Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb

Baş nazir Medvedev: ”Yeni Dövlət Dumasında ”Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”

Source:


Baş nazir Medvedev: ”Yeni Dövlət Dumasında ”Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlir.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

Deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb.

Dmitri Medvedev
Dmitri Medvedev

Rusiyanın baş naziri Dmitri Medvedev seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının qələbə qazandığını bəyan edib.

“Yeni Dövlət Dumasında “Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”, deyə D.Medvedev bildirib.

2003-cü ildən etibarən Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proporsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçilir. Deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparıb. Ümumilikdə Duma seçkilərinə 6,5 min namizəd qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının federal siyahısında 14 partiya – “Rodina”, “Rusiya Kommunistləri”, “Rusiya Pensiyaçıları”, “Vahid Rusiya”, “Yaşıllar”, “Vətəndaş Platforması”, “Rusiya Liberal Demokrat”, “Xalq Azadlığı Partiyası- PARNAS”, “Rusiya Vətənpərvərləri”, “Artım”, “Vətəndaş Gücü”, “Yabloko”, “Rusiya Federasiyası Kommunist” və “Ədalətli Rusiya” qeydiyyatdan keçib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz “facebook” səhifəsindəki şərhində bildirib ki, parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu. Bu hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq.

Elxan Şahinoğlu

“Bu seçkilərin digər nəticə ondan ibarətdir ki, Rusiyada liberal ideya tam iflasa uğrayıb. Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 vəya 2 faizin həndəvərində nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilmədi. Bu nəticədə özlərinin də günah var, rusiyalı liberallar bizimkilər kimi vahid ideya ətrafında birləşə bilmir, hərə yorğanı öz üzərinə çəkir, nəticədə hamısı qapının arxasında qalır”,-deyə Şahinoğlu fikrini tamamlayıb.

Ana səhifəXəbərlərRusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb