Rusiya XİN: Əliyevin bəyanatında əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir

”Mariya Zaxarova topu erməni separatçılarına atmaqla Kreml üçün ”Dağlıq Qarabağa muxtariyyat” mövzusunun aktual olmadığına işarə vurub”

Source:
Mariya Zaxarova foto APA
Mariya Zaxarova foto APA


”Mariya Zaxarova topu erməni separatçılarına atmaqla Kreml üçün ”Dağlıq Qarabağa muxtariyyat” mövzusunun aktual olmadığına işarə vurub”

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova oktyabrın 27-də keçirdiyi brifinqdə prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məlum bəyanatının danışıqlar prosesinə təsiri ilə bağlı ona ünvanlanan suala belə cavab verib: “Həmin bəyanatda əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir. Ona görə də tərəflər razılığa gəlməlidir”.

Mariya Zaxarovanın fikirlərini Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu hesab edir ki, Mariya Zaxarova topu erməni separatçılarına atmaqla Kreml üçün “Dağlıq Qarabağa muxtariyyat” mövzusunun aktual olmadığına işarə vurub.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ana səhifəXəbərlərRusiya XİN: Əliyevin bəyanatında əsas açar kəlmə tərəflərin razılığa gəlməsidir