Referendumun sentyabr və ya ilin sonunda keçiriləcəyi planlaşdırılır
Ukraynanın işğal edilən Xerson vilayətində Rusiya qoşunlarının köməyi ilə təyin olunan hakimiyyət regionu Rusiyaya birləşdirmək üçün referenduma hazırlıq görür.
“Ukraynanın cənubundakı ərazilərə nəzarət edən Rusiya qüvvələri indi də işğal olunmuş ərazilərin Rusiyaya inteqrasiyası ilə bağlı referendum keçirmək planlayır”, – Xerson şəhərinin meri bildirib.
İşğalçı qüvvələrin öz merini təyin etmək cəhdlərinə baxmayaraq, Xersonda gündəlik əməliyyatlarını davam etdirən İqor Kolıxayev əlavə edib ki, bu yaxınlarda şəhərdə Rusiya rəsmiləri və onların təyin etdiyi yerli idarəçilər arasında görüş keçirilib.
Həmin görüşdə referendumun nə zaman keçiriləcəyi müzakirə edilib: “Müzakirəsi aparılan referendumla bölgənin Rusiyaya qoşulub-qoşulmayacağına dair səsvermə keçiriləcək. Mən bu görüşdə olmamışam, lakin inzibati binaya 70-dən çox adam toplaşmışdı, bunu bilirəm. Mənə dedilər ki, iclasın tək məqsədi referendum və onun nə vaxt keçiriləcəyi ilə bağlı məsələlərin müzakirəsi olub”.
Kolıxayev qeyd edib ki, hələlik heç bir qərar verilməyib, lakin referendumun keçirilməsi üçün müzakirə olunan iki variant olub. Sentyabrda və ya ilin sonunda keçirilməsi müzakirə edilib.
Moskvanın Zaporojiya və Xerson vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrinin ayrılması ilə bağlı referendum keçirmək planlarını həyata keçirməsi ilə bağlı xəbərlər ilk dəfə yazda ortaya çıxıb.
Həmin məlumatlar Ukrayna qüvvələrinin əks-hücumlarından sonra təxirə salınmışdı.
Rusiyalı qanunvericilər Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojiya inzibati rayonlarından ibarət Rusiya daxilində yeni federal dairənin yaradılması ideyasını irəli sürdükləri üçün bu planlar yenidən güclənir.
Bir müddət öncə bunu Dövlət Dumasının üzvü İqor Kastyukeviç iyunun 7-də Rusiya Prezidenti Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkonun Xerson şəhərinə səfərindən sonra deyib.
Ukraynanın hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Ukrayna məktəblərini öz tədris proqramına keçirməyə məcbur edir.
Bununla yanaşı, Ukrayna mobil telefonlarını Rusiya şəbəkəsinə qoşmaq üçün Rusiya SİM kartları paylayır.
“Rusiya qüvvələri işğal olunmuş Ukraynada bəzi insanlara pasport paylamağa da başlayıb”, – Kolıxayev bunun şahidi olduğunu bidirib.
İyunun 7-də Rusiyanın dəstəklədiyi yeni yerli hökumətin Xersondakı qərargahına yaxın kafenin bombalanması ilə yanaşı, Rusiyanın işğal etdiyi cənubda ukraynalı partizanların bəzi hücumlar həyata keçirməsi barədə də xəbərlər var.
Dükanı hədəf alan partlayış nəticəsində azı 4 nəfər yaralanıb və Rusiya rəsmiləri partlayışı Ukraynada Rusiyanın nəzarətində olan əraziyə “terror hücumu” kimi qiymətləndirib.
Ukrayna ordusunun rəsmisi kafenin Xersondakı Rusiya liderlərinin tez-tez olduğunu deyib.
Ukraynanın cənub əməliyyat komandanlığı həmçinin iddia edib ki, rus qoşunlarına Ukraynanın mütəşəkkil müqavimətinin bir hissəsi olduğuna dair şübhə ilə mülki vətəndaşları atəşə tutmaq və nəzarət-buraxılış məntəqələrində maşınları məhv etmək əmri verilib.
Rusiyanın Ukraynaya hücumu fevralın 24-dən başlayıb.
Ondan 3 gün öncə, fevralın 21-də Moskva qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Rusiya ordusu və separatçıların bölmələri Ukraynanın şərq və cənubunda bir sıra ərazilərini tutub.
Donbasın bir hissəsi və Krım 2014-cü ilin yazından Ukrayna hakimiyyətinin nəzarətində deyil.
Krım nəticələrini beynəlxalq ictimaiyyətin tanınmadığı referendum nəticəsində Rusiyanın bir hissəsi elan olunub.
Moskva ilhaqı “tarixi ədalətin bərpası” adlandırıb.