Rusiyalı biznesmen “Dağlıq Qarabağ”a dövlət naziri təyin olunacağını deyir

Telegram

Ruben Vardanyan ayyarımdır bölgədə görüşlər keçirdiyini vurğulayır

Keçmiş rusiyalı biznesmen Ruben Vardanyan noyabrın əvvəlində tanınmamış “Dağlıq Qarabağ Respublikası“nın (DQR) dövlət naziri (baş nazir) təyin olunacağı açıqlayıb.

Bu barədə R.Vardanyan “Telegram” kanalında paylaşım edib.

R.Vardanyan əlavə edib ki, ötən ayyarımda o, bölgənin sakinləri, onun siyasi və ictimai xadimləri, müxtəlif ərazilərin və sosial qrupların nümayəndələri ilə görüşüb.

“Bu görüşlər məni inandırdı ki, insanlar mənim “Artsax Respublikası“nın (Ermənilər Dağlıq Qarabağı belə adlandırır- red) dövlət naziri vəzifəsinə namizədliyimi dəstəkləyir. Onlar məni bütün sağlam qüvvələri öz ətrafında birləşdirəcək və liderlik edəcək məsuliyyətli lider kimi görmək istəyirlər”, – deyə o qeyd edib.

2022-ci ilin sentyabrın 2-də rusiyalı, erməni əsilli sahibkar Ruben Vardanyan Qarabağa köçəcəyini və Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.

Bu barədə erməni sahibkar sentyabrın 1-də “YouTube”da yaydığı videomüraciətində danışmışdı.

1968-ci ildə Ermənistanda doğulan Ruben Vardanyan “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, “Skolkovo” biznes məktəbinin təsisçisidir.

2021-ci ildə “Forbes” jurnalı ilk dəfə onun var-dövlətini 1 milyard dollar olaraq qiymətləndirib.

R.Vardanyan Rusiyadakı aktivlərini ailə fonduna keçirəcəyini bildirib.

2019-cu ilin martında OCCRP “Troyka Dialoq” ofşor şirkətləri sistemi haqqında araşdırma nəticələrini dərc edib.

Bu şirkətlər vasitəsilə Rusiyanın ən nüfuzlu insanlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə gizlicə pul köçürülürdü.

2006-2013-cü illərdə bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib.

Bundan sonra Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı sanksiya tətbiq edilməsini tələb ediblər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəXəbərlərRusiyalı biznesmen “Dağlıq Qarabağ”a dövlət naziri təyin olunacağını deyir