Onların agent olduğunu qeyd etməyənlər 500 min rubl cərimə olunacaqlar
Rusiyada “xarici agent” hesab olunan şəxslərin hazırladığı materiallara qeyd yazmadan yayan üçüncü tərəfə 500 min rubl (5 min 600 dollar) məbləğində cərimə tətbiq ediləcək.
Bununla bağlı ədliyyə naziri Konstantin Çuyçenko noyabrın sonunda əmr imzalayacaq.
Bu haqda ədliyyə nazirinin müavini Oleq Sviridenko məlumat verib.
Nazir müavini deyib ki, cərimələr kitabxanalara, kitablara, universitetlərə, televiziyaya, hətta sıravi şəxslərə də şamil ediləcək:
“Məsələn, hansısa telekanal, cənab Maksim Qalkini göstərir, amma onun xarici agent olduğunu qeyd etməyi unudub. Kitablar da bura aiddir. Hətta sadə vətəndaşlar belə bilərəkdən və ya bilməyərəkdən xarici agentlərlə bağlı paylaşımlarda onların xarici agent olduqlarını qeyd etməsə, cərimələnəcəklər”.
Rusiyada 2012-ci ildən tətbiq olunan qanuna görə, hakimiyyət xaricdən maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını “xarici agent” elan edə bilər.
Rusiya hökumətinə görə, “xarici agent” xaricdən maliyyələşərək ölkənin siyasi fəaliyyətində, həmçinin bəzi məlumatların kütləvi informasiya vasitələrində yayılmasında və ya hərbi məlumatların toplanmasında iştirak edən şəxsdir.
Mövcud qanunvericiliyə əsasən, “xarici agent”ə yardım etməyə görə hüquqi şəxslər 500 min, vətəndaşlar isə 50 min rubladək cərimə edilir. Ancaq “xarici agent”in materiallarının yayılmasının yardım sayılıb-sayılmadığı göstərilmir.