AFFA rəhbərliyi Avropaya nəyi göstərəcək?
Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ölkədə uşaq futbolunun durumu ilə bağlı danışıb (http://www.championat.com/football/news-2417536-mutko-vyberem-50-70-akademij-razvernjom-resursy-tuda-i-peredadim-metodiki.html). Mutko bu sahədə durumun acınacaqlı olduğunu deyib. O, uşaq futbolunun inkişafı üçün heç bir iş görmədiklərini etiraf edib:
“2008-ci ildən bu məsələni labirintə saldılar. Bu gün etiraf etmək lazımdı ki, biz uşaq futbolunun inkişafı ilə məşğul olmamışıq. Bu sahədə əsl xaos hökm sürür. Gənclər yığmasında fasiləsiz olaraq məşqçi dəyişiklikləri baş verir. Agentlər yığma üzvlərinə göndərilən dəvətlərə müdaxilə edirlər. Bir çox uşaq futbol məktəbi acınacaqlı vəziyyətdədir. Klublar demək olar ki, uşaq futbolu ilə maraqlanmırlar. Bu ilin sonuna qədər bu sahədə bütün analizləri başa çatdıracağıq. 50-70 futbol akademiyası seçəcəyik. Bütün resursları o istiqamətə yönəldəcəyik. Uşaq futboluna 100 milyonlarla vəsait ayıracağıq. Məktəblər hökumətdən də vəsait alacaqlar. Hazırda bütün işləri alman metodikasına uyğunlaşdırırq”.
Almaniya metodu əvəzinə azərbaycanlılarla əlbir olan alman
Rusiya idmanına cavabdeh şəxsin sadaladığı problemlər Azərbaycan futbolu üçün də xarakterikdi. Azərbaycan futboluna da ağlasığmaz pul 8 il əvvəl – SOCAR-ın prezidenti Rövnəq Abdullayev AFFA-ya rəhbərlik etməyə başlayandan sonra axmağa başladı. Ancaq bu vəsait futbolun inkişafına yox, başqa istiqamətlərə yönəldildi. Azərbaycan yığmasına Almaniyadan baş məşqçi gətirildi. Amma Berti Foqts alman metodu ilə işləmək əvəzinə, AFFA rəhbərliyi ilə əlbir olaraq, çirkli vəsaitin “yuyulmasında” iştirak etdi. Bu barədə Azərbaycanın idman mətbuatında saysız-hesabsız yazılar dərc olunub. Məhz Berti Foqtsun gəlişindən sonra Almaniyanın 4-5-ci divizionunda oynayan futbolçular milliləşdirildi. “Azərbaycanda yaxşı futbolçu yoxdu” bəhanəsi də AFFA-nın əlində alibi oldu. Amma yaxşı futbolçunun hazırlanması üçün heç bir addım atılmadı. Yaxşı futbolçular harda yetişməliydi? Təbii ki, yaxşı futbol məktəblərində. Azərbaycanda futbol məktəbi varmı? Birmənalı surətdə “yoxdu” deyə bilərik.
Bu məktəbləri yaratmaq üçün heç bir addım atılmadı. Əslində hər şeyə elə Rövnəq Abdullayev nəzarət etməliydi. Çünki Azərbaycan futboluna axıdılan bütün vəsait SOCAR-dan ayrılırdı, istər AFFA-ya, istərsə də klublara. Deməli, Rövnəq Abdullayev də SOCAR-dan ayrılan vəsaitin hansı məqsədlər üçün xərcləndiyinə nəzarət etməyə borclu idi.
Azərbaycanlı uşaqlar harda məşq edirlər?
Azərbaycanlı uçaqlar futbolun sirlərini harda öyrənirlər, necə meydançalarda məşq edirlər? Bölgələrdəki şəraitdən danışmaq yersizdi. Bakıda isə demək olar ki, 3 məşq meydançası var. Bütün klublar da bu məşq meydançalarından yararlanır. “İnter-Arena”nın 4-cü meydançası, “Sərhədçi” idman kompleksi və Milli olimpiya komandalarının təlim-məşq bazasının (“Neftçibaza”) meydançası. Hər üç meydança süni ötrüklüdü. Özü də kefiyyətsiz süni örtüklü. Artıq bütün dünyada sübut olunub ki, uşaqların süni örtükdə məşq etməsi nəinki onların yüksək səviyyəli futbolçu kimi yetişməsini əngəlləyir, həm də azyaşlıların sağlamlığına ağır zərbə vurur.
Çox təəssüf ki, AFFA rəhbərliyi hələ də bütün dünyanın qəbul etdiyi qərarlara qarşı çıxır. Azərbaycanda bircə futbol məktəbi də olmayan qurum nədənsə Berlində futbol məktəbi açmağa üstünlük vermişdi. 5 il o məktəbə xeyli vəsait ayrıldı. Hanı o məktəbdə yetişən futbolçular? Bütün bu kimi amillər AFFA-da korrupsiyanın olmasını iddia etməyə rəvac verir.
AFFA rəhbərliyi Avropaya nəyi göstərəcək?
Rusiya ilə Azərbaycan demək olar ki, eyni idaretmə sisteminə sahibdi. Hər iki ölkədə korrupsiya baş alıb gedir. Amma Rusiyanın idman naziri heç olmasa yol verdikləri səhvləri də etiraf edir, çıxış yolları aradıqlarını bildirir, yeni layihələr hazırlayırlar. 2018-ci ildə Rusiyada dünya çempionatının final mərhələsi keçiriləcək. Rusiya hakimiyyəti bütün dünyaya uşaq futbolundakı durumu nümayiş etdirməlidi. Ona görə də acınacaqlı şəraiti nisbətən də olsa yaxşılaşdırmağa cəhd edirlər. Axı Azərbaycan Rusiyadan 2 il sonra, 2020-ci ildə Avropa çempionatının final mərhələsini qəbul edəcək ölkələr sırasındadır. Bəs, AFFA rəhbərliyi həmin vaxt Avropaya nəyi göstərəcək? Keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Komanda.az saytına verdiyi açıqlamada bu məsələni şərh edərkən bildirib ki, Azərbaycan futbolunda inkişafa nail olmaq üçün kadr islahatları aparılmalıdı:
“Milyonlarla vəsait xərclənməsinə baxmayaraq, son dərəcə uğursuz layihələr fonunda diqqəti çəkən heç bir nəticə əldə olunmadı. Niyə? Çünki bu layihələr futbolda ümumi analizlər aparılmadan, şəxsi maraqlara söykənən, ictimai fikrə önəm vermədən həyata keçirildi. Digər tərəfdən, Almaniyanın regional liqalarından, Dağıstandan lazımsız oyunçuların milliləşdirilməsi futbolun inkişafına böyük zərbə vurdu. Milyonlar xərclənən Berlin məktəbindən heç kim gözə dəymədi.
Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Rusiya futbolundakı problemlərdən danışaraq, öz səhvlərini etiraf edərək, ölkədə uşaq-gənclər futbolunun bərbad vəziyyətdə olduğunu deyib. Azərbaycanda da son 7-8 il ərzində buraxılan səhvlərdən nəticə çıxarılmalı, düzgün kadr islahatları aparılmalı, ictimai fikrə önəm verilməli və yaxın illər üçün yeni inkişaf mexanizmi hazırlanmalıdır. Belə olacağı halda, sonrakı illər üçün də inkişafı təmin etmək olar”.
“Neftçi”nin sabiq vitse-prezidentinin fikirlərini boşuna qabartmadıq. Axı Süleymanov “Neftçi”də işləyərkən də SOCAR-dan maliyyələşən bu komandanın uşaq futbolu bərbad durumda olub. Bu yaxınlarda 80 yaşını qeyd edəcək bir klubun indi nəinki Bakıda, Azərbaycanın bütün bölgələrində məktəbləri olmalıydı axı. Tahir Süleymanov “kadr islahatları aparılmalıdı” fikirini deyərkən, yəqin ki, AFFA-da futbolun inkişafına mane olan məmurları nəzərdə tutub.
AFFA-nın uşaq futbolu ilə bağlı hesabatı
AFFA rəhbərliyi ittihamlara cavab vermək istəmir. Ancaq qurumun rəsmi saytında gördüyü işlərin hesabatı var. Hesabatda göstərilir ki, 2015-ci ildə uşaq və gənclər futbolunun inkişafına 1.714.885 manat ayrılıb. Bu vəsait hesabatda ümimi konteksdə göstərilib və konkret olaraq necə xərcləndiyi barədə məlumat verilmir.
“Cross Culture” layihəsi – 51.138 manat. Bu layihə barədə də futbol ictimaiyyətində heç bir məlumat yoxdur. Layihənin harda və nə vaxt keçirildiyi də müəmmalıdır.
Oyunların təşkili – 919.337 manat. Bu vəsait isə uşaq liqalarında oyunların təşkilinə sərf olunub. O uşaq liqalarında ki, orda oyunların əksəriyyəti baş tutmur, bu və ya digər komandaya texniki məğlubiyyət verilir.
Hesabatdan da görünür ki, AFFA il ərzində heç bir futbol məktəbi açmayıb və hansısa futbol məktəbinə maliyyə yardımı etməyib.
Məlumatlara görə, Rusiyanın idman naziri Vitali Mutkonun həm də bu ölkənin futbol təsərrüfatına rəhbərlik etməsini Rusiya prezidenti Vladimir Putin istəmişdi. Putin bununla DÇ ərəfəsində futbol təsərrüfatındakı korrupsiyanın miqyasını qismən də olsa azaltmağa cəhd edib. Edib ki, Rusiya bütün dünyada biabır olmasın. İdarəetmə sistemi eyni olan Azərbaycanda da futbol təsərrüfatındakı durumu nizamlamaq üçün siyasi qərar tələb olunur. AFFA-da kadr islahatları ancaq ölkə prezidentinin göstərişlərindən sonra həyata keçirilə bilər. Putin təhlükəni gördü və real addım atdı. Azərbaycanda necə, bu təhlükəni görən varmı?