”Bunun sülhquruculuğu prosesinə ciddi ziyan vura biləcək səhv qərarı olduğunu düşünürük”
“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təşəbbüskarı Anna Akopyan olan “Qadınlar Sülh Naminə ” kampaniyası çərçivəsində bir qrup Rusiya qadınının Dağlıq Qarabağa səfərindən narahatdır və bunun sülhquruculuğu prosesinə ciddi ziyan vura biləcək səhv qərarı olduğunu düşünür”.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Rusiya qadınlarının Dağlıq Qarabağa səfəri ilə əlaqədar yaydığı bəyanatda belə deyilir. Sənəddə vurğulanır ki, sülh çağırışları beynəlxalq hüququn pozulması və qarşı tərəfin hisslərinə toxunan özünə əminliyin üstündə qurula bilməz:
“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının yaradılmasının əsas məqsədlərindən biri iki xalq arasında uzunmüddətli barışığın təmin edilməsidir. Bu baxımdan biz, ölkələrimiz arasında sülhün qorunması və saxlanılması məqsədi olan bütün təşəbbüslərə dəstək verməyə hazırıq.
Şübhəsiz ki, Anna Akopyanın qadınları birləşdirərək sülh hərəkatı yaratmaq arzusunu müsbət hal kimi qiymətləndirmək olar, ona görə ki, müharibələr və silahlı münaqişələrdən ən çox zərərə məruz qalan qadınlar olur. Xüsusilə bu hərbi əməliyyatların oduna, qaçqınçılıq, köçkünlük və itkilərə bilavasitə məruz qalanlara aiddir. Onların əksəriyyətinin hələ də sığınacaq, müalicə, psixoloji yardım, dövlət və cəmiyyətin diqqətinə ehtiyacı var. Buna baxmayaraq, hərbi münaqişənin fonunda qadınlar ictimai həyatda iştirak etmək üçün maneələri aradan qaldırırlar və qadınlara xas olan harmoniya və təhlükəsizlik arzusu ilə sülhə nail olmaq üçün əhəmiyyətli səylər göstərirlər”.
Bəyanatda qeyd olunur ki, sülhməramlı mühitin yaradılmasına dair təşəbbüslər münaqişənin səbəblərinin, inkişafının və mümkün yollarının dərin öyrənilməsinə əsaslanan konstruktiv və peşəkar yanaşma ilə təsdiq olunmalıdır. Münasibətlərin normallaşdırılması və etimadın bərpası istiqamətində atılan hər hansı bir tələsik qərar dönməz nəticələrə gətirib çıxararaq, Ermənistan və Azərbaycan xalqları üçün bir faciəyə çevrilə bilər:
“Sülhməramlıq gözəl sözlər və cazibədar şüarlar deyil. Sülhdən danışılan zaman, ilk növbədə, qarşı tərəfin duyğuları, acıları, maraqları və hüquqları nəzərə alınmalıdır. Bu baxımdan, dönməz nəticəyə gətirə bilən ifadə və hərəkətlərin dramatik nəticəsindən qaçmaq üçün sülh çağırışlarının hər iki tərəfə eyni dərəcədə cazibədar olan hər cür səy və məsuliyyətin göstərilməsi vacibdir.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti böyük potensiala malikdir və Dağlıq Qarabağ münaqişəsində sülhü möhkəmləndirməyə yönələn sülh prosesləri və təşəbbüslərdə əsas rol oynayır. Və bu gün Qarabağ münaqişəsinin gələcək həlli məsələsi yalnız siyasətçilərin səylərindən yox, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələrinin sıx əməkdaşlığından asılıdır. Biz siyasi və ictimai dialoq üçün səy göstərən və münaqişənin zorakılıqsız həllinin tərəfdaşı olan vətəndaş sektorunun təcrübə və resurslarını nəzərə almağa borcluyuq.
Ermənistan-Azərbaycan Sülh Platforması tərəfləri sülh təşəbbüslərinin nüfuzuna zərbə vuran hərəkətlərdən çəkinməyə çağırır. Biz həmçinin xanım Anna Akopyanı və Ermənistanın vətəndaş cəmiyyətini iki ölkənin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərinə və suverenliyinə uyğun olan, Ermənistan və Azərbaycan arasında surətli və ədalətli sülhün təmin olunmasına yönələn səylərimizə qoşulmaqlarına çağırırıq!”.
Rusiya KİV-in məlumatına görə, Dağlıq Qarabağa səfər edən rusiyalı qadınların sırasına “Vera” Yardım Fondunun prezidenti Nyuta Federmesser, yazıçı Lyudmila Ulutskaya, “Kimsəsiz uşaqlara yardım” Xeyriyyə Fondunun direktoru Yelena Alşanskaya, Qadın Dialoqu Partiyasının sədri Yelena Semerikova, Xeyriyyə Fondunun direktoru Olqa Şilova, Dövlət Dumasının deputatı Svetlana Jurova, jurnalistlər Kira Altman və Katerina Qordeyeva daxildir.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.