Sülhəddin Əkbər: ”Moskva-Vaşinqton münasibətləri istər-istəməz pisləşəcək”
Rusiya paytaxtı Moskvada dekabrın 19-da Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclası keçirilib.
Bu barədə “ria.ru” məlumat
yayıb
.
MDB keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat, 8 dekabr 1991-ci ildə yaradılıb. Azərbaycan 24 sentyabr 1993-cü ildən qurumun üzvüdür.
Moskvada keçirilən toplantıda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin ABŞ-ı ittiham edib.
O, iddia edib ki, ABŞ və onun “sözəbaxan müttəfiqləri” Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər.
Sergey Narışkin deyib ki, siyasi rəqiblər tam gücü ilə Birlik ölkələri arasında əməkdaşlığın inkişafına maneə olur:
“Biz, bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olur”.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Sülhəddin Əkbər Meydan TV-yə bildirib ki, Sergey Narışkinin bəyanatı Kremlin ABŞ və müttəfiqlərinin postsovet məkanındakı siyasətindən narahatlıq keçirdiyini göstərir:
“Narışkin bəyanatında bir sıra sahələri də sadalayıb. Bu, siyasi elitaları və maliyyə-iqtisadi sferanı əhatə edir. Görünür, Vaşinqton və müttəfiqləri bu iki sahədə daha aktivdirlər, bu isə Rusiyanın xüsusi xidmət orqanlarının narahatlığına səbəb olur”.
Sülhəddin Əkbərin sözlərinə görə, 2018-ci ildə postsovet məkanında vəziyyət gərginləşəcək:
“Artıq Tramp administrasiyası gec də olsa milli strategiyasını açıqladı və sənəddə başlıca qlobal təhlükə Rusiya göstərilir. Bu, o deməkdir ki, Avropa Birliyi və NATO Rusiyanın özünə, o cümlədən hakim mövqedə olduğu MDB məkanına qarşı aktiv iş aparacaq. Nəzərə alın ki, gələn il Rusiyada prezident seçkiləri keçiriləcək, eyni zamanda, təsdiq olunan sanksiyaların fevralda qüvvəyə minməsi gözlənilir. Fevrala qədər ABŞ-ın icra qurumları sanksiyaya məruz qalacaq Rusiyanın hüquqi və fiziki şəxslərinin siyahısını hazırlayacaq. Bunların ardınca Moskva-Vaşinqton münasibətləri istər-istəməz pisləşəcək və dolayısı ilə Rusiyanın təsir dairəsində olan ölkələrə də təsir edəcək. Azərbaycan da bura daxildir. O baxımdan cari və strateji planda 2018-ci ildə Rusiya və Qərb arasında münasibətlərin gənginləşəcəyi gözlənilir. Bu gərginlik nöqtələrinə Ukraynada, Gürcüstanda, Qara dənizdə hadisələrin inkişafı, Mərkəzi Asiya və nəhayət, Qafqazı aid etmək olar. Son vaxtlar maliyyə-informasiya mübadiləsində şəffaflığın və hesabatlılığın təmin olunmasında addımların atılması gözlənilir. Bu amil Vladimir Putin və onun ətrafını çox narahat edir”.
Sülhəddin Əkbər deyir ki, Ukraynada da BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi planlaşdırılır, eyni zamanda, Vaşinqtonun Kiyevə öldürücü müdafiə silahlarının verilməsi gözlənilir:
“NATO-nun kiber mərkəzinin açılması da dediklərimə daxildir. Bu siyahını uzatmaq da olar. Dolayısı ilə Yaxın Şərq, Şimali Koreya, İran məsələsinə görə Rusiya və ABŞ arasında münasibətlərin gərginləşməsi gözlənilir”.