Rusiyalı siyasi şərhçi Sergey Markov öz ölkəsində “xarici agent” elan olunub.
Rusiya Ədliyyə Nazirliyinin saytındakı məlumatda bildirilir ki, Markov “xarici agent” və ya “arzuolunmaz” şəxslər və təşkilatlarla bağlı məlumatları hazırlayıb yaydığı, həmçinin xarici media orqanlarına müsahibələr verdiyi üçün bu siyahıya daxil edilib.
İndiyə qədər Markov hökumətyönlü mövqeyi ilə tanınıb. O, 2007–2011-ci illərdə Dövlət Dumasının deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü olub. 2012-ci ildə Vladimir Putinin prezidentliyə namizədliyinin etibarlı nümayəndəsi olub. 2018-ci ildə Ukraynada, 2022-ci ildə isə Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kanadada sanksiyalar siyahısına salınıb.
Kremlə yaxın olan jurnalist Aleksandr Yunaşev “Telegram” kanalında yazıb ki, Markov bu siyahıya ötən ay Şuşada keçirilən media forumunda prezident İlham Əliyevi “parlaq intellekt”, “çox təcrübəli müasir lider” və “qələbəni tam bərpa etmiş ölkənin lideri” adlandırdığı üçün salınıb.
“Həmin tədbirdə Azərbaycan rəhbəri Rusiyanı tənqid etmişdi. Eyni zamanda da Ukrayna milli batalyonlarının şevronlar (rütbə nişanı) kolleksiyasını hədiyyə olaraq qəbul etmişdi. Məhz bu hədiyyənin təqdimatında gülən Markov da fotoda görünmüşdür”, – Yunaşev yazıb.
Siyasi şərhçinin Şuşadakı çıxışı həmin vaxt Rusiyada tənqidlə qarşılandı.
Hərbi müxbir Aleksandr Kots Markovun çıxışını Moskva və Bakı arasında münasibətlərin gərginləşdiyi vaxtda “iyrənc” adlandırdı.
Yazıçı Roman Antonovski isə politoloqun “xarici agent” kimi tanınmasını tələb etdi.
“Alex Parker Returns” “Telegram” kanalı isə “Markov Rusiyaya qarşı informasiya müharibəsi aparan xarici qüvvələrlə əlbirdir, azərbaycanlılardan pul alaraq onların mövqeyini təbliğ edir”, – yazdı.
Markov isə həm Ədliyyə Nazirliyinin qərarı, həm də haqqında deyilənlərlə razılaşmır və deyir ki, 25 ildir Vladimir Putinin siyasətini dəstəkləyir.
“Hazırda informasiya fırtınası altındayam. Bunun yarısı yalandır, inanmayın. Baş verənlərə görə ölkəni tərk etməyəcəyəm. Rusiya mənim sevimli vətənimdir və mən həmişə Rusiyanın yanındayam. Vladimir Putinin siyasətini dəstəkləməyə davam edəcəyəm. Mən Rusiya hökumətinin bütün hərəkətlərinin legitimliyini tanıyıram. Problemləri qanun çərçivəsində həll edəcəyəm, amma biz dövləti məhkəməyə verməyəcəyik”.
Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib.
2025-ci il ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb.