Rusiya İstintaq Komitəsi Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun saxlanılmasını təsdiqləyib.
İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko yerli mediaya deyib ki, Kuznetsov rüşvət almaqda şübhəli bilinərək həbs edilib:
“Yuri Kuznetsova qarşı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndi (külli miqdarda rüşvət alma) ilə cinayət işi açılıb”.
İstintaq Komitəsinin məlumatına görə, cinayət işi üzrə Y.Kuznetsovdan 100 milyon rubldan çox pul müsadirə edilib.
Kuznetsov cinayət törətməkdə şübhəli bilinir
Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun saxlanıldığı deyilir.
Bu barədə mayın 14-də rəsmi dövlət agentliyi TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, general-leytenant Yuri Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb:
“İşin istintaqı Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq general barəsində həbs-qətimkan tədbiri seçilib”.
“Kuznetsovun iş yerində, eləcə də evində axtarış aparılsa da, cinayət işinin digər təfərrüatları barədə məlumat verilmir”, – deyə məlumatda əlavə edilib.
Y.Kuznetsov 2010-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bu orqan Müdafiə Nazirliyinin tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğuldur.
Y.Kuznetsov 2023-cü ilin mayında Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu, son 20 gündə Rusiya Müdafiə Nazirliyində ikinci həbsdir.
Aprelin 23-də Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.
Timur İvanova qarşı xüsusilə külli miqdarda (Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi), yəni azı bir milyon rubl rüşvət alma maddəsi irəli sürülüb.
Moskvanın Basmannıy məhkəməsi Timur İvanov haqqında 2 ay müddətində, yəni 23 iyuna qədər həbs qərarı çıxarıb.