Rusiyada müharibəyə gedənləri aşağılayanlar həbs olunacaq

Source: ТАСС

Vladimir Putin yeni qanun imzalayıb

Rusiya Prezidenti Vladimir Putin qanuna düzəlişləri imzalayıb. Qanuna əsasən müharibə iştirakçılarını, savaşa könüllü gedənləri gözdən salan, aşağılayanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. 

Artıq Dövlət Duması düzəlişləri qəbul edib və Rusiya Cinayət Məcəlləsinin iki maddəsinə dəyişikliyi təsdiqləyib. Bu dəyişiklikdə “saxtakarlıq” və Rusiya ordusunu “nüfuzdan salma” nəzərdə tutulur.

Dəyişikliklə müharibə iştirakçılarını gözdən salmada yarğılananları gözləyən 3 illik həbs cəzası 5 ilə qaldırılıb.

Ağır nəticələrə səbəb olan “saxtakarlığa” görə cəza isə elə 15 il olaraq qalıb.

Ordunu nüfuzdan salma, həmin əməllər sağlamlığa zərər vurduqda və kütləvi iğtişaşlara səbəb verdikdə 5 il yox, 7 il olacaq. 

Qanunvericiliyə edilən bu dəyişiklik “Vaqner PMC”nin yaradıcısı Yevgeni Priqojinin istəyi ilə edilib. Çünki Rusiyada onun hərbi şirkətinin muzdluları könüllülərlə bərabər nüfuza sahibdir.

Eyni zamanda, qanun layihəsinin müəllifləri arasında Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin və onun müavini İrina Yarovaya da var.

“Bu gün həqiqət anıdır. Biz bu gün səngərdə olan, sabah gələcək əsgərlər və zabitlər, ora gedəcək könüllülər haqqında düşünməliyik”, – deyə Vyaçeslav Volodin Dövlət Dumasının plenar iclasda bildirib. 

Əlavə edib ki, silahlı birləşmələrdə olan könüllü, əsgər və zabitlər bilsinlər ki, onlara qarşı yalan və böhtanlar cəzalandırılacaq və hüquqları qanunla qorunur.

Daha öncə Rusiya ordusu, Ukraynadakı müharibə haqqında rəsmi xəbərlərdən kənar məlumat yayanlara qarşı cəza nəzərdə tutulurdu.

Rusiya məhkəmələri müharibəylə bağlı rəsmi məlumatlardan kənar informasiyaları nüfuzdan salan və bilərəkdən yalan yaymaq hesab edir.

Rusiyanın müxtəlif hüquq müdafiəçilərinin zaman-zaman verdikləri məlumatlara görə, Moskva Ukraynaya qarşı müharibəyə başlayandan bəri Rusiyada 450-dən çox insan müharibə mövqeyinə görə cinayət məsuliyyətinə cəlb edilib. 

Hazırda onlardan 100-dən çoxu həbsdədir.

Martın 17-də isə Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court – ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.

Ana səhifəDünyaRusiyada müharibəyə gedənləri aşağılayanlar həbs olunacaq