Rusiyanı tərk edən brendlərin malları Rusiya bazarında

Vladivostok, REUTERS/Tatiana Meel

“Pulu olanlar sanksiyaların təsirindən yayınıb əvvəlki həyatlarını yaşaya bilirlər”

“IT mütəxəssisəm və işim kompüterlədir. Rusiya-Ukrayna müharibəsinin başlanğıc qığılcımlarını hiss edəndən Gürcüstana köçmək qərarı vermişdim. Xarici şirkətdə çalışıram və işimi onlayn görə bilirəm. Rusiyada yaşayanda da məsafədən işləyirdim. Gürcüstan “freelance” çalışanlara qucaq açır. İllik qazancının çox kiçik faizini ödəməklə oturum ala bilirsən. Gələn ay bu ölkəyə köçməyimin bir ili olacaq. Vergimi ödəyirəm, oturum almışam. Mənim kimi çoxu da…“, – deyir rusiyalı, 26 yaşlı Denis Losev.

Onun sözlərinə görə, tanışlarından Ermənistana gedərək orada çalışan, hətta IT sahəsində şirkət quran və şirkətini bu ölkəyə daşıyanlar da olub.

O isə Gürcüstanı seçib, çünki daha öncələr də tez-tez bu ölkəyə gedib, dincəlirmiş:

“Bir şəhərdə yaşamıram. Müxtəlif şəhərlərində 3-4 ay qalıram, belə daha yaxşıdır, həm də darıxmıram”.

Denis deyir ki, müharibə başlayanda nə bu qədər davam edəcəyini, nə də səfərbərlik olacağını düşünüb. Sadəcə, müharibə söhbətlərindən uzaq olmaq üçün çoxu kimi ölkədən çıxıb.

Səfərbərliyə qədər müəyyən müddətdə iki dəfə ailəsinin yanına da gedib. Lakin ilk səfərbərlik elan olunandan sonra Rusiyadan ayağını kəsib.

Söhbət sanksiyalara gəlincə, Denis deyir ki, çoxu formal xarakter daşıyır, imkanı olan həyatını əvvəlki kimi davam edir:

“İlk başlarda bacım deyirdi, inanmırdım. Sonra gedəndə gördüm. Məsələn, “Mc Donalds” bağlandığını elan edib, amma eyni dad, eyni yeməklər, başqa ad altında yenə satılır. Onun kimi başqa digər brendlər də, istər yemək brendləri olsun, istərsə də geyim – hamısını tapmaq mümkündür. Sadəcə, həmin kiçik mağazaların girişində brendin adı yazılmır. Hamı əvvəlki kimi alış-verişini edir. Hə, qiymət bir az bahalaşmış ola bilər ki, bu, hazırda bütün dünyada belədir. Amma istəyən hər şeyi tapa bilir”.

“Reuters” də yazır ki, düzdür, ən yaxşı brendlər Rusiyadan çıxır, lakin bu ölkədə onların mallarını tapmaq çətin deyil.

Qərb brendləri ölkəni tərk etmiş ola bilər, amma malları getməyib, Rusiyadadır.

Hələ müharibə yeni başlayanda Avropa, Şimali Amerika və Yaponiya şirkətləri Rusiyanın Ukraynaya hücumunu dəstəkləmədiklərini göstərmək üçün Rusiya bazarlarını tərk etdiklərini açıqlayıblar.

Lakin sayt da yazır ki, həmin brendlərin mallarını həm Rusiya daxilində tapmaq mümkündür, həm də xaricdən sifarişlə gətirtmək olur. Sadəcə, çatdırılma müddətləri daha uzun və bəzi mallar daha baha ola bilir. Bunun isə rus istehlakçılarına təsir minimaldır.

“Zara”nın sahibi “Inditex” (ITX.MC) Moskvanın Ukraynaya qoşun göndərməsindən sonra Rusiyadakı 502 mağazasını bağlayıb.

Sonra onları BƏƏ-də yerləşən “Daher Group”a satıb. Lakin kiçikmiqyaslı idxal və onlayn satıcılar Rusiyada həmin brendin mallarının satışını canlı saxlayır.

“Reuters” altı böyük onlayn bazar və onlarla alıcı ilə məsələnin həqiqət olduğunu təsdiqləyib.

32 yaşlı Albina keçən yay boş çamadanını Minskə aparıb və 24 saatdan sonra özünə və dostlarına 33 min rubl (442 dollar) dəyərində “Inditex” brendi olan “Zara”, “Bershka” və “Massimo Dutti” paltarları ilə qayıdıb.

Rusiya əməliyyatlarını dayandıran əksər Qərb brendləri də Moskvanın sadiq müttəfiqi olan Belarusdan çıxsa da, “Inditex” bunu etməyib.

Albina “Reuters”ə bildirib ki, o, Paris və Dubayda da paltar alıb və onlayn satıcılar şəbəkəsindən istifadə edib:

“”Instagram”da, “Telegram”da səhifələr var. Tanıdığım qızlar var ki, onlar Avropaya, İstanbula, Dubaya gedir, götürdükləri sifarişləri toplayıb gətirirlər. Əvəzində 15-30 faiz komissiya alırlar”.

İsveç mebel markası olan IKEA da Rusiya bazarını tərk edib, lakin yenə də keçmiş tədarükçülər müxtəlif adlar altında IKEA elementlərini sata bilirlər.

Denis Losev də bildirir ki, bu gün Rusiyada pulu olanlar sanksiyaların təsirindən yayınıb, əvvəlki həyatını yaşaya bilirlər:

“Atamın “Toyota” markalı avtomobili var. O avtomobilinə qarşı çox həssasdır. “Toyota”nın servisi ölkəni tərk edib, lakin yenə də avtomobilə baxım etdirmək mümkündür. Bunu elə əvvəlki servis mağazalarında köhnə işçilər edir. Atam avtomobilinə yenə əvvəlki istifadə etdiyi yağdan, təkərdən alır. Sadəcə, qiyməti əvvəlkindən 2 dəfə bahadır. Pulu olan üçün fərq etmir, yenə əvvəlki kimi yaşayır. Amma adam kənarda, başqa ölkədə olanda və xarici saytlardan xəbərləri oxuyanda dəhşətə gəlir”.

Ana səhifəDünyaRusiyanı tərk edən brendlərin malları Rusiya bazarında