“Rusiya təcrübəsi ofşor zonalardan vəsaitlərin geri gətirilməsini mümkünsüz etdi”

Nazim Məmmədov: “Pambıqçılıq, tütünçülük sahələri üzrə qanun qəbul olunarsa, Milli Məclisin belə bir addım atacağını gözləmək mümkündür”

Source:


Nazim Məmmədov: “Pambıqçılıq, tütünçülük sahələri üzrə qanun qəbul olunarsa, Milli Məclisin belə bir addım atacağını gözləmək mümkündür”

Azərbaycanda ofşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələr gedir. Fineco.az agentliyinin məlumatına görə, artıq maliyyə ofşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.

Ancaq layihənin təfərrüatları hələ məlum deyil.

Məlumatı Meydan TV-yə şərh edən sabiq deputat, iqtisadçı Nazim Məmmədov belə bir qanunun qəbul ediləcəyini güman etmir: “Ancaq Azərbaycanda pambıqçılıq, tütünçülük sahələri üzrə qanun qəbul olunarsa, Milli Məclisin belə bir addım atacağını gözləmək mümkündür. İstənilən ad altında bu cür qanun ola bilər, sadəcə, işlək mexanizmi olmadığından belə qanunun tətbiqini ehtimal etmirəm. Xatırlayırsızsa, Ukrayna təcavüzündən sonra Rusiyadan kifayət qədər maliyyə çıxarışı baş verdi. Həmin vaxt prezident Putin oliqarxlara ofşor zonalardakı vəsaitlərini gətirmək tapşırığı verdi. Yəni stimullaşdırıcı tapşırıq idi, daha yaxşı iqtisadi şərtlər yaradılır, amma vəsaitlərinizi gətirin. Hətta Rusiya Nazirlər Kabineti bu yöndə stimullaşdırıcı addımlar atdı. Amma yenə də ölkədən xaricə maliyyə axınının qarşısını ala bilmədi. Beləliklə, Rusiya təcrübəsi ofşor zonalardan vəsaitlərin geri gətirilməsini mümkünsüz etdi”.

Nazim Məmmədov hesab edir ki, iqtisadi şərtlər o qədər yüngül olmalıdır ki, iş adamları vəsaitlərini öz ölkəsində işlətsinlər: “Məsələ ondadır ki, Azərbaycanda iqtisadi şərtlər fərqlidir, inhisarçılıq, başqasının əmlakını zorla ələ keçirmək adi hala çevrilib. Konkret olaraq, 2012-ci ildə “Baku Steel Company”nin başına gələnləri xatırlatmaq yetər. Bütün bunların fonunda hətta oliqarx, vəzifəli şəxs olsun, heç kəs vəsaitlərini ölkəyə gətirməz. Əslində, hökumət çoxlu qanunlar qəbul etməməlidir, qanunların adı dəyişdikcə, mahiyyəti dəyişmir. Ona görə hökumət ayrı-ayrı proqramlar hazırlayıb stimullaşdırıcı addımlar atmalıdır. Birinci növbədə inhisarçılıq aradan qaldırılmalı, Nazirlər Kabinetinin strukturu dinamik vəziyyətə gətirilməli, bir-birini təkrar edən qurumlar ixtisar olunmalı və xərclər azaldılmalıdır. Hamı əmin olmalıdır ki, biznes fəaliyyəti təhlükəli deyil, kredit resursları əlçatan olmalıdır. Bir sözlə, normal bazar münasibətləri formalaşdırılmalıdır ki, insanlar ofşor zonalara üz tutmasın. Baxın,  dövlət şirkətləri Gürcüstanda, Türkiyədə, Moldovada və başqa ölkələrdə milyardlarla vəsait qoyur, ordan da ofşor zonalara keçir. Yəni bunun mexanizmi budur”.

Ana səhifəXəbərlər“Rusiya təcrübəsi ofşor zonalardan vəsaitlərin geri gətirilməsini mümkünsüz etdi”