Tofiq Abbasov: Azərbaycanda antisemitizmin ənənəsi yoxdur
Oktyabrın 29-da İsrail Türkiyədəki diplomatik heyətini Ankarayla münasibətləri yenidən qiymətləndirmək üçün geri çağırıb. İsrailin xarici işlər naziri Eli Koen bu qərara səbəb kimi Türkiyənin siyasi rəhbərliyinin, xüsusən də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün belə addım atıldığını bildirib.
Elə həmin gün axşam saatlarında Mahaçqala hava limanı “İsraildən olan qaçqınları” axtaranlar tərəfindən ələ keçirilib. İnsanlar hava limanından çıxan avtomobillərin pasportlarını yoxlayaraq Təl-Əvivdən gələn təyyarəyə minməyə cəhd ediblər. 20-dən çox insan yaralanıb, hava limanı dağıdılıb.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 31-də Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə iğtişaşlara “əsasən Qərb ölkələrinin agentləri vasitəsilə Ukrayna ərazisindən ilhamlanıb” deyə qiymət verib.
Ukrayna rəsmi orqanları Rusiya prezidentinin ittihamlarına hələ reaksiya verməyib.
Antropoloq və Şimali Qafqaz üzrə mütəxəssis Denis Sokolov “Novoya qazeta”ya müsahibəsində deyib ki, baş verənlərə sırf Dağıstana aid bir növ kütləvi etiraz kimi yanaşmır:
“Sadəcə olaraq, burada hava limanının bloklanmasının moderatoru “Dağıstanın səhəri” “Telegram” kanalının təqdim etdiyi təşkilati resurs işə düşdü və bu, səlahiyyətlilərin razılığı və Ruhani İdarənin dolayı təşviqi ilə oldu. Çünki iğtişaşlarda iştirak edən gənclər “Dağıstanın səhəri”nin sözlərini təkrarladılar: “Yəhudilər aramızda yaşamayacaq””.
Denis Sokolov hesab edir ki, Dağıstanda cəmiyyət illərdir repressiyalarla əzilir:
“Üstəlik, siyasi rəqabət və vətəndaş fəallığı dini ekstremizm və terrorizm kimi yatırıldı. İkinci Çeçenistan Müharibəsi başa çatdıqdan sonra, həm yerli hakimiyyət orqanları, həm Ruhani İdarə, həm də federal hakimiyyət orqanları Dağıstanın sələfi icmaları ilə praktiki olaraq müharibəyə başladılar. Bir çox müsəlman ayrı-seçkiliyə məruz qaldı, Gimri kimi kəndlər daimi təmizlik və hətta məcburi köçürmə şəraitində yaşayırdılar. Bu kəndin onlarla gənci öldürüldü, onlarla ailə mühacirətə getməyə məcbur oldu. Tədricən silahlılar mütəşəkkil cinayətkarlıq funksiyalarını yerinə yetirməyə başladı ki, bu, Moskva üçün çox əlverişli vasitə idi, çünki Şimali Qafqazda bütün hərəkətlər terrorizm və ekstremizmlə mübarizə ilə əsaslandırılırdı”.
Onun fikrincə, Vladimir Putinin Fələstin-İsrail münaqişəsinə verdiyi qiymətlər də son hadisələrdə mühüm rol oynayıb:
“Prinsipcə, heç bir müsəlman, o cümlədən Ruhani İdarənin nümayəndələri İsrailin tərəfini tuta bilməz. Baxmayaraq ki, Rusiya hakimiyyətinin bu vəziyyətdən nə dərəcədə səmərəli istifadə edə biləcəyini hələ də anlamıram. İndi hakimiyyət dünənə qədər Moskvanın əleyhdarları olan müsəlmanları öz tərəflərinə çəkməyə və səfərbər etməyə çalışır. Bunlar Rusiyanı tərk edən və hazırda Türkiyədə, Yaxın Şərqdə və Avropada olan dini dissidentlərdir. Rusiya hakimiyyəti bu müsəlmanları praktiki olaraq Ukrayna və Qərbin düşməninə çevirir, çünki Qərb və Ukrayna İsrailin tərəfindədir”.
Amma ekspert bunun düşünülmüş siyasət olduğuna əmin deyil:
“Bütün bu hekayə Putin və onun ətrafı tərəfindən “İslam cəbhəsi” yaratmaq üçün istifadə olunur. Putin rejimi üçün müsəlmanlar indi çox cazibədar mövzudur: onlar İsrailin tərəfində ola bilməzlər, yəni Ukrayna və Qərbin tərəfində ola bilməzlər” .
NATO-nun Strateji Kommunikasiyalar Sahəsində Qabaqcıl Təcrübə Mərkəzinin direktoru Yanis Sarts Ukrayna mediasına deyib ki, Mahaçqala hadisələrini Ukrayna müharibəsi nəticəsində Rusiya cəmiyyətinin radikallaşmasının təzahürlərindən biridir.
Sarts Rusiya mətbuatının ukraynalılara, Qərbə və İsrailə qarşı nifrət doğurduğunu xatırladıb və şimal ölkənin Ukraynaya genişmiqyaslı işğalı zamanı döyüşlərdə ölən rus əsgərlərinin çoxunun Dağıstandan olduğunu qeyd edib.
Çeçenistan rəhbəri Ramzan Kadırov Mahaçqala hava limanında törədilənləri qəbuledilməz adlandırıb və Fələstinə dəstək verən hər kəsin həbs edilməsini əmr edib:
“Rusiyanın düşmənlərinin ardınca gedə və vəziyyəti içəridən sarsıda bilməzsiniz. Yəhudi millətindən olan insanları axtarmaq üçün mitinqlər keçirə, hava limanlarını dağıda və zorakılığa çağıra bilməzsiniz”, – deyə Kadırov əlavə edib.
Maraqlı bir sual yaranır, iğtişaşı təşkil edən qüvvələr niyə Dağıstanın yəhudi mənşəli prokuroru Epp Viktor İsaakoviçə etiraz etmirlər?
Mahaçqala iğtişaşlarının, Türkiyədə və digər müsəlman ölkələrində İsrailə qarşı sərt və antisemit çıxışların Azərbaycanda da mümkünlüyü sualı aktuallaşır.
Siyasi şərhçi Tofiq Abbasov Azərbaycanda antisemitizmin mümkün olmasını istisna edib.
Onun fikrincə, Azərbaycanda antisemitizmin ənənəsi yoxdur:
“Bu, çox mənfi ənənədir. Türkiyədə də antisemitizm yoxdur. Orta əsrlərdə İspaniyada, Portuqaliyada və digər Avropa ölkələrində yəhudilər təzyiqlərə məruz qalanda Osmanlı sultanları onlara sığınacaq verirdi. Yəni antisemitizm dövlətlərarası münasibətlə bağlı deyil, burda ənənələr rol oynayır. Azərbaycanda antisemitizm olmadığından İsraillə münasibətlərə hər hansı təsirdən danışmağa dəyməz. Baxın, Quba rayonunda “Qırmızı qəsəbə”də yəhudilərin azərbaycanlılarla birgə yaşayışına, həmişə yaxşı olub”.
O, Şimali Qafqazdakı hadisələrin kənardan idarə olunduğunu güman edir:
“Rusiya dövlət başçısının dediklərinə gəlincə, onun informasiya kanalları genişdir, əgər Putin Qərbi və Ukraynanı ittiham edirsə, deməli, nəsə olub. Çünki Rusiya-İsrail münasibətlərini pisləşdirmək istəyənlər var”.
Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini bildirib.
Nazir tərəfləri hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırıb.
O, son hadisələr zamanı Yaxın Şərqdə mülki əhali arasında artan itkilərlə bağlı narahatlığını da bölüşüb.
“Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub”, – deyə XİN-in məlumatında bildirilir.
Oktyabrın 7-də 1400 israillinin ölümü ilə nəticələnən HƏMAS hücumundan sonra İsrail həmin silahlıların kökünü kəsməyə söz verib. Bundan sonra İsrailin Qəzzaya hava hücumu başlayıb. Günlərlə sürən bombardman nəticəsində yüzlərlə insanın öldüyü, minlərlə insanın isə ölkəni tərk etdiyi açıqlanıb.
BMT-in son məlumatına görə, Qəzzada ölənlərin 70 faizi qadınlar və uşaqlardır.
Bu günə qədər bölgədə 31 jurnalist həyatını itirib.