Bu gün, iyulun 23-də Rusiyada fəaliyyət göstərən “Baza” Telegram kanalının baş redaktoru Qleb Trifonov həbs edilib.
Trifonov Daxili İşlər Nazirliyi əməkdaşlarına rüşvət verməkdə ittiham olunur. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü bəndi (qrup halında və əvvəlcədən əlbir olaraq külli miqdarda rüşvət vermə) ilə cinayət işi açılıb. Kanalın prodüseri Tatyana Lukyanova da saxlanılıb.
İstintaqın versiyasına görə, “Baza” redaksiyası uzun müddət ərzində DİN əməkdaşlarından məlumat alıb və bunu “ştatdankənar jurnalist işi” adı altında maliyyələşdirib. Hüquq-mühafizə orqanları bu əməkdaşlığı sistematik rüşvətvermə kimi qiymətləndirir. Cinayət işində hər bir polis əməkdaşına 100 min rubladək vəsait ödənilən üç epizod yer alır.
Redaksiya ilə əməkdaşlıqda ittiham edilən bir neçə polis əməkdaşı saxlanılıb. Rusiya mətbuatının yazdığına görə, bu şəxslər ifadə verərək jurnalistlərə məlumat ötürdüklərini etiraf ediblər. Rusiya DİN həmin şəxslərin saxlanılması görüntülərini yayıb. Onlara qarşı rüşvət alma maddəsi ilə cinayət işi başlanıb.
“Baza” redaksiyası və şəxsən Qleb Trifonov ittihamları rədd edir, qeyd edirlər ki, söhbət əsasən ictimai xarakter daşıyan məlumatların — o cümlədən tədbirlər, yol qəzaları, cinayət hadisələri və idman xəbərlərinin — əldə edilməsindən gedir. Jurnalistlər baş verənləri peşə fəaliyyətlərinə qarşı təzyiq və təqib kimi qiymətləndirirlər.
Vəkillərin sözlərinə görə, Trifonovu 14 saatdan çox vəkili ilə görüşdən məhrum ediblər, dindirilmə gecə yarısınadək davam edib ki, bu da Rusiya Cinayət Prosessual Məcəlləsinin normalarını pozur. Həmçinin jurnalistə şəxsi cihazlarının parollarını verməsi üçün psixoloji təzyiqlər göstərildiyi və fiziki güc tətbiq ediləcəyi ilə hədələndiyi bildirilir.
“Baza” redaksiyası 2019-cu ildən fəaliyyət göstərir və hüquq-mühafizə orqanlarındakı anonim mənbələrə əsaslanaraq operativ xəbərlərin yayımı ilə tanınır.