Rusiyada Azərbaycan saytlarına girişin məhdudlaşdırıldığı deyilir

Məhdudiyyətlər əsasən mobil provayderlərdə tətbiq olunur

Bir həftədən çoxdur Rusiyada mobil internet provayderləri üzərindən “az” domeni ilə qeydiyyatdan keçmiş Azərbaycan saytlarına giriş məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bu məhdudiyyət əsasən mobil şəbəkələrdə müşahidə olunur və istifadəçilər Azərbaycan domenli saytlara daxil olmaqda çətinlik çəkirlər.

Məhdudiyyətlər tam şəkildə bütün Rusiya ərazisində deyil, əsasən mobil provayderlərdə tətbiq olunur.

“WiFi” şəbəkəsinə qoşulan cihazlarda problemin olmadığı bildirilir.

Rusiya Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsində nəzarət üzrə Federal Xidməti bununla bağlı hər hansı bir məlumat yaymayıb.

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Bildirilib ki, əsas məqsəd 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirmək olub.

Əməliyyat nəticəsində 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb. Həyatını itirənlər Ziyəddin və Hüseyn Səfərov qardaşlarıdır. Rusiya polisi həmin şəxslərin ürək tutumasından öldüyünü bildirib. Azərbaycan tərəfi isə təkrar ekspertizadan sonra həmin şəxslərin döyülərək öldürüldüyünü bildirib.

Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiyan dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb.

Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.

“Meduza” yazır ki, onlar 7 yox, 10 nəfərdirlər. Aralarında biznesmen, informasiya texnologiyaları mütəxəssisləri və turistlər də var.

Tərəflər baş verənlərlə əlaqədar bir-birinə qarşılıqlı nota veriblər.

Ana səhifəSiyasətRusiyada Azərbaycan saytlarına girişin məhdudlaşdırıldığı deyilir