qərb dünyasının bəyan etdiyi vahid dəyərləri qəbul etməsi vahid münasibətlər platforması və təhlükəsizlik sistemləri yaradır, onlar İran və Azərbaycanın yaxınlaşmasına və regionda Azərbaycan amilinin güclənməsinə mütləq təsir göstərəcək.
İran cəmiyyətinin 30 milyonu, o cümlədən elit təbəqənin əksəriyyəti olan azərbaycanlılar müxtəlif sahələrdə və səviyyələrdə – ruhanilər arasında, hökumətdə, XİN-də, orduda, xüsusi xidmətlərdə geniş təmsil olunub və dövlətin siyasətinin müəyyən edilməsində farslarla yanaşı kifayət qədər əhəmiyyətli rol oynayırlar.
Bu, ayrıca diqqət tələb edən mürəkkəb mövzudur. Amma bir daha nəzərə almaq lazımdır ki, İranın ABŞ-la qarşıdurmadan imtinası və beynəlxalq iqtisadiyyata ardıcıl inteqrasiyası ölkəni cənub məkanında Türkiyə ilə yanaşı mühüm oyunçuya çevirir. Türkiyənin regionda və İranın özündə, xüsusən türkdilli əhali arasında nüfuzu son 25 ildə xeyli artıb, bu, ilk növbədə, telekommunikasiyaların inkişafı və türk informasiya məkanının formalaşması sayəsində baş verib. Regionun siyasi, etnik və dini çaları haqqında yaxşı məlumatı olan Moskvada bu amillərin nəzərə alınmaması real deyil.
Ermənistan statusun dəyişməsi ərəfəsində
Təkcə Böyük və Kiçik Qafqazın deyil, münasibətləri ədavətdən nisbətən dözümlülüyə qədər dəyişən İran, Türkiyə, Azərbaycan və Gürcüstan kimi regional qonşuların da arasında sıxışıb qalmış Ermənistan çarizm və SSRİ dövrünün forpostundan ağır yükə çevrilir. O, hələ çar Rusiyası tərəfindən regionun istilası zamanı müəyyən edilmiş tarixi təyinatının mənasını itirir.
Ermənistan siyasətçiləri və ictimaiyyət Rusiyanın hərəkətlərini anlaya bilmir, əsasən ona görə ki, Rusiyanın Fars və Osmanlı imperiyalarının varisləri ilə əbədi düşmənçiliyi ideyasına inanırdılar. Qərbi Avropa sivilizasiyasının qoynuna can atan Ermənistan cəmiyyəti yanlış olaraq hesab edir ki, Moskvanın ünvanına əbədi dostluq və əbədi vassallıq haqqında mədhiyyələr Rusiyada səmimiyyət kimi qəbul olunur. Kremldə dərk edirlər ki, erməni səmimiyyəti Rusiyanın Cənub qonşuları ilə ziddiyyətlərinin davam etməsinə əsaslanan erməni maraqları üzərində qurulur. Amma bu yanaşmanın yanlışlığı ondan ibarətdir ki, əbədi müttəfiq və əbədi maraqlar yoxdur. Kremldə həmçinin ermənilərin ruslara aid olan hər şeyə əsl münasibətini də bilirlər, bu, Ermənistanda bütün rus məktəblərinin gizlicə məhv edilməsində, ermənilərin Rusiyaya qarşı istehlakçı münasibətlərində və erməni cəmiyyətinin ruslara aid hər şeyə ehtiyatlı münasibətində məlum oldu ki, bu da sınaq dövründə özünü açıq-aşkar büruzə verir. Kremldə Qərbyönlü və “pantürkçü” Azərbaycanın Rusiya ilə son 200 ildə qurulmuş humanitar ve digər münasibətlərin pozulması üzrə xüsusi addımlar atılmadığını görməyə bilməzlər. Xüsusən, Azərbaycanda rus təhsili sahəsində, həm də təkcə orta deyil, həm də ali səviyyədə. Hələ də, çar Rusiyasında fransız dili olduğu kimi, rus dili də Azərbaycan elitasının ünsiyyət dili olaraq qalmaqdadır.
Ermənistanda həmçinin yanlış olaraq hesab edirlər ki, Rusiya 19-20-ci əsrlərdə İran və Türkiyədən Qafqaza köçürülmüş ermənilərin nəsillərinə, türklərə və farslara qarşı mübarizədə onların əhəmiyyətini nəzərə alaraq, himayə edəcək. Avrasiyanın cənub hissəsində müasir trendlərin inkişafı şəraitində Moskva Qarabağ münaqişəsinin tezliklə həllində və Ermənistanın əbədi düşmənləri ilə razılıq əldə etməsində və onları strateji müttəfiqinə çevirməsində daha çox maraqlıdır, son nəticədə bu, Rusiyanın qonşu dövlət kimi geniş regiona daha səmərəli şəkildə nüfuz etməsini asanlaşdıracaq.
ABŞ Avrasiya uğrunda mübarizənin yekun mərhələsində
Və nəhayət, regionun Avrasiya uğrunda hərbi-siyasi döyüşü uğurla yekunlaşdıran əsas oyunçusu – ABŞ Qafqaz regionunda, eləcə də bütün Avrasiya məkanında sülh və sabitliyin bərqərar olmasında daha çox maraqlıdır. SSRİ-nin dağılmasından sonrakı illər ərzində amerikalılar dünyanın əsas regionunda – Avrasiyada avtoritar rejimlərin devrilməsi prosesini işə salaraq, demək olar ki, bütün qarşıya qoyulmuş vəzifələri həyata keçirməyə müvəffəq olublar. Region avtoritarizmdən demokratiyaya keçiddədir və bu, faktdır. Bir sıra məsələlər və problemlər həll mərhələsindədir, amma qlobal prosesin işə salındığı şübhə doğurmur, Suriya, İraq və digər ölkələrdə münaqişələrin həllinin yeni konturları buna dəlalət edir. Cənubi Qafqaz regionunu da buraya aid etmək lazımdır. ABŞ uzun illərdir burada region ölkələrini ardıcıl şəkildə sovet keçmişindən uzaqlaşdırır. Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda aparılan son danışıqları göstərir ki, hər iki Qafqaz ölkəsi demokratik perspektivə start vermək üçün avtoritarizmin finiş xəttinə yaxınlaşır.
Anaxronik avtoritar rejimlərin liderlərinin həyata keçirmək öhdəliyi götürdükləri islahatlarla yanaşı, ikinci əhəmiyyətli məsələ Qarabağ tənzimlənməsidir. Amerikanın regiondakı maraqları irəlilədikcə bu məsələ konfliktologiyanın əhəmiyyətsiz alətinə çevrilir. Amma nəzərə almaq lazımdır ki, ABŞ Qarabağ münaqişəsinin həllində maraqlıdır, lakin münaqişəsonrası dövrdə regionda sülh və inkişafın əsas zəmanəti kimi Azərbaycan və Ermənistanın demokratikləşməsi ilə paralel olaraq. Məhz bu, prezidentlər Əliyev və Sarkisyanla münasibətlər gündəliyində əsas mövzudur.
Tarazlıq yaradılmasının ilk konturları
Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmalara gəlincə, hazırki vəziyyətdə güzəştlərə nail olmaqda əsas maneə odur ki, Ermənistan cəmiyyəti qalib sindromunun təsiri altındadır, bu, məğlub edilmiş düşmənə – Azərbaycana qarşı güzəştlərə yol vermir. Münaqişənin tənzimlənməsinin Minsk vasitəçiləri tərəfindən təklif edilmiş və Madrid Prinsipləri adını almış kompromisli layihəsinin (Dağlıq Qarabağın Azərbaycanın tərkibində öz müqəddəratını həll etməsi) həyata keçirilməsi yalnız Ermənistan və Azərbaycanın tarazlaşdırılmış mövqeyi olduğu halda mümkündür. Üç günlük müharibə bu istiqamətdə ilk sınaq və erməni cəmiyyəti üçün ilk şok idi. Sülhə məcbur etmə yolu ilə qüvvələrin tarazlaşdırılmasının növbəti fazalarının tətbiq edilib-edilməyəcəyi danışıqlar prosesində Yerevanın növbəti addımlarından asılı olacaq. Bu mənada ABŞ, Rusiya və Fransanın (Oxu -Avropa Birliyi) şəxsində Minsk üçlüyünün yanaşmaları bir-birinə yaxındır. Medvedevin səfəri də dünyanın tez-tez dəyişdiyi şəraitdə erməni cəmiyyətində əsassız ümidləri və xülyaları yox etmək və Kreml siyasətinin cənub istiqaməti ilə bağlı maraqların təftişi məqsədi daşıyır.