Sülhəddin Əkbər: ”Ermənistanla imzalanan saziş onu göstərir ki, Rusiya bir mərkəzdən idarəçiliyini gücləndirir”
Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub.
“Rusiya Federasiyası hökumətinin Rusiya Federasiyası ilə Ermənistan arasında qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında təklifləri qəbul olunub”, – deyə sənəddə vurğulanıb.
Sazişi Meydan TV-yə şərh edən siyasi icmalçı Sülhəddin Əkbər bildirib ki, Ermənistan Rusiyanın cənub istiqamətindəki hərbi strategiyasının tərkib hissəsidir:
“Rusiya işğal etdiyi həm Abxaziya, həm də Cənubi Osetiyayla birgə hərbi qruplaşmaların yaradılması barədə saziş imzalayıb. Ermənistanla imzalanan saziş onu göstərir ki, Rusiya cənub istiqamətində hərbi qüvvələrinin struktur baxımından təkmilləşdirilməsini aparır və bir mərkəzdən idarəçiliyini gücləndirir. Kreml həm Abxaziyada, həm Cənubi Osetiyada və həm də Ermənistanda olan qruplaşmalarını yerli qüvvələrlə birgə bir mərkəzdən idarə edir. Bu isə Vladimir Putinə Cənubi Qafqazda, Xəzərdə, eyni zamanda, Qara dəniz regionunda daha çevik hərəkət etməyə imkan yaradır.
O, imzalanan sazişin Azərbaycana qarşı olduğunu söyləyib: “Moskva Azərbaycana qarşı vəkalət müharibəsi aparır, Ermənistanla dondurulmuş hərbi münaqişənin arxasında Kreml dayanır. Ona görə Ermənistanın regionda güclənməsi yönündə atılan hər bir addım dolayısıyla Azərbaycana qarşıdır”.
S.Əkbər hesab edir ki, artıq qlobal qarşıdurma regionda həlledici mərhələyə qədəm qoyub və bu, postsovet məkanında şiddətli toqquşmalarla nəticələnəcək. Çünki geopolitik qarşıdurmada bir tərəfdə ABŞ, NATO və Avropa Birliyi dayanırsa, digər tərəfdə Rusiya durur. Əsas rol oynayan isə Rusiya, Çin və İrandır:
“O baxımdan qarşıdurma şiddətləndikcə, Rusiyanın güclü olduğu məkanda daha şiddətli proseslər gedəcək. Söhbət 3 istiqamətdən gedir: böhranlı durum, münaqişə və müharibə. Hazırda postsovet məkanında üç sınma xətti gedir, Baltik-Qara dəniz xətti, GUAM və Mərkəzi Asiya. Azərbaycana hər üçü təsir edir, amma GUAM xətti birbaşa təsirini göstərir. GUAM-da Dnestryanı, Krım, Donbass, Cənubi Osertiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri var”.