Rusiyalı rejissor və televiziya aparıcısı Tiqran Keosayan 59 yaşında vəfat edib.
Bu barədə onun həyat yoldaşı, Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan öz “Telegram” kanalında yazıb.
Keosayan ürək xəstəliyindən əziyyət çəkirdi. 2024-cü ilin dekabrından kliniki ölüm keçirmiş rejissor həmin vaxtdan xəstəxanada koma vəziyyətində idi.
Bundan əvvəl, 2008 və 2010-cu illərdə isə, o, iki infarkt keçirib.
Tiqran Keosayan Moskvada doğulub, rejissorluq fakültəsini bitirib. O, «Bədbəxt Saşa» və «Kişi işi» televiziya serialı ilə tanınıb. 2007-ci ildə isə REN TV kanalında «Tiqran Keosayan ilə axşam» proqramını aparmağa başlayıb. 2016-cı ildən Keosayan NTV-də “Beynəlxalq Pilorama” adlı veriliş aparıb.
Keosayan həyat yoldaşı Marqarita Simonyanla birlikdə Kremlin əsas propaqandaçılarından sayılır.
Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra ona qarşı AB, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliya tərəfindən sanksiyalar tətbiq olunub.
Bir həftə əvvəl isə Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə aldığını yazmışdı.
“Məmnuniyyətlə yazardım ki, hər şey yaxşıdır, amma heç vaxt yalan danışmamağa çalışıram. Tiqran hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram”, – deyə RT-nin baş redaktoru bildirmişdi.