Rusiya və Qərb…

Hansı qalib gələcək?

Source:
Rail Səfiyev
Rail Səfiyev
Rail Səfiyev – banner
Rail Səfiyev – banner


Moldova cəbhəsi

“Rusiya və Qərb, hansı qalib gələcək?” başlığı altında Rusiyanın yaxın qonşuluğunda, təsir dairəsi altında saxlamaq istədiyi region ölkələrində gedən siyasi proseslərdən danışacaq və bu proseslərə Qərb-Rusiya qarşıdurması fonunda təhlil verməyə çalışacağıq. Beləcə, silsilə məqalələrlə oxucuya Azərbaycana yaxın bölgələr və bizə dolayısı ilə təsir göstərən siyasi hadisələri tanıtmaq istəyirik.


Rusiyanın “Soyuq Müharibəsi”

Ukraynada Rusiyameylli hakimiyyətın dəyişilməsindən sonra, Rusiyanın yaxın ətrafına geostrateji münasibəti dəyişdi. Rusiya öz növbəsində, suveren ölkənin, Ukraynanın ərazisi olan Krımı ilhaq etdi və rəqiblərinə yeri gələrsə, hərbi gücdən istifadə edəcəyini əyani nümayiş etdirdi. Beləliklə, təxminən 20 il sürən nisbi sakitliyin əvəzində indi yenidən Soyuq Müharibə elan olunub. Bu, Rusiya üçün Qərblə qarşıdurma sınağının təzədən başlanması deməkdir. Adına mübaliğə ilə müharibə deyilirsə, onda Rusiya bu müharibəni bir neçə cəbhədə aparmalı olacaq.

Putinin Sovet İttifaqını bərpa planı – Avrasiya İqtisadi İttifaqı – Qazaxstan və Belarusun müstəqil xarici ticarət siyasəti yürütmələri, eləcə də Ukrayna kimi nəhəng iqtisadi gücün ittifaqa cəlb edilmədiyi, digər keçmiş MBD ölkələrinin isə Avropa İttifaqı ilə assosiasiya sazişləri bağladıqları şərtlər daxilində əhəmiyyətsizləşib. Qərbin Rusiyanı aktiv təcrid siyasəti və sanksiyaları bütün post-Sovet məkanında iqtisadi artım tempini aşağı salmaqdan əlavə, həm də bu ölkələrdə maliyyə və sosial böhranların yaranması ilə müşahidə olunur.

Paralellər bizi Sovet İttifaqının dağılması ərəfəsindəki vəziyyətə aparır. Yadımıza salaq, Sovet İttifaqının çökməsi mərkəz Moskvanın imperiya yükünü daşımaqdan imtina etməsindən başladı. İndi yenə də Rusiya maraq dairəsi saydığı ölkələrdə siyasi və sosial vəziyyətin kəskinləşməsində və yaxud da onların Qərbdən üz döndərib, əlaclarını Rusiyada axtarmasında maraqlı deyildir, çünki bu, həmin ölkələrin maliyyə və iqtisadi dəstəklənməsi mənasını verərdi. Əhalisinin “soyuducu və ya televizor” seçimi qarşısında qaldığı və sosial etirazların bu gün-sabah başlanacağı vaxtda Rusiya müttəfiqlərinə əlavə dəstəyə hazır görünmür. Hətta həmsoydaş olduğu Donbas ərazisində Rusiya separatçıları Ukrayna ilə razılaşmağa sövq etdirir.


Moldovada daxili siyasi vəziyyət

Qərblə Rusiyanın arxa planda apardıqları mübarizə meydanlarından biri Moldovadır. Daha doğrusu, Moldova Rusiyanın yaxasını qırağa çəkmək istədiyi ölkələrdən biridir.

Moldovanın daxili siyasi mühiti həddən ziyadə qarmaqarışıqdır. Moldova timsalında Aristotelin demokratiya qorxusuna haqq qazandıra bilərik. Azərbaycanda da tanınan Avropa Şurasının baş katibi Torbyorn Yaqland bu ölkə haqqında (korrupsiya ilə) “zəbt olunmuş ölkə” (captured state) ifadəsini işlətmişdi. Moldova 2016-il Korrupsiya Qavrama İndeksində 168 ölkə arasında 103-cü yeri tutur. Azərbaycanla müqayisədə Moldova ilə Avropa qurumları arasında münasibətlər daha strukturlu və sıxdır. Bu ölkədə Avropa təşkilatlarından olan təmsilçilərin dövlətin aparıcı vəzifələrini tutmalarına qədər presedentlər var. Tez-tez Avropa İttifaqından olan nəzarətçilər ölkəyə gəlir və korrupsiya vəziyyətini araşdırıb tövsiyələr verirlər.

Yəni ölkəyə islahatlar aparmaq üçün beynəlxalq təzyiq və diqqət böyükdür. Həm də Azərbaycandan fərqli olaraq, bu ölkəyə maliyyə yardımları və kreditlər də Beynəlxalq Valyuta Fondu ilə yanaşı Avropa İttifaqı rəhbərliyi ilə danışıqlar yolu ilə aparılır. Bütün bunlarla bərabər, Aİ üzvü, Rumıniya ilə etnik və dil yaxınlığı və iqtisadi bağlılıq da Moldovanın avropalaşma istiqamətində inkişafına müsbət təsirini göstərir. Hazırda ilin skanadlı – 1 milyardlıq bank oğurluğundan ( ölkə büdcəsinin ücdə biri qədər) – sonra beynəlxalq maliyyə qurumları Moldovaya kredit dəstəyini dayandırıblar və korrupsiya ilə mübarizəni, prokurorluq, antikorrupsiya idarəsinin tərəfsizliyini tələb edirlər.

Problem ondadır ki, Moldovada siyasi partiyalar, media, ictimai fikir mübadiləsi, müstəqil mətbuatın olması ilə yanaşı, həmin bu vasitələrlə manipulyativ istifadə edən, görünmək istəməyən qüvvələr vardır və əsl siyasi mübarizə məhz həmin dairələrin təsirilə aparılır. Əslində, bir çox mənada Moldova digər “Şərq Tərəfdaşları” ölkələrini qabaqlayır. Lakin siyasi manipulyatorların demokratiyanın verdiyi faydalı cəhətləri sonda əks tərəfə döndərməsi, islahatların aparılmamasına və Moldovada iki ildən bəri davam edən hakimiyyət böhranları ilə nəticələnir.

Moldova parlamentar respublikadır. Parlamentdə siyasi sferanın bir çox qütbləri təmsil olunub. Bunlara ultra-sağ, Rumıniya ilə birləşmə tərəfdarı olan “unionistlərdən” (əsasən Liberal Partiya) tutmuş, sosialistlər və kommunistlərə qədər partiyalar aiddirlər. 2009-cu ildə Moldovada Avropa meylli qüvvələr kommunistləri hakimiyyətdə əvəz etdilər. İndi Avropa Naminə Alyans hakimiyyətdədir, burada təmsil olunan partiyalar ölkənin gələcəyini Avropada və ya Aİ ilə sıx inteqrasiyada görürlər. Beləcə, Moldovada indi siyasi meydan iki qütbə parçalanıbdır və hakimiyyətdə olanlar və hakimiyyətə gəlmək istəyənlər də siyasi etimad üçün məhz xaricdə kimdən dəstək alacaqlarına ehkam vurmaqdan başlayırlar.

Adlarına kommunistlər deyilsə də, Moldova Kommunist Partiyası tam Rusiyameylli deyildir və Avropa naminə hakimiyyət koalisiyalarına müsbət səs verən partiyadır. Müxalifəti təmsil edən Rusiyaya meylli qüvvələr iki partiya ətrafında cəmləşiblər: sosialistlər və Qazpromda və Rusiya Dəmir Yolları Səhmdər Cəmiyyətində aktivləri olan oliqarx Usatının “Bizim Partiyası” ətrafında. Son etiraz nümayişlərində ruspərəst qüvvələr Rusiya bayraqlarını və Putinin portretlərini moldovan bayrağı ilə əvəzləmişdilər. Onlar da əhali arasında Rusiyaya meyliliyin populyar olmadığını bilirlər. Müşahidəçilərin qənaətincə, Moldovada əgər vaxtından qabaq parlament seçkiləri keçirilərsə, pro-rus partiyalar seçici səslərinin üçdə biri qədərini toplamağa qadirdir. Ancaq onların da ölkəni bu vəziyyətdən necə çıxaracaqları sual altındadır.

Əslində, bizim ölkə ilə müqayisə edilərsə, Moldovada partiyaların siyasi həyatı daha canlıdır, bizim üçün seçkilərdən seçkilərə aktivləşən partiya aktivliyi Moldovada gündəlik həyatın bir hissəsidir. Beləcə, ölkədə əslində konstitutsiya qanunlarına əməl olunması, hakimiyyət bölgüsü, mətbuatla dövlət institutları arasında münasibətlər daha uğurlu təşkil olunub. Hakimiyyətin bir neçə qüvvələr arasında parçalanması nəticəsində həqiqi siyasi mübarizə, parlament və mediada isə əsil siyasi debatlar baş verir.

Lakin Qərbin Şərq Tərəfdaşlığı regionunda qarşılaşdığı birinci problem, Rusiyadan savayı, korrupsiya və oliqarxlaşmış qüvvələrdir. Problem orasındadır ki, bu qüvvələrin nüfuzları Avropaya da sırıyıbdır və orada özlərinə tərəfdaş, həmfikir olanlar, bank yatırımları etməyə vasitəçilik edənlər, oliqarxlara lobbi dəstəyi göstərənlər tapıb.

Adi bir misal çəkim. 2014- cü ilin martında ukraynalı oliqarx Firtaş Amerikanın Federal Təhqiqat Bürosunun göstərişi ilə Vyanada tutuqlananda, 125 milyon avro zəmanət ödəməklə həbsdən

azad olunmuşdu

. Avstriya tarixində bu ən böyük həbsdən azad olunma üçün ödənilən məbləğ idi. Görünür, Avropa əslində region ölkələri üçün inkişaf və demokratiya mənbəyi sayılsa da, real həyatda biznes maraqları əsas idealları üstələyir.

Moldovanın siyasi elitasını təmsil edən fiqurlar – Demokratik Partiyasının vitse-prezidenti Vlad Plaxotnyuk, Liberal Demokratlar Partiyasının keçmiş, hazırda ilin skandalı sayılan bir milyardlıq bank pullarının oğurlanmasında şübhəli bilinən və həbsdə yatan Vlad Filat, kommunistlərin rəhbəri, 2001-2009-cu illərdə Moldovanın prezidenti olmuş Voronin və onun oğlu, biznes pullarını Rusiyada qazanmış Usatı və elə az da maliyə resursları olmayan İqor

Dodondur

. Əslində, bu sıralamada ən böyük resurslar Vlad Plaxotnyuk ilə Vlad Filatın əllərindədir, hər ikisi təxminən 2 milyarda yaxın vəsaitə malikdirlər. Lakin ötən ilin siyasi mübarizəsinin nəticəsində, bu oliqarxlardan biri digərinin vurulmasına nail oldu və indi ölkənin keçmiş baş naziri və əsas partiyalardan birinin rəhbəri Filat siyasi prosesləri dəmir barmaqlıqlar arxasından izləməyə məcburdur.


Plaxotnyuk

Bu Bessarabiya kralı ölkənin əsas söz sahibidir desək, yanılmarıq. Bütün xarici partnyorlar məhz bu şəxslə danışmağa və Moldovanın taleyini onunla müzakirə etməyə cəhd edirlər. Plaxotnyuk Moldovada daxili işlər orqanları, prokurluq, korrupsiya əleyhinə idarə, parlamentdə fraksiyalar, deputatlar, bank və mediyaya (Prime TV) təsir edən yeganə nüfuz sahibi, həm də mediaların dilindən düşməyən mifik obrazdır. Siyasi analitiklər ona “kuklovod” ləqəbini veriblər. Moldova vergi ödəyicilərinin ölkənin üç əsas bankından bir milyard dollar pullarının izinin itirilməsini də Plaxotnyukun adı ilə bağlandırırlar.

Məhz Plaxotnyuka görə artıq neçənci dəfədir, Moldovada bir hökümət digərini əvəzləyir. Sonuncu dəfə Plaxotnyuk 2015-ci il oktyabrında, liberal demokratların nümayəndəsi Valeriy Streletsin rəhbərlik etdiyi hökümətə parlamentin etimadsızlıq göstərməsini

təşkil etdi

. Sonda hətta özünün baş nazir seçilməsini zorla prezident Timoftiyə qəbul etdirəcəkdi, di gəl ki, xalqın yanvar etirazları ona macal vermədi.

Moldovada insanlar bizdən kasıb yaşayırlar. Qazanc dalınca moldovanların işləməyə qabil hissəsi, Avropaya, Rusiyaya (təxminən üç yüz min) üz tuturlar. Lakin xalq etirazları da səngimir, keçən sentyabrdan başlayan “Ləyaqət və Haqq” etiraz dalğaları ölkənin siyasi həyatını silkələdi. Əsasən müstəqil təhlilçilər, qeyri hökümət təşkilatları və media məsullarının liderlik etdiyi bu hərəkat onminlərlə moldovalını paytaxt meydanına çıxarmışdı. Etiraz edənlərin əsas tələbi oğurlanan bir milyard dolların qaytarılması olsa da, sosial etirazlar dalğası tez də söndü, deyəsən, bu halda da manipulyasiya, kontrol mediaları və sifarişli şərhçilər öz sözünü dedi.


Moldova kimi seçəcək?

Rusiya 2014-cü ildən etibarən Avropa Azad Ticarət zonasına daxil olması ilə əlaqədar Moldovanın ixrac məhsullarına embarqo qoyub. Xüsusilə, ənənəvi moldovan məhsulu olan şərabçılıq sektoruna, bu, böyük ziyandır. Həmçinin, Rusiyadakı miqrantların da gəlirləri azalmaqdadır. Yeganə ölkə üçün irəliləyiş Avropa İttifaqı tərəfindən moldovan məhsullarına gömrük rüsumlarının qaldırımasıdır ki, bu da Azad Ticarət Sazişi ilə tənzimlənir və ölkənin ixracat vektorunu Moskavadan indi Brüsselə tərəf yönəldib.

İndi xarici ticarət balansında Avropa ölkələri ilə ticarətin faiz göstəriciləri əvvəlki illəri xeyli üstələmiş və gələcək illərdə daha böyük artım olacağı gözlənilir.

Göründüyü kimi, Rusiya Moldova siyasi arenasında bəlkə də hələ də təsir amillərini əlində saxlaya bilir, ancaq ölkə əhalisi üçün vacib amilləri əlindən buraxmağa məcburdur və sonda bu onunla nəticələnəcək ki, Rusiya ilə olan mədəni bağlar da tamamilə itəcək.

Ana səhifəMənim FikrimcəRusiya və Qərb…