Rusiyalı deputat: Dağlıq Qarabağ və 7 rayon qeyri-şərtsiz azad edilməlidir

Rauf Mirqədirov: ”Dmitri Savelyevin açıqlaması siyasi konyukturadır”

Source:
Dmitriy Savelyev
Dmitriy Savelyev


Rauf Mirqədirov: ”Dmitri Savelyevin açıqlaması siyasi konyukturadır”

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində iyulun 1-də “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

Tədbirdə Rusiyanın bir sıra politoloqları və siyasi icmalçıları iştirak edib.

Konfransda Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitri Savelyevin açıqlaması maraq doğurub.

Ümid edirəm ki, Ermənistan müdrik olacaq

Dmitri Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Deputatın sözlərinə görə, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır:

“Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir, Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Hamı Ermənistanın 7 rayonu təkbaşına işğal etmədiyini bilir

Siyasi icmalçı Zərdüşt Əlizadə bildirib ki, hakim “Vahid Rusiya” Partiyasının bir deputatı bu açıqlamı səsləndirirsə, başqa bir deputatı əks yanaşma sərgiləyir.

“Bu, Kremlin məqsədli iş bölgüsüdür. Ancaq bu deputatların Dumada səsvermədən başqa bir səlahiyyəti yoxdur. Rusiyanın xarici və hərbi siyasətini Prezident Aparatı, müdafiə, xarici işlər nazirlikləri və kəşfiyyat orqanları həyata keçirir. Onların fəaliyyəti də Dağlıq Qarabağ münaqişəsini dondurulmuş vəziyyətdə saxlamaqla tərəfləri özlərindən asılı etməkdir. Sadəcə, hakim “Vahid Rusiya” Partiyasının siyasət naminə belə bir açıqlama səsləndirməlidir”.

Siyasi icmalçı düşünür ki, deputatın söylədikləri Ermənistan hakimiyyətinə ismarıcdır.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Yəni özünüzü yığıdırın. Kreml bununla dünyaya Rusiyada plüralizmin olduğunu nümayiş etdirirlər. Baxın, Dağlıq Qarabağ məsələsində rəsmi mövqedən də fərqli yanaşma ola bilər. Beləliklə, Rusiya hakimiyyəti çoxşaxəli siyasət aparır, həm imic yaradır, həm də real gerçəkləşdirdikləri siyasətə zərrə qədər də zərər vermirlər”.

Z.Əlizadə vurğulayıb ki, hamı Ermənistanın 7 rayonu təkbaşına işğal etmədiyini bilir.

“O zaman Azərbaycanda hakimiyyət uğrunda döyüş gedirdi, ulu öndər də işğal edilən rayonun günahını artıq can üstə olan AXC iqtidarının üzərinə qoyurdu. Hazırda çox mürəkkəb razılaşmış oyun gedir və bu oyun münaqişənin dondurulmasına xidmət edir”.

Rusiyanın xarici siyasətini Vladimir Putin müəyyənləşdirir

Hazırda mühacir həyatı yaşayan, siyasi icmalçı Rauf Mirqədirov Rusiya Dövlət Dumasının rəsmisi Jirinovskinin Azərbaycan və Türkiyə haqda biabırçı bəyanatlarını xatırladaraq bildirdi ki, ancaq bu adam sonradan ölkəmizə səfər edib tamamilə əks bəyanatlar verdi.

“Bu baxımdan Dmitri Savelyevin açıqlaması da siyasi konyukturadır və heç bir mühüm strateji əhəmiyyəti yoxdur. Konyuktura isə hakimiyyətdə olan şəxslərin maraqlarından doğan qısamüddətli alyansların yaranmasından irəli gəlir”.

İcmalçı sözlərinə sübut kimi, Rusiya-Türkiyə-İran alyansını göstərib.

“Bu alyansın uzunmüddətli perspektivi ona görə yoxdur ki, üç dövlətin Osmanlı və Romanovlar zamanından qalan geopolitik maraq müxtəlifliyi dəyişməyib. Bu iki dövlət heç vaxt dost olmayıb”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov bildirib ki, Dmitri Savelyevin rəsmi vəzifəsi yoxdur, həm də Rusiyanın xarici siyasətini Vladimir Putin müəyyənləşdirdiyindən ayrı-ayrı fərdlərin dediklərinə xüsusi önəm vermək lazım deyil.

“Dmitri Savelyev deyəndə ki, Ermənistan Dağlıq Qarabağı və 7 rayonu azad etməlidir, məgər, bir həftəyə ərazilər boşaldılacaq? Bəli, Rusiyanın buna nail olmaq imkanları var. Məsələ ondadır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Rusiyadan gələn bütün tapşırıqlar yerinə yetirilir. Adi bir misal, Nikol Paşinyanın 1 il əvvəlki bəyanatları ilə Baş nazir seçildikdən sonrakı açlıqlamalarına baxmaq kifayətdir. Adam artıq rusiyayönümlü yanaşmalar yayır”.

Ana səhifəXəbərlərRusiyalı deputat: Dağlıq Qarabağ və 7 rayon qeyri-şərtsiz azad edilməlidir