Hazırda 17 nəfər itkin düşmüş hesab olunur
Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən Trend-ə bildiriblər ki, ticarət mərkəzində baş verən yanğın zamanı üç azərbaycanlı ölüb. Onlardan biri qadın, biri yeniyetmə-1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğlu, digəri isə Tağıyev Salam Bəxtiyar oğludur.
Ölən qadının Cəlilabad rayonundan olduğu müəyyənləşib.
Ümumilikdə ölənlərin sayı 14 nəfərə çatıb. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur.
Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib. Binada olan 650 nəfər xilas edilib.
Faktla bağlı cinayət işi başlanıb.