Rusiya və Azərbaycan Strategiya-2020-yə düzəlişlər edir

Amerikanın təzyiqinə davam gətirmək üçün Rusiya çoxqütblü dünya formalaşdırmaq siyasəti həyata keçirir

Source:


Amerikanın təzyiqinə davam gətirmək üçün Rusiya çoxqütblü dünya formalaşdırmaq siyasəti həyata keçirir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin mayın 11-12-də Azərbaycana səfəri haqqında rəsmi məlumat hesabatları onun respublika prezidenti, Prezident Administrasiyasının rəhbəri, milli təhlükəsizlik naziri ilə bir çox məsələləri müzakirə etdiyini göstərir.

Gündəlik siyahısına beynəlxalq, regional, milli təhlükəsizlik, Xəzəryanı əməkdaşlıq, terrorizmə, ekstremizmə qarşı mübarizə mövzuları, habelə I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri daxildir.

Həmin məlumatlardan aydın olunur ki, Patruşev Azərbaycana Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyin təmin edilməsi üzrə prezident administrasiyaları və xüsusi xidmətlər səviyyəsində səmərəli əlaqələrə yeni təkan vermək məqsədilə gəlib.

Patruşevin səfərini Azərbaycan və Rusiya arasında Qaradəniz-Xəzər hövzəsi bölgəsində təhlükəsizlik sahəsində münasibətlərin yenilənməsi kimi qiymətləndirmək olar. Hesab olunur ki, bu yenilənmə Rusiya milli təhlükəsizlik strategiyasına yenidən baxılması əsasında, həmçinin NATO tərəfdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində inkişaf etməkdə olan əlaqələr nəzərə alınmaqla həyata keçirilməlidir.

Azərbaycana səfər ərəfəsində RF Təhlükəsizlik Şurası Rusiyanın 2020-ci ilə qədər milli təhlükəsizlik strategiyasına, habelə RF informasiya təhlükəsizliyi doktrinasına düzəlişlər edilməsi haqqında qərar qəbul edib. Mayın 6-da “Krasnaya Zvezda” qəzetində dərc edilmiş “Böyük Müharibədə Böyük Qələbə” adlı məqaləsində Patruşev hərbi təhlükələri və hədələri göstərir: “ərəb baharı”, Suriya və İraqdakı hadisələr (İslam Dövləti problemi), Ukraynada və onun ətrafındakı vəziyyət, hərbi təhlükələrin informasiya məkanına nüfuz etməsi təmayülü.

TŞ katibi qeyd edir ki, dünyanın aparıcı ölkələrinin öz maraqlarını təşviq etməsi üçün “dolayısı əməllər” səciyyəvi olub. Bu əməllərə əhalinin, radikal və ekstremist təşkilatların, özəl hərbi şirkətlərin etiraz potensialından istifadə daxildir.

O, həmçinin “ABŞ və NATO-nun Rusiyaya qarşı aqressivliyinin artdığını, onların bilavasitə Rusiya sərhədlərində hücum potensialının artırıldığını və qlobal RƏM sistemi qurduğunu” qeyd edir.

Amerikanın təzyiqinə davam gətirmək üçün Rusiya çoxqütblü dünya formalaşdırmaq siyasəti həyata keçirir, BRİKS, ŞƏT, AAİİ, MDB kimi inteqrasiya birliklərinə, habelə Amerika hegemonluğuna qarşı çıxan ölkələrlə ikitərəfli münasibətlərə əsaslanır.

Patruşevskinin səsləndirdiyi məsələlərdən göründüyü kimi, ABŞ və onun müttəfiqlərinin “dolayısı əməllərinin” daşıdığı təhlükə fonunda Rusiya və Azərbaycan rəhbərliyinin regional və milli təhlükəsizlik məsələləri üzrə bir çox ortaq nöqtələri var.

Azərbaycanda son üç ildə hakimiyyət ardıcıl olaraq eyni təhlükələrdən danışır və vətəndaş cəmiyyəti və müxalifətin şəxsində etiraz dalğasının neytrallaşdırılması, habelə ekstremizm və radikalizmə qarşı mübarizə üzrə Rusiya addımlarına bənzər addımlar atır. Moskva kimi, rəsmi Bakı da ABŞ və Aİ-ni daxili işlərə müdaxilədə, sabitliyi pozmaqda və rejimi dəyişməyə çalışmaqda ittiham edir.

Buna görə hər iki rejimin operativ maraqlarının üst-üstə düşdüyü bir şəraitdə Kreml 2020-ci ilə qədər strateji planda ABŞ-ın Azərbaycandakı mövqeyinin güclənməsini arzulamadığını, habelə İslam Dövləti ilə bağlı ekstremist qüvvələrin regiona daxil olmasına qarşı mübarizə üçün birgə tədbirlər həyata keçirmək istəyini Əliyev administrasiyasına çatdıra bilər. Bu istəklər diqqətə alına bilər, belə ki, var gücü ilə Qərbin və radikal islamın öz ərazisində təsirini məhdudlaşdırmağa çalışan Azərbaycan rəhbərliyinin də maraqlarına uyğundur.

Türkiyə və Azərbaycan arasında münasibətlərin güclənməkdə olan dinamikası da bu üst-üstə düşən strateji xətlərə aiddir. Bunu ard-arda gələn hərbi təlimlər və regional təhlükəsizlik sahəsində əlaqələr də sübut edir. Bu günlərdə Antaliyada keçirilən NATO ölkələrinin XİN rəhbərləri sammitində Türkiyə baş naziri Davutoğlu qeyd edib ki, Türkiyə Qafqazında daxil olduğu Ön Asiya regionunda İslam Dövləti qüvvələrinin hücumlarının qarşısını alacaq ön xətdir. Türkiyə və Rusiya arasında xüsusi münasibətlər Türkiyə-Azərbaycan ittifaqının ucunun şimal deyil, cənub istiqamətinə yönələcəyinə zəmanət verə bilər.

Rusiya və Azərbaycan arasında müvəqqəti antiamerikanizm təsiri altında inkişaf edən bu münasibətlər Vaşinqtonu qıcıqlandırsa da, boru kəmərləri, nəqliyyat, rabitə, resurslara çıxış da daxil olmaqla, İpək Yolu kommunikasiya dəhlizinin həyata keçirilməsi fonunda dözülə bilən olur. Bütün bu planların həyata keçirilməsi üçün ABŞ üçün islam radikalizminin və Rusiya və Azərbaycanda sistemli (iqtisadi) böhranların artması fonunda aktuallığını artıran sabitlik prioritet məsələ olaraq qalır.

Bununla əlaqədar olaraq demək olar ki, RF Təhlükəsizlik Şurası katibinin səfəri sonradan iyunda bir çox dövlət başçılarının, o cümlədən Rusiya prezidentinin iştirakı ilə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında, habelə avqustda start götürən və noyabrda başa çatan parlament seçkiləri dövründə təhlükəsizlik məsələlərinin işlənməsi məsələsini gündəliyə çıxaracaq.

2020-ci ilə qədər strateji planda Patruşevin təsvir etdiyi təhlükələrə və hədələrə qarşı mübarizə Rusiya-Azərbaycan münasibətlərində prioritet olaraq qalacaq.


Turan Analitika Xidməti

Ana səhifəXəbərlərRusiya və Azərbaycan Strategiya-2020-yə düzəlişlər edir