Rusiyalı generalın raket hücumu zamanı həlak olduğu bildirilir

Sergey Qoryaçov. Foto: mil.ru

Qoryaçov 35-ci birləşmiş ordu qərargahının rəisi olub

Ukraynanın Zaporojye vilayətində Rusiyanın 35-ci birləşmiş ordu qərargahının rəisi, general-mayor Sergey Qoryaçovun öldürüldüyü deyilir.

Məlumatı iyunun 13-də rusiyalı müxbir Yuri Kotenok “Telegram” kanalında yayıb.

Y.Kotenokun sözlərinə görə, Qoryaçov raket hücumu zamanı həlak olub.

S.Qoryaçev hərbi fəaliyyətinə Hava Qüvvələrində başlayıb.

O, Dnestryanıda Rusiya hərbi kontingentinin rəhbəri olub, Tacikistandakı 201-ci hərbi bazaya və Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə o, 5-ci əlahiddə tank briqadasının komandiri vəzifəsində çalışıb, daha sonra 35-ci birləşmiş ordu komandirinin müavini vəzifəsinə yüksəlib, ardınca qərargah rəisi olub.

Rusiya Müdafiə Nazirliyi zabitin həlak olması ilə bağlı xəbərə hələ ki reaksiya verməyib.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaRusiyalı generalın raket hücumu zamanı həlak olduğu bildirilir