Rusiya və Azərbaycanın xarici işlər nazirləri bloklanan saytlardan danışıb

S.Lavrov-C.Bayramov. Mənbə: XİN

“İnformasiya azadlığı bir-birimizin qanunlarına hörmət əsasında olmalıdır”

“Azərbaycanın media resursu Rusiyada blok edilib. Bu ayın əvvəlində isə Rusiyanın dövlət agentliyi “Ria Novosti” Azərbaycanda bloklanıb. Bu, hamımızı narahat edir. Bugünkü müzakirələrdə də bu məsələyə toxunulub. Qərara gəlindi ki, bu cür nəticələri aradan qaldırmaqdansa, belə halların qarşısını almaq üçün stimullaşdırıcı mexanizmlər işləyək”.

İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərdir.

Sergey Lavrov isə deyib ki, yaranmış durumu iyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə də müzakirə edib. Qərara gəliblər ki, informasiya azadlığı bir-birlərinin qanunlarına hörmət əsasında olsun:

”Hər iki ölkənin aparıcı KİV rəhbərlərinin iştirakı ilə xüsusi tədbirlər silsiləsi keçirəcəyik. Hadisələri necə işıqlandırdığımız barədə açıq şəkildə danışacağıq. Aramızda razılıq var ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin himayəsi altında təşkil edək”.

“Yeni prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç üçtərəfli bəyanatıdır”

Sergey Lavrov Bakıda apardığı danışıqlarda ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunmadığını, bunu müzakirə etmədiyini bildirib. Əsaslandırıb ki, qrup öz fəaliyyətini dayandırıb və bu, ABŞ və Fransanın təşəbbüsü ilə baş verib:

“Lakin biz post-münaqişə nizamlanması prosesini əlbəttə ki, müzakirə etdik. Bu, yeni prosesin bazası olan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. 2020-ci ilin sentyabr, oktyabr aylarından sonra münaqişənin nizamlanması ilə bağlı həmin dövrədək işlənib, hazırlanan sənədlər artıq necə deyərlər, arxada qalıb. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı yerdə qalan məsələlərin həlli istiqamətində hərəkətin əsası kimi tanınır. Ona görə biz bu mövqedən çıxış edirik”.

Lavrov isə əlavə edib ki, bu reallığı hətta avropalı qonşular da qəbul edib. Onlar bilir ki, bu tapşırıqlar üç üçtərəfli sənəddə qeyd olunub:

“Həmin sənədlər Minsk Qrupunun fəaliyyəti, indiyədək gördüyü işlərlə bağlı deyil. Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması və əhalisinin həyat fəaliyyəti məsələlərini həll etmək olub”, – deyə diplomat fikrini yekunlaşdırıb.

“Son təmaslar marşrutla bağlı tərəflərin mövqelərinin yaxınlaşmasına imkan verib”

Qarabağ mövzusundan danışan Lavrov həmçinin, qeyd edib ki, kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın son görüşü məhsuldar olub. Ermənistan və Azərbaycan arasında dəmir yolu və avtomobil yolu tikintisi məsələsində “əhəmiyyətli irəliləyiş” var.

İki ölkə sərhədlərinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın işinin davam etməsinə gəlincə, Lavrov deyib ki, Rusiya üç ölkənin liderlərinin razılaşmasına müvafiq olaraq, lazımı məşvərətçi yardımı etməyə hazırdır:

“İndi iki tərəfə də uyğun olan tarixin seçilməsi ilə məşğuluq. Mən tərəflərin heç birinin bu işdə fikrindən dönməsi ilə bağlı siqnal görməmişəm. Əksinə, Yerevanda da, bugünkü danışıqlarda da indiki mərhələdə deliminasiya vacib sayılır. Həmçinin, biz Bakı ilə Yerevan arasında sülh müqaviləsinin bağlanmasına yardıma hazırıq. Hansı ki, bu təşəbbüslə bizim azərbaycanlı dostlarımız artıq çıxış ediblər”.

Ceyhun Bayramov: “Münaqişə keçmişdə qalıb…”

Öz növbəsində Ceyhun Bayramov deyib ki, münaqişə keçmişdə qalıb və daimi sülh və regionda sabitliyin təmini üçün əldə edilmiş razılaşmaya əməl edilməlidir:

“Biz hər dəfə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasında Rusiyanın rolunu yüksək qiymətləndiririk. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əldə olunan razılığa əməl olunması vacibdir. Bu da bütün regionda əlaqələrin inkişafının təminatçısıdır, çünki iki ölkə arasında əlaqələrin normallaşmasının uzanması neqativ nəticələr və ciddi risklər yaradır”.

Rusiyalı nazir həmçinin, ölkəsinin iqtisadi operatorlarının Azərbaycan ərazilərinin münaqişəsonrası bərpasına qoşulmasında maraqlı olduğunu dilə gətirib. Ceyhun Bayramov isə cavabında Rusiya şirkətlərinin Qarabağın bərpasındakı marağını yüksək dəyərləndirdiklərini söyləyib.

Ceyhun Bayramov Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzinin yaradıldığını bildirib.
Nazir Horadiz-Ağbənd dəmir yolu üçün Azərbaycanın Rusiyadan 20 min ton dəmir yolu relsi alacağını da söyləyib:

“Rusiya şirkətləri ilə 20 min ton təmir yolu relsinin alınması barədə müqavilə var. Onun üçdə bir hissəsi yerinə yetirilib”.

“Azərbaycan Ukrayna məsələsinə ölçülü və məsuliyyətli yanaşır”

Sergey Lavrov Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə barədə Ceyhun Bayramovla qiymətləndirmələrini və məlumatlarını bölüşdüyünü söyləyib.
O, Azərbaycan rəhbərliyinin baş verənlərə ölçülü və məsuliyyətli münasibətini təqdir etdiyini bildirib:

“Ümumilikdə, regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı Azərbaycanla dialoqumuz var. Bura bizim BMT, ATƏT-dəki əməkdaşlığımız daxildir. Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq. Bu, ikitərəfli iqtisadi, humanitar və digər əlaqələri, xarici siyasət sahəsində əməkdaşlığı tamamlamağa kömək edir”.

“Rusiyada media başqa ölkəni narahat edirsə…”

Hüquqşünas Ələsgər Məmmədliyə görə, mediaların bloklanması ilə bağlı tərəflər diplomatik yanaşma ortaya qoyub. Hər iki dövlət qanunlarına hörmət olunmasını istəyib:

“Nəzərə alaq ki, hər iki ölkədə daxili qanunvericiliyə istinadən media resursları bloklanıb. Sonrakı çıxış yolu siyasi çözüm tapmaqdır. Bu da “gəlin, nəzarətimizdə olan mediada bir-birimizə zərər verən məlumatlar yaymayaq” şəklində olub”.

Hüquqşünas bu yanaşmanın effektiv istifadə imkanını görmür. Səbəb kimi həmin media resurslarının bunu özbaşına etmədiyini göstərir.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU


Onun bildirməsinə görə, Rusiya mediasında Azərbaycanı narahat edən materiallar ona görə yayımlanır ki, bunu Rusiya siyasətçiləri istəyir:

“Bizdə olduğu kimi, Rusiyada da ciddi media müstəqilliyi anlayışı yoxdur. Daha çox nəzarətdə olan media var. Onlar da başqa ölkəni narahat edirsə, deməli, bu, hökumətin istəyinə uyğundur. Bu aspektdən yanaşsaq, yenə də bir-birinə qarşı “ətəyin altından zopanı” göstərib, üzdə isə ortaq yol axtarmaq görüntüsü verəcəklər”.

“Əgər İlham Əliyev Ermənistandan Azərbaycanın təkliflərinə cavab olmadığını söyləyirsə…”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə diqqəti İlham Əliyevin Sergey Lavrovla görüşdə dediklərinə yönəldir. Deyir, əgər İlham Əliyev Ermənistandan Azərbaycanın təkliflərinə cavab olmadığını söyləyirsə, deməli, proses donmuş vəziyyətdədir.

O düşünür ki, hazırda danışıqların predmetində əsas məsələ Böyük Sülh Sazişidir, lakin buna da hazırlıq yoxdur. Çünki Ermənistan Qarabağın statusunu önə çəkir, Bakı isə status söhbətini qəbul etmir:

Mehman Əliyev, Foto: Meydan TV

“Statusla Minsk Qrupu məşğul olurdu. İndi o da yoxdur və Lavrov qrupun fəaliyyətini dayandırdığını söyləyir. Beləliklə, hərtərəfli durğunluq yaranıb. Hansısa kiçik imitasiyalar mümkündür, amma ciddi dəyişikliyə Yerevan hazır deyil. Səbəb isə qərarı onların verməli olmasıdır”.

Mehman Əliyev düşünür ki, Ukrayna savaşı bitmədən nəsə ciddi dəişiklik olmayacaq. Çünki hazırda bütün beynəlxalq oyunçuların başı Ukraynaya qarışıb, Azərbaycan və Ermənistan gündəmdə deyil:

“Güman ki, 1 ay sonra orada müharibə dayanacaq və bizdə danışıqlar başlayacaq”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə, Ermənistanın Azərbaycana ərazi iddiası etməyə başladığı dövrə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə baş verib. Sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəSiyasətRusiya və Azərbaycanın xarici işlər nazirləri bloklanan saytlardan danışıb