“Konqres Amerikaya qarşı haker-hucumların qarşısını almaq üçün tədbirlər görməlidir”
ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın hakerlik və sənədlərin sızdırılması ilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib.
“Amerikanın səsi” xəbər verir ki, Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verən Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Marsel Lettre Rusiyanın kibet-hücumlarını böyük təhdid adlandırıb.
Dinləmələrin açılışında komitənin sədri Con Makkeyn deyib ki, hər bir amerikalı Rusiyanın əməlləri ilə bağlı diqqətli olmalıdır: “Bizim komitə bu gün demokratiyamıza presedentiz bir hücumdan sonra bir araya gəlir”.
Bəzi ABŞ qanunvericiləri kəşfiyyat rəsmilərinə istinad edərək açıqlamalara vasitəçi olmuş “WikiLeaks” banisi Culian Assanjı Rusiya xüsusi xidmət orqanlarının ruporu adlandırıblar. Onlar Assanjın açıqlamalarını ABŞ milli təhlükəsizliyinə ciddi hədə kimi dəyərləndirirlər.
Yanvarın 5-də “Twitter”də Culian Assanjın açıqlamalarına istinad etmiş Donald Tramp bu gün medianı onun kəşfiyyat icması haqda dediklərini təhrif etməkdə günahlandırıb.
Trampın kəşfiyyat agentliklərinin dəyərləndirməsi ilə bağlı dediklərinə reaksiya verən Ceymz Klapper “kəşfiyyat icmasına ictimai inamın” güclü olmasının vacibliyini vurğulayıb. O, Trampın kəşfiyyat işçiləri haqda dediklərinə eyham vuraraq deyib:
“Fikrimcə skeptisizmlə gözdən salmaq arasında fərq var”.
Klapperin sözlərinə görə, kəşfiyyat orqanları “WikiLeaks”-in məlumatının vətəndaşların seçiminə nə dərəcədə təsir göstərdiyini müəyyən edə bilməz:
“Onların seçici fəallığını izləmək imkanları ola bilməzdi”.
Senator isə Konqresin Amerikaya qarşı haker-hücumların qarşısını almaq üçün tədbirlər görməli olduğunu bildirib. Bu məsələdə onun Demokrat həmkarlarından, o cümlədən bəzi Respublikaçılardan dəstək alacağı gözlənilir.