Bu gün, iyulun 25-də səhər saatlarında Moskvanın Lujniki rayonunda yerləşən, neft məhsullarının daşınması ilə məşğul olan iri “Railgo” şirkətinin ofisinə hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olub.
Telegram kanallarında yayılan məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təyinatlı qüvvələrin müşayiəti ilə ofisə girərək sənədləri müsadirə edib və işçilərin binada sərbəst hərəkətini müvəqqəti məhdudlaşdırıblar.
Eyni mənbələr bu əməliyyatların şirkətin maliyyə fəaliyyəti və əməliyyatları ilə, eyni zamanda onun qurucusu və sahibi — azərbaycanlı əsilli iş adamı Rəhman Xəlilovun fəaliyyəti ilə bağlı ola biləcəyini ehtimal edirlər. “Railgo” dəmir yolu ilə neft məhsullarının, o cümlədən Azərbaycanın neftinin Qara dəniz limanları vasitəsilə daşınması ilə məşğuldur.
Lakin artıq günorta saatlarında “Railgo” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək axtarışlarla bağlı yayılan məlumatları təkzib ediblər. Onların sözlərinə görə, gün ərzində ofisdə heç bir istintaq hərəkəti həyata keçirilməyib və şirkətin işçiləri adi qaydada fəaliyyət göstəriblər.
“Ofisdə hüquq-mühafizə orqanlarının iştirakı ilə bağlı məlumat həqiqəti əks etdirmir. Biz fəaliyyətimizi adi qaydada davam etdiririk və qanun çərçivəsində dövlət orqanları ilə əməkdaşlığa hazırıq”, – deyə şirkətin mətbuat xidmətinin şərhində bildirilir.
Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
“Railgo” şirkəti neft məhsullarının daşınması bazarında mühüm mövqeyə malikdir və Rusiya ilə yanaşı, xarici dövlət və özəl strukturlarla da əməkdaşlıq edir.