Arif Hacılı: “Qərb dövlətləri sanksiyalarla kifayətlənməməlidir”
“Ukraynada baş verənlər bütövlükdə işğaldır, çünki Rusiya ordusu qonşu ölkənin müdafiə xəttini yarıb”.
Bunu Meydan TV-yə Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Rusiya-Ukrayna sərhədində baş verənlər barədə suala cavab verərkən deyib.
“Rusiyanın Ukraynaya müdaxiləsi işğaldır”
Fazil Mustafanın sözlərinə görə, başlanan hərbi əməliyyat Ukraynanı diz çökdürmək üçün atılan addımdır: “Əslində, bu proseslə NATO-nun iflası başlandı. Hamının can atdığı NATO hər hansı bir şəkildə Rusiya silahını dayandırmağa qadir deyil, aciz vəziyyətdədir”.
Onun fikrincə, Rusiyanın indiki addımları səbəbsiz deyil, hər şey əvvəlcədən hesablanıb: “Ona görə də bunlar müstəqil Ukraynanın işğalı kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq hüquq normalarının pozulması baş verib”.
“Ukrayna tək qalıb, arxasında heç bir güc yoxdur”
“Bütün hallarda hazırda Kiyevin bu prosesi dayandırmağa imkanı yoxdur, ancaq müqavimət göstərməyə çalışır. Müqavimət göstərmək də çox çətindir. Səbəb də Ukraynanın Rusiyayla təkbətək qalmasıdır, arxasında heç bir güc yoxdur”, – deyə deputat vurğulayıb.
O, Qərb ölkələrinin Rusiyaya ciddi təsir etməyəcəyi qənaətindədir: “Təsiri belə olacaq ki, Rusiya vətəndaşı 100 qram yağ yeyirdisə, bundan sonra 10 qram yağ yeyəcək. Rusiya kimi dövləti sanksiyayla durdurmaq çox çətindir. Nəzərə alın ki, bu sanksiyalar Qərbin maraqlarına da zərbə vurur. Ümumiyyətlə, Rusiyanı durdurmağın başqa yolu tapılmalıdır”.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətdə 22 fevral Moskva Bəyannaməsində fikrini bildirib: “Həmin sənəddə separatçılığın dəstəklənməməsi də vurğulanıb. Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxın, müttəfiq səviyyəsində olsa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır. Çünki Ukraynanın ərazi bütövlüyü BMT-nin nizamnaməsinə uyğun bir dövlətin ərazisidir. Onun pozulması yolverilməzdir. Eyni zamanda, Rusiyayla münasibətləri davam etdirmək lazımdır”.
“Qərbin addımları yetərli deyil”
Müsavat Partiyasının başqanı Arif Hacılı bugünkü hadisələri Rusiya tərəfindən Ukraynanın işğalı istiqamətində atılan ilkin addım sayır.
O bildirib ki, Vladimir Putin SSRİ-ni bərpa etmək və Şərqi Avropa ölkələrini də özünə tabe etdimək mövqeyini gizlətmir: “Təəssüf ki, bu iddialar yalnız siyasi təbliğat tezisləri olaraq məhdudlaşmadı, Putin hərbi əməliyyatlara başladı. Əgər Ukraynanı işğal etmək mümkün olarsa, bütün postsovet məkanını işğal istiqamətində başladığı hərbi əməliyyatlar sayıla bilər”.
Arif Hacılı deyir ki, əslində, 1945-ci ildən sonra bütün dünyada başlanan müharibə hadisəsi bu gün oldu: “Bunlar beynəlxalq hüquqa ziddir və nəticə etibarıyla böyük humanitar fəlakət doğuracaq. Qərb dövlətləri gərək prinsipial mövqe tutsunlar, hər hansı sanksiyalarla kifayətlənməsinlər. Bütövlükdə Avrasiya məkanını təhdiddə saxlayan Rusiyanın birdəfəlik susdurulması üçün ciddi tədbirlər görsün”.
“Rusiya bu gün həm də NATO-ya müharibə elan edib”
“Hələlik ilkin sanksiyaların həyata keçirilməsi ilə bağlı məlumatlar var. Amma Qərbin addımları yetərli deyil. Çünki bu müharibə yalnız Rusiya və Ukrayna arasında olan savaş deyil. Rusiya bu gün həm də NATO-ya müharibə elan edib. Bu baxımdan Rusiyanın bu müharibədən məğlub çıxması zəruridir. Ona görə Qərb təsirli tədbirlər həyata keçirilməlidir”, – deyə o bildirib.
Arif Hacılının sözlərinə görə, fevralın 22-də Moskva görüşündə Putin Əliyevə qarşı özünün heç də dostluq münasibəti olmadığını nümayiş etdirib: “Çünki belə bir məqamda Əliyevin Moskvaya dəvət edilməsi onu kifayət qədər çətin duruma saldı. Bu səfərlə İlham Əliyevin həm Azərbaycan cəmiyyətin qarşısında nüfuzdan düşməsi baş verdi, həm Qərb, həm də Türkiyə və Ukrayna ilə münasibətlərinə ağır zərbə dəydi”.
“Düzdür, İlham Əliyev bir neçə həftə əvvəl Kiyevdə olarkən Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Amma 22 fevral bəyannaməsi və ondan sonra Azərbaycanın mövqelərində hər hansı bir dəyişikliklərin başlanması Bakı üçün çox ciddi problemlər yarada bilər. Ona görə hakimiyyət bu müharibəylə bağlı mövqeyini açıq ortaya qoymalıdır”, – deyə Müsavat başqanı qeyd edib, – “Əgər Ankara belə bəyanat veribsə də, Bakı da Rusiyanın Luqansk və Donetskdə keçirdiyi hərbi əməliyyatlar haqda münasibətini açıqlamalıdır. Hökumətin milli təhlükəsizlik prizmasından yanaşaraq atacağı addımlar yalnız bundan ibarət olmalıdır”.
Avropada mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov 24 fevral hadisələrini hərbi təcavüz hesab edir: “Rusiyanın məqsədi Ukraynanı işğal edib, hakimiyyətdə olan siyasi qüvvələri devirib, “5-ci kolon”u hakimiyyətə gətirməkdir. Artıq Ukraynada müharibə gedir və Ukrayna ordusu Rusiya sərhədini keçməyib, əksinə olub”.
“Qərb güc göstərsə, Putin dayanacaq”
Qərbin mövqeyinə gəlincə, Rauf Mirqədirov deyir ki, bəyanat kifayət qədər kəsindir: “Amma artıq bəyanatlar və diplomatiya zamanı deyil. Müharibənin saxlamaq üçün güc nümayişi lazımdır”.
Onun fikrincə, bu müharibədə Rusiya iqtisadiyyatı iflic vəziyyətinə salınacaq və nəticə etibarıyla şimal dövləti növbəti məğlubiyyətə gətirib çıxaracaq: “Bu, Rusiya tarixində dəfələrlə olub. Çünki Rusiya tarixi boyu normal iqtisadiyyat qura bilmədiyindən, məğlubiyyətə məhkumdur. Düzdür, yaxın perspektivdə bunlar olmayacaq. Bu gün başlanan savaşda qurbanların sayı artacaq. Əgər Qərb güc göstərsə, Putin dayanacaq”.
“Məsələ ondadır ki, Putinin məqsədi Ukrayna və ya SSRİ-ni bərpa etmək deyil. Onun yeganə istəyi öz hakimiyyətini uzatmaqdır. Bunu da o, işğal yoluyla edir. Çünki Rusiya cəmiyyətinin böyük hissəsində imperiya təfəkkürü hökm sürür. Putin də onları başqa şeylə təmin edə bilmədiyindən, “şovinizm sümüyü”nü ortaya atıb reytinqini qaldırır. 2008-2014-cü il hadisələri dediklərimi təsdiqləyir. Nəzərə alın ki, son illərdə Putinin reytinqi 30 faizə enmişdi, bu, onun hakimiyyəti zamanı çox aşağı reytinq idi”, – Mirqədirov belə deyir.
Siyasi şərhçi “Azərbaycan hansı mövqeyi tutacaq?” sualına qısa cavab verib: “Azərbaycan dəvəquşu mövqeyi tutacaq”.
Meydan TV Milli Məclisdə hakim partiyanı təmsil edən deputatlar Hikmət Babaoğlu, Elman Nəsirov və Elman Məmmədovla əlaqə saxlamağa cəhd etsə, onlar telefona cavab verməyiblər.
Deputat Musa Qasımlı isə iclasda olduğunu deyərək telefonunu qapadıb.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.