13.58.
Müsavat Partiyası da Rusiya sülhməramlılarının gətirilməsindən narahatdır
Müsavat Partiyası Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanatda Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğalçı qüvvələrdən tezliklə azad olunmasını nəzərdə tutan müddəanı müsbət qiymətləndirir. Amma partiya Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisinə gətirilməsini nəzərdə tutan müddəanın Azərbaycanın Konstitusiyasına və qanunlarına zidd olduğunu, ölkənin suverenliyinə təhdid təhlükəsi yarada biləcəyini bəyan edir.
Müsavat Partiyası narahatdır ki, rəsmi açıqlamalarda Türkiyə Cümhuriyyətinin nizamlanma prosesində iştirakının nəzərdə tutulduğu bildirilsə də, razılaşma sənədində bu haqda müddəa yoxdur.
Müsavat Partiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasında razılaşma sənədləri ikitərəfli qaydada imzalanmalı, davamlı sülhün təminatçısı olacaq dövlətləri tərəflər özləri seçməlidir:
“Müsavat Partiyası Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurların oğurlanması ehtimallarından narahatlığını ifadə edir və Azərbaycan hakimiyyətini bundan sonra gedən siyasi-diplomatik danışıqlarda müharibənin indiki nəticələrinə və xalqın iradəsinə əsaslanmağa çağırır”.
***
Siyasi təşkilatlar Rusiya sülhməramlılarının Qarabağa gəlişini suverenliyə təhdid hesab edirlər
“Azərbaycan xalqının və Milli Məclisin məlumatı, razılığı olmadan, heç bir ictimai müzakirə keçirilmədən, ölkə müxalifətinin və vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmadan, heç bir hüquqi əsas olmadan gecə ilə, gizlin bir şəkildə Rusiya Silahlı Qüvvələrinin Sülhməramlı kontingentinin daxil olması Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlara qarşı ciddi təhdiddir və Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə kəskin ziddiyyət təşkil edir”.
Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında belə deyilir. Milli Şura hesab edir ki, Azərbaycan ərazisində Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsi dövlət suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlara qarşı ciddi təhdiddir və Konstitusiyanın müddəaları ilə kəskin ziddiyyət təşkil edir.
Bəyanatda xatırlanır ki, 1920-ci ildə Rusiya ordusu Azərbaycan Xalq Cumhuriyyətini işğal edib, onun mövcudluğuna son qoyub:
“Mərhum prezident Əbülfəz Elçibəyin siyasi iradəsi və dirənişi hesabına 1993-cü ildə böyük çətinliklə çıxarılan Rusiya Ordusunun yenidən və gözlənilmədən qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir. Rusiya Silahlı Qüvvələrinin 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı, 1992-93-cü illərdə Qarabağ torpaqlarının işğalındakı məşum rolu, eləcə də Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım və Donbas bölgələrinin işğalındakı birbaşa iştirakı Azərbaycan xalqının yaddaşından silinməyib. 27 sentyabrda başladılan əks-hücum əməliyyatı müddətində də biz, təəssüf ki, Rusiyanın birtərəfli qaydada işğalçı Ermənistan Respublikasını silahlandırmasının, hətta Moskva danışıqlarında iştirak edən Ermənistanın Xarici işlər nazirinin mülki təyyarəsilə Yerevana silah və digər hərbi yüklər göndərilməsinin şahidi olduq. Azərbaycan Müdafiə Nazirliyi, Prezident Administrasiyasının rəsmiləri və hətta prezident səviyyəsində dəfələrlə Ermənistanı silahlandırdığına, göndərilən 400 tonluq hərbi yüklə bağlı Rusiyaya etiraz bildirilib. Döyüş meydanında böyük strateji üstünlüklər əldə etdiyimiz, az qala Xankəndini işğalçılardan azad etdiyimiz və Ermənistanın dövlət rəsmilərinin bunu açıq şəkildə etiraf etdiyi bir vaxtda Azərbaycan siyasi rəhbərliyinin ordumuzun müzəffər yürüşünü dayandıraraq Rusiya Ordusunu ölkəyə dəvət etməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz doğurub”.
Milli Şura sual edir ki, Rusiya Ordusunun Azərbaycanın dövlət suverenliyindən güzəşt hesabına Qarabağ ərazisinə yerləşməsi qarşılığında ətraf bölgələri siyasi danışıqlar yolu ilə azad etmək mümkün olduğu halda niyə Azərbaycan xalqı son həftələr ərzində minlərlə şəhid verməli idi?!
“Axı münaqışə predmeti Dağlıq Qarabağ ətrafındakı yeddi rayon deyil, Yuxarı Qarabağın özüdür. Yuxarı Qarabağın statusuna heç bir aydınlıq gətirmədən, daha öncədən prezident səviyyəsində tələb edildiyi kimi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan, Yuxarı Qarabağın Şuşa və Hadrut istisna olaraq əksər əraziləri ermənilərin nəzarətində qaldığı halda bölgəyə Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın sülhməramlılarının yeridilməsi Qarabağ torpaqlarının taleyilə bağlı ciddi narahatlıq doğurur.
Xüsusilə də, bütün Azərbaycan müxalifətinin, rejimin ən sərt tənqidçiləri olaraq bizim dövlətimizə və ordumuza qurtuluş savaşında birmənalı və açıq dəstəyimiz fonunda İlham Əliyevin gecə ilə Rusiya və Ermənistan siyasi rəhbərliyilə atəşkəs sazişi imzalayaraq ordumuzun qalibiyyət yürüşünü durdurması, nəzarətə götürdüyü strateji mövqelərdən geri çəkilməsi və rus qoşunlarını ölkəyə dəvət etməsi ciddi suallar yaratmaya bilməz. Savaşın ilk günlərindən bütün imkanları ilə Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyənin də masadan kənarda saxlanılması ölkəmizin çıxarları baxımından böyük itkidir”.
Bəyanatda Azərbaycan hökumətindən təcili qaydada beynəlxalq birlik – Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmış şəkildə Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması istiqamətində addımlar atmaq tələb olunur:
“Yuxarı Qarabağ – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Azərbaycan xalqı heç bir təzyiq və təhdid qarşısında öz topaqlarının bir qarışından imtina etməyəcək və gec-tez bütün Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edəcəkdir”.
“Rusiya sülhməramlılarının Azərbaycana buraxılması bütün üstün mövqeləri zəiflədir”
REAL Partiyasının üçtərəfli razılaşma ilə bağlı yaydığı bəyanatda isə qeyd olunur ki, müqavilə ərazilərin işğaldan azad olunması üçün Azərbaycanı ümumən daha üstün mövqe ilə təmin etsə də, tam qələbə anlamına gəlmir:
“Ağdam, Kəlbəcər və Laçın rayonlarının yaxın həftələrdə dinc yol ilə qaytarılması haqda müddəanı müsbət qarşılasaq da, bu rayonların indiki inzibati sərhədlərinin, yoxsa Sovet vaxtındakı sərhədlərinin nəzərdə tutulduğu məlum deyil. 3 dövlət başçısının imzaladağı sənəddə Dağlıq Qarabağın statusu haqda hər hansı bəndin olmaması Minsk Qrupu çərçivəsində aparılan proses ilə müqayisədə müsbət haldır. Amma işğal altında qalan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı, Laçın şəhərlərində və kəndlərdə mülki idarəetməni kimin həyata keçirəcəyi məlum deyil. Naxçıvanla nəqliyyat xətlərinin açılması bəyanatın müsbət tərəflərindən biridir, lakin bu xəttin etibarlılığı və funksionallığı suallar doğurur”.
Partiya hesab edir ki, Rusiya sülhməramlılarının Azərbaycana buraxılması bütün üstün mövqeləri zəiflədir:
“Azərbaycan qanunlarına əsasən, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə ancaq parlamentin razılığı ilə gələ bilər. Belə qərar olmadan ordunun ərazimizə daxil olması işğal anlamına gəlir”.
REAL Partiyası eyni zamanda, sülh müqaviləsinin konturlarının aydın göstərilmədiyi qənaətindədir:
“Halbuki, sülh müqaviləsinə Azərbaycan ərazi bütövlüyünün tam bərpa olunması, 1 dekabrdan sonra hələ də işğal altında qalacaq ərazilərdə idarəetmənin və hüquqi münasibətlərin Azərbaycan qanunları əsasında qurulması, 1987-ci ildə başlamış bu münaqişəyə aid olan bütün ərazilərdə insanların haqlarının təmin edilməsi müddəaları daxil edilməlidir”.