Medinski: “Rusiya Ukrayna ilə heç bir sənəd imzalaya bilmədi”
Martın 7-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətlərinin üçüncü görüşü keçirilib.
Bildirilir ki, görüşdə humanitar dəhlizlərlə bağlı müsbət irəliləyişlər əldə olunub.
Ukrayna Prezident Adminstrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyişlər var:

“Atəşkəs və təhlükəsizlik təminatları ilə birlikdə nizamlanmanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib”.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqlarda Kremlin gözləntilərinin özünü doğrultmadığını deyib.
“Rusiya Ukrayna ilə heç olmasa protokol imzalamağa ümid edirdi. Lakin heç bir sənəd imzalamaq mümkün olmayıb”, – deyə o qeyd edib.
Ukraynadan 3138 azərbaycanlı təxliyə olunub
7 mart tarixinə qədər Ukraynadan Azərbaycana 3138 nəfərin təxliyə olunduğu deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edib.
Rusiya MN: “Dağlıq Qarabağdan Kiyev və Zaporojye vilayətinə yardım göndərilib”
Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev humanitar yardımlarla bağlı açıqlama verib.
“Suriyadan 50 ton ərzaq, Kiyev və Zaporojye vilayətlərinin sakinləri üçün isə Dağlıq Qarabağdan 14 ton zəruri mallar gətirilib”,-deyə o bildirib.

Azərbaycan Müdafiə Nazirliyi M.Mizintsevin açıqlamasını “qəbuledilməz” adlandırıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Rusiya dostu olmayan ölkələrin siyahısını tutub
Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını açıqlayıb.

Siyahıya Avstraliya, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, İslandiya, Kanada, Lixtenşteyn, Monako,Yeni Zelandiya, Norveç, Koreya, San Marino, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxil edilib.
Kiyev Moskvanın humanitar dəhlizlər üzrə təxliyə təklifini rədd edib
Bu barədə Ukraynanın Baş nazirinin işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk bildirib.
“Bizim insanlarımız İvankovdan, Daymerdən, Vışqoroddan getməyəcəklər ki, daha sonra təyyarə ilə Rusiya Federasiyasına uçsunlar”.
Putin məmurların bank hesabları ilə bağlı qanun imzalayıb
Rusiya Prezidenti Vladimir Putin “Məmurların bank hesablarından daxilolmaların məbləğinin üç il ərzində gəlirlərini aşması halında pul yığılması haqqında” Qanunu imzalayıb.

Qanuna əsasən, ümumi məbləği ailənin son 3 ildəki rəsmi gəlirlərindən 10 min rubldan artıq olacağı və məmur bu gəlirlərin qanuni mənbəyini əsaslandıra bilməyəcəyi təqdirdə, prokurorluq məhkəməyə müraciət edərək həmin vəsaitləri və əmlakı müsadirə edə biləcək.
Avropada qazın qiyməti 3500 dollara çatıb
Ekspertlər qazın qiymətini hazırkı geosiyasi vəziyyətin yaratdığı Rusiyadan tədarüklə bağlı qorxu fonunda bahalaşmasıyla əlaqələndirirlər.
Ukrayna Rusiyanın 30 helikopterini, Rusiya isə Ukraynanın 2396 hərbi obyekti məhv etdiyini bildirib
Martın 6-dan 7-nə keçən gecə Ukrayna əsgərləri Xerson yaxınlığındakı Çornobaivka aerodromunu mühasirəyə alıblar.

“Döyüş zamanı Rusiyanın 30 helikopteri məhv edilib”.
Rusiya Silahlı Qüvvələri Ukraynada 2396 hərbi obyekti məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
Rusiyanın hava zərbələri nəticəsində Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasının ciddi dağıntılara məruz qaldığı deyilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.

Nazirlik bildirib ki, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
“Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər”,-deyə Mətbuat İdarəsi qeyd edib.
Martın 7-də Rusiyanın silahlı qüvvələri sükut rejimi elan edib. Səhər saat 10-dan etibarən Ukraynanın dörd şəhərdən – Kiyev, Xarkov, Sumı və Mariupoldan humanitar dəhlizləri açıb.
“Eurenews” yazır ki, bu qərar Fransa Prezidenti E.Makronun Rusiyan Prezidenti V.Putinə şəxsi xahişindən sonra qəbul edilib.
Ukrayna mediadı bu gün səhərdən Nikolayev və Odessa şəhərlərinin çoxsaylı raket sistemlərindən atəşlə vurulduğu haqda məlumat yayıb.
“Nikolayev sakinləri bildirirlər ki, partlayış səsləri şəhərin bütün rayonlarında eşidilir. Bəzi ərazilərdə işıqlar kəsilib”.
Sakinlərə dərman və ərzaq aparan merin güllələndiyi bildirilir

Martın 6-da Rusiya hərbçiləri Qostomel şəhərinin meri Yuri Prilipkonu öldürüblər. Ukrayna mediasənın məlumatına görə, Yuri Prilipko kənd sakinlərinə dərman və ərzaq aparan zaman güllələnib.
Martın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
Türkiyə dövlət başçısı atəşkəsə nail olunması, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini vurğulayıb.

“Gəlin, birlikdə sülhə yol açaq”, – Türkiyə prezidenti deyib.
Kremlin mətbuat xidməti prezidentlərin danışığı haqda yaydığı məlumatda “Putin bildirib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı dayandırması yalnız Kiyevin hərbi əməliyyatları dayandıracağı və Moskvanın tələblərini yerinə yetirəcəyi təqdirdə mümkündür”,-deyə qeyd olunub.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.