“Eyhamların arxasında siyasi qüvvələr durur”
Avqustun 17-də Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.
Səfirlik Ermənistan mətbuatında “Surmalu” Ticarət Mərkəzinin yanması ilə əlaqədar Rusiya strukturlarına qarşı yazılanlardan hiddətləndiyini bildirib.
“Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan belə eyhamların arxasında siyasi qüvvələr durur. Bu, təxribatdır”.
Səfirlik Ermənistan hakimiyyətindən addımlar gözlədiyini vurğulayıb:
“Ermənistan belə qeyri-dost təzahürlərin qarşısını alan addımlar atılmalıdır. Həmçinin lazımi ictimai şərhlər də verilməlidir”.
Avqustun 14-də Ermənistanın paytaxtı Yerevan şəhərindəki “Surmalu” Ticarət Mərkəzində partlayış baş verib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatında ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfərin öldüyü bildirilir. Onlardan birinin kimliyi bəlli deyil. İki nəfər isə itkin düşmüş hesab olunur.