Rusiya və Ukrayna arasında sülh planını Tramp administrasiyasının gələn həftə təqdim edəcəyi bildirilir

Rusiya-Ukrayna, Foto: Tomas Ragina/shutterstock

ABŞ həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsini də istəyir

Tramp administrasiyasının gələn həftə Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq üçün çoxdan gözlənilən planını təqdim edəcəyi bildirilir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq bu barədə “X” sosial şəbəkəsində yazıb.

Kelloq fevralın 14-16-da keçiriləcək konfransda çıxış edəcəyini açıqladıqdan sonra bəzi fərziyyələr yaranıb.

“Bloomberg” adının açıqlanmasını istəməyən mənbələrinə istinadən  yazıb ki, planın elementlərinə münaqişənin potensial olaraq dondurulması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin qeyri-müəyyən vəziyyətdə buraxılması, habelə, Ukraynaya Moskvanın bir daha hücum edə bilməyəcəyinə dair təhlükəsizlik zəmanətinin verilməsi daxildir.

Nəşr bildirir ki, Kelloq ABŞ-nin Ukraynada seçkilərin atəşkəsdən sonra keçirilməsini istədiyini, Tramp isə ABŞ-nin dəstəyi müqabilində kritik resurslara çıxışın nizamlanmanın bir hissəsi ola biləcəyini qeyd edib.

Xüsusi elçi Kelloq fevralın 1-də “Reuters”ə müsahibəsində “Əksər demokratik ölkələr müharibə zamanı seçkilər keçirir.

Düşünürəm ki, onların da bunu etməsi vacibdir. Bu, demokratiya üçün yaxşıdır” – deyib.

Fevralın 2-də Tramp bildirib ki, Ukrayna və Rusiya ilə danışıqlar yaxşı gedir.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 4-də britaniyalı jurnalist Piers Morqanla müsahibəsində deyib ki, əgər bu, sülhün əldə olunmasına kömək edəcəksə, Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazırdır.

Zelenski müsahibəsində həmçinin Kelloqun fikirlərini də şərh edib.

“Seçkilər müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək”, – Zelenski deyib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaRusiya və Ukrayna arasında sülh planını Tramp administrasiyasının gələn həftə təqdim edəcəyi bildirilir