Rusiyada hərbi təyyarə yaşayış binasına çırpılıb

Foto: Reuters

Hadisə nəticəsində həlak olanlar var

Rusiyaya məxsus hərbi təyyarə Ukraynanın cənubunda yerləşən Yeysk şəhərindəki yaşayış binasına çırpılıb.

Hadisə ilə bağlı yayılmış görüntülərdə “Sukhoi Su-34” reaktiv qırıcısının yaşayış binasına çırpıldığı, binanın alovlara qərq olduğu görünür.

“Reuters” hadisə zamanı azı 13 nəfərin həlak olduğunu bildirir.

Rusiya mediası ölənlərdən üçünün uşaq olduğunu bildirib.

Hərbi xəbər kanalı “Zvezda”nın yayımladığı videoda təyyarənin mənzillərə doğru batdığı zaman göyərtəsində partlayışların baş verdiyi görünüb.

Regionun qubernatoru Veniamin Kondratyev bildirib ki, təyyarə səsdən sürətli orta mənzilli qırıcı-bombardmançı “Sukhoi Su-34” olub.

Xəbər agentlikləri fövqəladə hallar rəsmilərinə istinadən ən azı 25 nəfərin yaralandığını bildirib. Pilotun xilas olduğu qeyd edilir.

Rusiya dövlətinə məxsus RİA Xəbər Agentliyi qəzanın hərbi aerodromdan qalxan təyyarənin təlim uçuşu həyata keçirən zaman baş verdiyini bildirib. Agentlik Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib ki, pilotlar mühərrikin havaya qalxarkən alışdığını görüblər.

Rusiyanın ağır cinayətlərlə məşğul olan Dövlət İstintaq Komitəsi cinayət işi açdığını və hadisə yerinə müstəntiqlər göndərdiyini bildirib.

Kreml Prezident Vladimir Putinin məlumatlandırıldığını və zərərçəkənlərə bütün lazımi yardımın göstərilməsini əmr etdiyi haqda məlumat yayıb. Prezident səhiyyə və fövqəladə hallar nazirlərinə bölgəyə uçmaq əmri verib.

“Fövqəladə hallar xidməti artıq yerində işləyir – bütün regional yanğın və xilasetmə qarnizonları yanğının söndürülməsi ilə məşğuldur”, – Yeyskin də daxil olduğu Krasnodar vilayətinin qubernatoru Kondratyev “Telegram” -da yazıb.

O bildirib ki, yanğın doqquz mərtəbəli binada baş verib. “Yanğın bir anda bir neçə mərtəbəni əhatə edib. İlkin olaraq 17 mənzilə ziyan dəyib”, – Kondratyev bildirib.

“Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir. Təcili yardım briqadaları hadisə yerindədir”, – qubernator vurğulayıb.

Ana səhifəDünyaRusiyada hərbi təyyarə yaşayış binasına çırpılıb