Rusiya-Ukrayna müharibəsinin 14-cü günü – yenilənən xəbərlər

Ukrayna. Foto: Meydan TV

Di Kaprionun Ukraynaya 10 milyon dollar bağışladığı bildirilir

Amerikalı aktyor Leonardo Di Kaprio Ukrayna Silahlı Qüvvələrinə 10 milyon dollar iaənə edib.

Di Kaprio. Foto: Isaaack/shutterstock

Aktyor humanitar yardımı gizli saxlamaq istəsə də, Beynəlxalq Vişegrad Fondu bu barədə məlumat yayıb.


Ukraynada Tina Kandelakiyə qiyabi həbs qərarı verilib

Ukrayna Baş Prokurorluğu rusiyalı jurnalist Tina Kandelakini beynəlxalq axtarışa verib.

Tina Kandelaki. Foto: magicinfoto/shutterstock

Ölkənin Baş prokuroru İrina Venediktova “Facebook”da bununla bağlı paylaşma edib.

Tina Kandelakini Kreml hərbi maşınının ideya və şüarlarının əsas paylayıcısı adlandırıb.


“Universal Music Group” Rusiyadakı ofisini bağladı

“Universal Music Group” səsyazma şirkəti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.

Foto: NYCStock/shutterstock

“Ukraynadakı zorakılığa tez bir zamanda son qoymağa çağırırıq. Beynəlxalq sanksiyalara əməl edirik”, – bəyanatda qeyd olunur.


Britaniyadan Ukraynaya döyüşməyə gedənlərə xəbərdarlıq

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps Ukraynaya qanunsuz döyüşmək üçün gedən britaniyalı əsgərlərə xəbərdarlıq edib.

Bunun “təhlükəli vəziyyət” olduğunu deyib.

Qrant Şapps. Foto: https://www.theguardian.com/

Nazir əlavə edib ki, bu, yersiz davranışdır.

“İngilis əsgəri əsir düşərsə və ya öldürülərsə, Rusiya nə edə bilər” sualına Şapps belə cavab verib: “Britaniyanın Ukraynaya ordu göndərməsi ilə bir neçə nəfərin qanunlarımızı pozaraq döyüşə getməsi arasında böyük fərq var. Aydındır ki, bu, təhlükəli vəziyyətdir”.


“Rusiyanın hədəfi Mariupol və Kiyevdir”

Rusiya qələbəyə ümidlidir. Onun ən çox ehtimal olunan hədəfi Mariupol şəhərləri və Kiyevdir”.
Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denysenko belə deyib.

Foto: Reuters

O bildirib ki, Rusiyaya yekun danışıqlardan öncə ən azı bir qələbə lazımdır: “Ona görə də bizim vəzifəmiz növbəti 7-10 gün dayanmaqdır”.


Ukrayna taxıl ixracına qadağa qoydu

Ukrayna il sonunadək ölkədən çovdar, arpa, qarabaşaq yarması, qarğıdalı, şəkər və ətin ixracına qadağa qoyub.

Ukrayna Nazirlər Kabinetinin martın 9-da dərc etdiyi qərarda belə deyilir.

Müstəqil ekspertlər düşünürlər ki, bu, bütün Avropada ərzaq təhlükəsizliyi problemini gündəmə gətirəcək. Çünki Rusiya və Ukrayna birlikdə dünyanın buğda və arpa ixracının təxminən 30 faizinə cavabdehdir.

Ukrayna taxılı. Foto: Dobra Kobra/shutterstock

Bildirilir ki, Ukraynanın bu addımı taxıl qıtlığına və əsas məhsulların qiymətində artımlara səbəb olacaq.

İrlandiyanın kənd təsərrüfatı naziri Charlie McConalogue RTE-yə bildirib ki, fermerlər, bir çox süd və mal əti istehsalçıları bu il taxıl yetişdirməyi düşünməlidirlər.

Onun sözlərinə görə, ölkə taxılın 60%-ni xaricdən alır.


ABŞ Polşanın təklifini rədd etdi

“Polşa Ukraynaya MiQ-29 qırıcıları tədarük etməyə hazırdır. Lakin bunu NATO çərçivəsində edə bilər”.
Bunu Polşa Prezidenti Andjey Dudanın müşaviri Yakub Kumoç deyib.

ABŞ bu təyyarələrin Amerika bazalarından Ukraynaya gəlməsini istəmir. Polşa hərəkət etməyə hazırdır, ancaq NATO çərçivəsində”, – deyə Yakub Kumoç TVP Info ictimai yayımına bildirib.

Ukrayna qərb ölkələrindən Rusiyanın işğalına cavab vermək üçün döyüş təyyarələri vermələrini istəyib.

MiQ-29. Foto: Radoslaw Maciejewski/shutterstock

Martın 8-də Polşa bütün MİQ-29 təyyarələrini ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasına yerləşdirməyə hazır olduğunu açıqlayıb.

Polşa digər NATO üzvlərini də eyni addımı atmağa çağırsa da, Pentaqon bu təklifi rədd edib.


YUNESKO Ukrayna ilə bağlı çağırış edib

YUNESKO (UNESCO) Rusiyanın Ukraynada keçirdiyi hərbi münaqişə fonunda həmin ərazilərdə mədəni irs obyektlərinin məhvindən narahatdır.

Təşkilatın baş direktor Odre Azule münaqişə bölgəsində olan abidələrin qorunmasına dair çağırış edib.

YUNESKO, Bumble Dee/Shutterstock

O, hazırda qəsdən və ya təsadüfi zədələnmənin qarşısını almaq məqsədilə Ukrayna nümayəndələri ilə danışıqlar aparıldığını bildirib.

Qurum həmin ərazilərdə tarixi abidələrə dəyən ziyanı müəyyən etmək məqsədilə peyklə monitorinq keçirəcək.


Humanitar dəhlizlərdə atəşkəs razılaşması

Rusiya Ukrayna ilə səhər saat 9-dan axşam saat 9-a kimi humanitar dəhlizlərdə atəşkəsə razılaşıb.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, humanitar dəhlizdə atəşkəs razılaşması martın 9-da baş tutacaq.

Dəhlizin olduğu ərazilərdə atəş dayanacaq.

İrina Vereşçuk evakuasiya dəhlizlərinin martın 9-da Mariupol da daxil olmaqla bir neçə rayonda açıq olacağını deyib: “Rusiya qüvvələrinə bu ərazilərdə atəş açılmaması barədə xəbərdarlıq edib”.

Foto: https://www.bursaarena.com.tr/

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətRusiya-Ukrayna müharibəsinin 14-cü günü – yenilənən xəbərlər