19.36.
Ukrayna məhkəməsindən rusiyalı sənətçilərlə bağlı həbs qərarı
Rusiyalı sənətçilər – rejissor Nikita Mixalkov və müğənni Oleq Qazmanovla bağlı həbs qərarı verilib.
Ukrayna məhkəməsi Mixalkovu qiyabi həbs edib, Qazmanov isə beynəlxalq axtarışdadır.
Buna səbəb sənətçilərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsidir.
19.33.
“Aeroflot” beynəlxalq uçuşları dayandırır
Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” martın 8-dən beynəlxalq uçuşları dayandırır.
Martın 6-dan Rusiyaya gediş-dönüş bileti olan sərnişinlərin beynəlxalq reyslərə qəbulu olmayacaq.
Yalnız Belarusun paytaxtı Minskə uşuşlar davam edəcək.
Qərarın məqsədi, Rusiyaya geri dönüş reyslərindən istifadənin mümkünsüzlüyü ilə bağlı riskləri azaltmaqdır.
16.57.
İtalya Solovyov və Əlişir Usmanovun mülklərini müsadirə edib
Rus jurnalisti Vladimir Solovyovun və iş adamı Əlişir Usmanovun İtaliyadakı daşınmaz əmlakları müsadirə olunub.
Rusiya mediası İtaliyanın “La Repubblica” qəzetinə istinadən bu barədə məlumat yayıb.
“Söhbət teleaparıcı Vladimir Solovyovun Komo gölündəki iki villasından, eləcə də iş adamı Əlişir Usmanovun Sardiniyadakı villasından gedir”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl isə rusiyalı milyarder Aleksey Mordaşovun və iş adamı, SKA xokkey klubunun prezidenti Gennadi Timçenkonun yaxtaları, həmçinin Dövlət Dumasının keçmiş deputatı Oleq Savçenkonun Toskanadakı villası müsadirə edilmişdi.
Nəşrin məlumatına görə, söhbət aparıcının Komo gölü sahilində qiyməti 8 milyon avro olan iki villasından və Usmanovun Sardiniyada 16 milyon dollarlıq villasından gedir. Solovyovun özü bildirib ki, daşınmaz əmlakına həbs qoyulması barədə heç bir məlumatı yoxdur.
“Əgər bu, doğrudursa, məsələ ilə vəkillər məşğul olacaq. İndi vəziyyət elədir ki, buna vaxt yoxdur”, – deyə teleaparıcı bildirib.
16.07.
Peskov mədəniyyət xadimlərinə müraciət etdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mədəniyyət xadimlərini Vladimir Putinin ətrafında birləşməyə çağırıb.
“İndi hamımız bir araya gəlib, birlikdə olmalıyıq. Prezidentimizin ətrafında birləşməliyik”, – Peskov deyib.
O həmçinin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə qarşı düşmənçilik etməməyi də tövsiyə edib.
14.29.
Till Lindemann Rusiyadakı konsertini ləğv edib
“Rammstein” rok qrupunun solisti Till Lindemann Rusiyadakı konsertini ləğv edib.
İfaçının “Ich hasse Kinder” turnesi çərçivəsində dekabrın 5-də Novosibirskdə, 11-də isə Moskvada konserti gözlənilirdi.
14.02.
Ukraynada daha bir azərbaycanlı ailənin 3 üzvü həlak olub
Martın 4-də Ukraynada daha bir azərbaycanlı ailənin 3 üzvünün raket atəşi nəticəsində həlak olduğu bildirilir.
“Xarkovda restoran sahibi olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qaynanası həlak olub. Onların 2 övladı yaxınlarının himayəsindədir”.
Fevralın 25-də Cəbrayılın Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində həlak olmuşdu.
Fevralın 27-də isə təxliyəyə çalışan azərbaycanlıların 8 avtomobildən ibarət kolonu “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulmuşdu.
Nəticədə Azərbaycan vətəndaşları – 1976-cı il təvəllüdlü Nemət İsmayılov, 1966-cı il təvəllüdlü Rəhim İsmayılov və 1995-ci il təvəllüdlü Qabil İsmayılov həlak olublar.
13.51.
Rusiya mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açıb
Ukrayna hökuməti humanitar dəhlizlərlə Mariupoldan 200 min, Volnovaxadan isə 15 min nəfərin çıxarılacağını güman edir.
Bu barədə məlumatı Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
Bu gün Moskva vaxtı ilə saat 10-dan etibarən (Bakı vaxtı ilə 11:00) Rusiya tərəfi Ukraynada sükut rejimi elan edib və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açıb.
IKEA Rusiyada fəaliyyətini dayandırdı
Şirkət 2000-ci ildən bu ölkədə fəaliyyət göstərirdi
Martın 4-dən etibarən IKEA mağazaları Rusiyada fəaliyyətini dayandırıb.
Məlumatı novayagazeta.ru/ yayıb.
1943-cü ildə İsveçdə 17 yaşlı İnqvar Kamprad tərəfindən fəaliyyətə başlayan IKEA 2008-ci ildən dünyanın ən böyük mebel pərakəndə satıcısıdır. IKEA mağazalar şəbəkəsinin əsası İsveçdə qoyulub, baş ofisi isə Niderlandda yerləşir.
IKEA 2000-ci ildən Rusiyada fəaliyyət göstərir.
Martın 4-də Rusiya BBC-nin rus xidmətinə və AzadAvropa/”Azadlıq” radiosunun (RFE/RL) saytlarına,
“Twitter” sosial şəbəkəsinə giriş də məhdudlaşdırılıb. “Facebook” isə ölkədə bloklanıb.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.