Rusiya Baş Prokurorluğu növbəti müstəqil nəşrlərin saytlarını bloklayıb.
Martın 16-da məlum olub ki, Baş Prokurorluq Rusiya ərazisində “Kavkazski uzel” nəşrinin saytını bloklayıb. Bu barədə jurnalistlərin bəyanatında deyilir.
“Kavkazski uzel” 2001-ci ildən sizin üçün işləyir. Biz həmişə düzgün və dürüst yazmağa çalışmışıq – Rusiyanın cənubunda, Şimali və Cənubi Qafqazda baş verən hadisələr haqqında. Amma bu gün bizim resurs Baş Prokurorluğun tələbi ilə bloklanıb”, – nəşr yazır. Eyni zamanda redaksiya işlərini davam etdirəcəklərini bildirir.
Bundan başqa məlum olub ki, Rusiya Federasiyasının Baş Prokurorluğunun tələbi ilə Belarusun “Evroradio” nəşrinin saytı Rusiya ərazisində blok olunub. Bu barədə nəşrin teleqram kanalı məlumat yayıb. Bu, həm Belarusda, həm də Rusiyada blok olunan üçüncü Belarus KİV-idir. Daha əvvəl «Zerkalo» və «Naşa Niva» saytları blok olunmuşdu.
«Evroradio» – müstəqil mətbuat orqanı olub, 2020-ci ildəki prezident seçkilərindən sonra Belarusda baş vermiş etirazları fəal şəkildə işıqlandırırdı.
Daha əvvəl Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində Federal Nəzarət Xidmətinin (Roskomnadzor) tələbi ilə Baş Prokurorluq “Dojd” telekanalının və “Exo Moskvı” radiostansiyasının saytlarına qadağa qoymuşdu. “Exo Moskvı” radiostansiyasının Direktorlar Şurası radio və saytın bağlanmasına qərar verərək, sosial şəbəkələrdəki bütün korporativ akkauntlarını qapatdı. “Dojd” telekanalı isə fəaliyyətini müvəqqəti dayandırdığını və “efirə dönəcəklərinə ümid etdiklərini” bildirdi.
Rusiyada «Meduza», «Mediazona», TJ, «Bi-bi-si», Deutsche Welle və onlarla digər KİV və sayt da bloklanıb.