Yeni saziş Tehran və Moskvanın hərbi-siyasi və ticarət-iqtisadi əlaqələrini gücləndirmək məqsədi daşıyır
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin “Hərtərəfli strateji tərəfdaşlıq” sazişi imzalayıblar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Saziş müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, sənəd 47 maddədən ibarətdir. Müqavilənin mətni rəsmi olaraq dərc edilməyib.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian bu gün – yanvarın 17-də Moskvada “Hərtərəfli strateji tərəfdaşlıq” sazişi imzalayacaq.
Kreml bildirib ki, yeni saziş Tehran və Moskvanın hərbi-siyasi və ticarət-iqtisadi əlaqələrini gücləndirmək məqsədi daşıyır.
Moskva və Tehran arasında hələ 2001-ci ildə “İran İslam Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin əsasları və əməkdaşlıq prinsipləri haqqında” saziş imzalanıb. Bu saziş ilkin olaraq 10 il müddətinə nəzərdə tutulub, 2021-ci ildə isə əlavə olaraq 5 il müddətinə uzadılıb. Yeni sənəd 20 il müddətinə imzalanacaq.
İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya ilə İran arasında “Hərtərəfli strateji tərəfdaşlıq” sazişini imzalayacaq və mətbuata açıqlamalar verəcək.
İranda Rusiya üzrə aparıcı ekspert Ruhullah Modabber “TASS”a müsahibəsində qeyd edib ki, yeni saziş ölkələr arasında əməkdaşlığı genişləndirməklə yanaşı, ABŞ sanksiyalarına daha yaxşı müqavimət göstərmək imkanı verəcək. Sənəddə bir-birinin ərazi bütövlüyünə hörmətlə bağlı müddəalar da var.
Kreml sazişin Moskva və Tehranın istəklərinə cavab verdiyini və digər dövlətlərin maraqlarına qarşı yönəlmədiyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, saziş müdafiə alyansının yaradılmasını nəzərdə tutmur.
“Радио Свобода” yazır ki, İran və Rusiyanı iki amil birləşdirir: iqtisadiyyatlarının enerji ixracından asılılığı və Qərbin təzyiqlərinə birgə müqavimət göstərmək cəhdləri və onlara qarşı tətbiq edilən sərt beynəlxalq sanksiyalar.
Artıq Rusiyanın Vyetnam, Şimali Koreya və Monqolustanla da oxşar müqavilələri var. Amma həm Moskvada, həm də Tehranda əsas nəqliyyat dəhlizlərinin yaradılmasından tutmuş silah mübadiləsinə qədər hər şeyi əhatə edən yeni müqavilənin imzalanması indi tarixi hadisə kimi təqdim olunur.
Lakin son vaxtlar Rusiya ilə İran arasında, xüsusən də uzun illər Moskva və Tehranın hərbi və siyasi dəstəyinə arxalanan Suriyada Bəşər Əsəd rejiminin sürətlə süqutundan sonra böyük fikir ayrılıqları artmağa başlayıb. Dəməşqdəki çöküşdə tərəflər açıq şəkildə bir-birini ittiham etməyə başlayıblar.
Dekabrın sonunda illik yekun mətbuat konfransı zamanı Prezident Vladimir Putin Rusiyanın Tehranın tələbi ilə Hmeymim bazası vasitəsilə Suriyadan 4000 hərbi qulluqçu və döyüşçünün çıxarıldığını deyib. Putin hərbçiləri qorxaqlıqda ittiham edib. Rusiya Prezidentinin sözlərinə görə, üsyançı qüvvələr Suriyanın əsas şəhəri Hələbə hücum edəndə Əsəd qoşunları, ümumilikdə, təxminən 30 min nəfərin olduğu iranpərəst qüvvələrlə birlikdə mövqelərini döyüşsüz tərk ediblər.
İran Prezidenti Məsud Pezeşkian hazırda Rusiyada işgüzar səfərdədir.
Putinlə Pezeşkian arasında üçüncü görüşdür. Prezidentlər 2024-cü ilin oktyabrında Aşqabadda keçirilən beynəlxalq forum çərçivəsində, daha sonra isə Kazanda keçirilən BRİCS sammitində görüşüblər. Həmçinin 2024-cü ildə Putin və Pezeşkian iki dəfə telefonla danışıblar.
İran Prezidentinin bu səfəri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ağ evə qayıtmasından bir neçə gün əvvələ təsadüf edir. Tramp 2018-ci ildə ABŞ-ni İranın nüvə proqramını məhdudlaşdırmaq, bu ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi məqsədilə imzalanan beynəlxalq sazişdən (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxarıb və 2020-ci ildə İranın yüksəkrütbəli generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı göstəriş verib.
Keçən il isə Trampı öldürmək üçün İran tərəfindən sui-qəsd planlaşdırıldığı bildirilib. İran hökuməti bu iddianı təkzib edib.