“Rusiyadakı aksiyalar Putin iqtidarına təhlükə yaradacaq həddə çatmayıb”

“O çox qoca kişi, o oğru öz bunkerində oturub qorxusundan titrəyir”

Source: Specify Source


Siyasi fəal: “Hazırda əsas amil ABŞ-dakı hakimiyyət dəyişikliyi və Rusiyanın böyük dostu Trampın hakimiyyətdən getməsidir”

Yanvarın 23-dən etibarən Rusiyanın Moskva və Sankt-Peterburq da daxil olmaqla 60-dan çox şəhərində etiraz aksiyaları başlanıb.

Etirazçılar yanvarın 17-si Almaniyadan Rusiyaya qayıdarkən Moskva aeroportunda saxlanılan müxalifət lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edir.

Rusiyanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, keçirilən aksiyalarda 4 min nəfər iştirak edib.

Müxalifət nümayəndələri isə hesab edir ki, aksiyalarda 100 min nəfərdən çox etirazçı iştirak edib. Aksiyaların yanvarın 31-də davam etdiriləcəyi planlaşdırılır.

Aksiyalar zamanı polislə etiraçılar arasında qarşıdurma yaşandığı, polisin zor tətbiq etdiyi müşahidə olunub.

Qeyri-rəsmi mənbələr iddia edir ki, aksiyalar zamanı 3 mindən çox iştirakçı polis tərəfindən saxlanılıb. Onların arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da olduğu deyilir.


"Ruslar çətinliklərə alışmış xalqdır…”

Siyasi şərhçi Yadigar Sadıqlı hesab edir ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və pandemiya üzündən ölkədə həyat səviyyəsi xeyli aşağı düşüb.

"Ruslar çətinliklərə alışmış xalqdır. Onların bir çoxu ömür boyu belə çətinliklərlə, məhdudiyyətlərlə yaşamağa hazırdır, təki Rusiya yenə fövqəldövlət olsun, dünyada Rusiyadan qorxsunlar, dünyanın ən böyük dövlətinin ərazisi bir az da böyüsün. Amma görəndə ki, həmin çətinliklər yalnız aşağılara aiddir, yuxarılar isə ağlagəlməz sərvət toplamaqda davam edirlər, belə vəziyyət həmin insanların əhvalına təsir etməyə bilməz", – Yadigar Sadıqlı deyir.

1578837123_1.jpg
Yadigar Sadıqlı

“Nida” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər deyir ki, Rusiya cəmiyyəti 20 ildir hakimiyyətdə olan Putindən yorulmağa başlayıb.

"Navalnı artıq bir neçə ildir ən aktiv və ən maraqlı müxalifət lideri kimi tanınır. Yəqin ki, ən populyar liderdir. Apardığı araşdırmalar, zəhərlənməsi, daha sonra həbs təhlükəsinə baxmayaraq ölkəyə qayıtmağı şok effekti yaratdı. Ən sonda Navalnının başına gətirilən ədalətsizliklər Rusiya cəmiyyətindəki həm sıravi şəxsləri, həm indiyə qədər danışmayan qrupları – idmançıları, sənət adamlarını və digər qrupları hiddətləndirdi. Lakin aksiyaların hazırki durumu ilə bağlı onu demək olar ki, hələ Putin iqtidarına qarşı təhlükə yaradacaq həddə çatmayıb", – Turqut Qəmbər deyib.


"Rusiyada baş tutan aksiyalar, təbii ki, önəmli hadisədir, amma iqtidara təhdid yaradacaq həddə deyil"

"Hazırda əsas amil ABŞ-dakı hakimiyyət dəyişikliyi və Rusiyanın böyük dostu Trampın hakimiyyətdən getməsidir. Navalnı ilə bağlı qərara bu amil daha çox təsir göstərə bilər", – Yadigar Sadıqlı deyir.

"Eyni dərəcədə imperialist, millətçi ritorikaya malikdir"

Aleksey Navalnı hakimiyyətə ən şanslı namizədlər arasında göstərildiyi üçün əgər iqtidara gələrsə xarici siyasətdə hansı yolu izləyəcəyi, postsovet ölkələrinə və ABŞ-a münasibətinin necə olacağı müzakirə mövzusudur. Bir çoxu hesab edir ki, Navalnı prezident seçilərsə, Rusiyanın xarici siyasətində dəyişikliklər olacaq. Yadigar Sadıqlı hesab edir ki, Navalnının iqtidara gəlməsini müzakirə etmək hadisələri qabaqlamaqdır. Lakin o, Navalnının xarici siyasətlə bağlı indiki iqtidardan fərqli mövqe sərgiləmədiyini də bildirir.

Turqut Qəmbər
Turqut Qəmbər

Tuqut Qəmbər isə düşünür ki, Putindən sonra hakimiyyətə liberal-demokrat siyasətçi gəlsə, onun qədər aqressiv olmayacaq.

"Hazırda bunu demək tez olsa da, əgər hadisələr Putinin hakimiyyətdən getməyi ilə nəticələnərsə, Navalnı ən şanslı namizəd olacaq. Düşünürəm ki, Navalnı Putinin aqressiv, ekspansiyonist siyasətini davam etdirməyəcək. Çünki Rusiyanın hazırki iqtisadi vəziyyəti buna qadir deyil. Qərblə münasibəti düzəltməyə çalışacaq. Lakin Navalnı keçmişdə Krımın ilhaqına haqq qazandırıb və nəzərə alsaq ki, sanksiyalar bundan sonra başlayıb, bu məsələnin necə çözüləcəyi çox da aydın deyil. Təbii olaraq qonşu ölkələrdə öz maraqlarını həyata keçirtməyə çalışacaq bundan sonra da. Putinəqədərki qismən demokratik olan Yeltsin hakimiyyətinin qonşu ölkələrdən əl çəkmədiyi bizə məlumdur. Həm dondurulmuş münaqişələr, həm də siyasi təzyiq vasitəsilə bu ölkələri nəzarətdə saxladığını bilirik".

Yadigar Sadıqlı hesab edir ki, Navalnı barəsində həbs-qətiimkan tədbiri seçildiyi üçün Rusiya hökuməti bu məslədə manevr edə bilər.

Turqut Qəmbər isə deyir ki, avtoritar rejimlər, onların rəhbərləri hər hansı bir təzyiq qarşısında hansısa addımları atmağı geri addım atmaq kimi, təslim olmaq kimi başa düşürlər və bu, onların həmin toxunulmaz, güclü olmasına dair illüziyaya zərbə vura bilər. O, Putinin keçmişdə Xadarkovskini bir neçə il həbsdə saxladığını xatırladır.

"Putin sona qədər, bacardığı qədər Navalnını həbsdən buraxmamaq siyasətini davam edəcək. İndi görək bu hara qədər mümkün olacaq. Amma an etibarilə bu həm bazar günü olan aksiyalara, həm sosial şəbəkələrdə verilən reaksiyalara qarşı Rusiya hakimiyyətindən, Putindən elə bir mövqe görməmişik ki, sanki tezliklə Navalnının həbsdən buraxılması ehtimal kimi görünsün", – “Nida” üzvü qeyd edib.

Rusiyada yanvarın 17-də Şeremetyevo hava limanında saxlanmış müxalifətçi Aleksey Navalnı 30 sutkalıq həbs edilib.

Navalnının vəkili Vadim Kobzev yanvarın 18-də deyib ki, onu federal cəzaların icrası xidmətinin vəsatəti ilə saxlayıblar. Məhkəmə Moskva yaxınlığındakı Ximki şəhərinin polis idarəsində keçirilib. Məhkəmənin olacağı barədə məlumatı nə Navalnıya, nə də vəkillərinə veriblər. Amma vəkillər məhkəmə prosesinə buraxılıb.

fe824fba35ee31ea714ec7e641f37336-full.jpg
V.Putin və A.Navalnı

Cəzaların İcrası Xidməti bundan əvvəl bildirmişdi ki, Navalnı onun barəsində 2014-cü ildə çıxarılmış şərti cəzanın həbs-qətimkan tədbiri ilə əvəzlənməsinə görə saxlanıb.

Yanvarın 29-da Navalnının daha bir məhkəməsi olacaq.

Navalnı həbsi ilə əlaqədar videonu “YouTube” kanalında dərc edib:

“O çox qoca kişi, o oğru öz bunkerində oturub qorxusundan titrəyir. Onlar qorxurlar, ona görə də hər şeyi belə tələsik, gizlicə və oğrucasına edirlər. Onlar qorxduqlarına görə məni həbs etməyə bu qədər tələsiblər. Sakit dayanmayın, küçələrə çıxın. Bizi özümüzdən başqa heç kim müdafiə etməyəcək. Biz o qədər çoxuq ki, istəsək məqsədimizə nail ola bilərik”.

Navalnının Sankt Peterburqdakı qərargahı yanvarın 23-də ölkə boyunca etiraz aksiyalarına çağırış edib.

Ana səhifəSiyasət“Rusiyadakı aksiyalar Putin iqtidarına təhlükə yaradacaq həddə çatmayıb”