“Ermənistanın istəkləri Rusiyanın maraqlarından uzaqdır”
Vladimir Putin Rusiya və Ermənistan arasında birgə hərbi birləşmələrin yaradılması haqda 2016-cı ilin noyabrında imzalanan sazişi təsdiqləyib. Dövlət Duması sazişi bir ay əvvəl ratifikasiya etmişdi.
Məlumatı Rusiyanın “gazeta.ru” saytı yayıb.
Konfliktoloq Elxan Mehdiyev hesab edir ki, bu məsələdə Azərbaycanın cavab addımı atmaq imkanı yoxdur:
“Saziş Rusiyanın Ermənistandakı hərbi bazasına hər hansı zərər vurmasına qarşı birgə əməkdaşlığın hüquqi əsaslarını ehtiva edir. İkinci Rusiya-Ermənistan birgə hərbi qüvvələr söhbəti yeni deyil, sadəcə, bu il sənədləşdirildi. Sənəd Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmaq üçün yox, Rusiyanın Ermənistandakı maraqlarına hər hansı gözlənilən təhlükəyə qarşı yönəlib”.
Elxan Mehdiyev düşünmür ki, sazişin iyulun 27-də imzalanmasının Əliyev və Putinin Soçi görüşü ilə əlaqəsi var. Çünki 2016-cı ilin noyabrında iki ölkə arasında razılaşma əldə olunub, iyunda isə parlamentarilər ratifikasiya edib. Həm də Soçi görüşü haqda ümumi məlumat var, detallar bilinmir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sazişin hərbi məsələlərdən daha çox Ermənistanın daxili siyasətinə aid sənəd olduğunu düşünür:
“Çünki sazişin məqsədi Ermənistan ictimaiyyətinə təhlükəsizliklərini Rusiyanın təmin etməsi siqnalını çatdırmaqdır. Dağlıq Qarabağ probleminə gəlincə, Rusiya dəfələrlə münaqişənin Ermənistanın təhlükəsizliyinə aid olmadığını qeyd edib. Bu baxımdan Moskva yaxın günlərdə məsələ ilə bağlı açıqlama verə bilər”.
Tofiq Zülfüqarlı deyib ki, hərbi elementlərə diqqət yetirdikdə, birləşməyə Ermənistanın IV korpusu və Rusiyada yerləşən hərbi bazaların daxil olduğu məlum olacaq.
IV korpus Ermənistanın paytaxtında yerləşir və məqsədi Türkiyə ilə sərhədlərin hərbi təhlükəsizliyini təmin etməkdir. Belə olanda Putinin imzaladığı sazişin Dağlıq Qarabağa hərbi cəhətdən birbaşa aidiyyatı yoxdur.
Sabiq nazirin sözlərinə görə, Ermənistan bütün vasitələrlə Rusiyanı hərbi məsələlərə, xüsusən münaqişədə iştiraka cəlb etməyə çalışır. Çünki Ermənistan Azərbaycanla hərbi tarazlığını təmin etməyə heç bir imkanı olmadığını anlayır. Bunu aradan qaldırmaq üçün Rusiyanın qoşunlarını münaqişəyə cəlb etməyə çalışır.
Təbii ki, Ermənistanın istəkləri Rusiyanın maraqlarından uzaqdır, səbəb də şimal ölkənin sərhədləri yaxınlığında gərginlik zonasının yaranması və qoşunlarının iştirakını istəməməsidir.
Ancaq Tofiq Zülfüqarov prezidentlərin Soçi görüşündə sadaladığı məsələlərin müzakirə olunduğunu düşünür:
“Rusiya ekspertlərinin çıxışına əsaslanıb yaxınlarda Putinin Sarkisyanla görüşəcəyini istisna etmirəm, o zaman bir çox məsələlərə aydınlıq gətiriləcək”.