Rusiya Ukraynaya yenə şərt qoydu

Rusiya-Ukrayna. Svetlana Turchenick/shutterstock

“Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır”

“Ukraynanın həm Krım üzərində Rusiyanın hakimiyyətini, həm də Donetsk və Luqanskdakı “xalq respublikaları”nın statusunu tanıması şərtdir”.

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko belə deyib.

O bildirib ki, Moskvanın Kiyevlə sülh danışıqlarının davam etdirmək üçün irəli sürdüyü şərtlərdən biri də budur.

Nazir müavini bəyan edib ki, Rusiya sülhə nail olmaq üçün Ukraynanın “neytral” və “nüvəsiz” dövlət olmasını istəyir. Ona görə də Kiyev Moskvanın təkliflərinə aydın cavab verməlidir.

Diplomatın sözlərinə görə, bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir.

O, Ukraynanı sülh danışıqlarını davam etdirməməkdə günahlandırıb.

Андрей Руденко
A.Rudenko. Mənbə: ТАСС

Fevralın 24-də başlayan müharibənin ilk həftələrində Moskva ilə Kiyev arasında sülh danışıqları dayanıb.

Rəsmi Kiyev bildirib ki, Ukrayna ərazi mübahisələrində güzəştə getməyəcək.

Ukrayna xarici işlər naziri Dimitri Kuleba bildirib ki, ölkəsinin bu müharibədə əsas məqsədi ərazi bütövlüyünü bərpa etməkdir.

Müharibənin qısa tarixçəsi…

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Ukraynaya yenə şərt qoydu