Rusiya səfirliyindən Zabrat qəbiristanlığındakı dağıntılara reaksiya

Rusiyanın Azərbaycandakı səfirliyi. Foto: arxiv

“100-ə yaxın soydaşımızın məzarına ziyan vurmuş vandalizm aktını qətiyyətlə pisləyirik”

Rusiyanın Azərbaycandakı səfirliyi Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqdakı dağıntılara reaksiya verib.

Səfirlik baş verənləri “narahatlıq və qəzəb doğuran” hadisə kimi qiymətləndirib.

Bu barədə səfirliyin 19 aprel açıqlamasında deyilir.

Səfirlik hesab edir ki, “bu yaramaz hərəkətin” miqyasını nəzərə aldıqda, bunu təsadüfi xuliqanlıq saymaq çətindir:

“Tolerantlıq və multikulturalizm siyasəti yürüdən Azərbaycanda bunun baş verməsi təəssüf doğurur. Əməlin mahiyyəti rəsmi qiymətin olacağına əsas verir”.

“100-ə yaxın soydaşımızın məzarına ziyan vurmuş vandalizm aktını qətiyyətlə pisləyirik. Bu, narahatlıq  və qəzəb dogurur. Səfirliyin əməkdaşları bütün təfərrüatları öyrənmək üçün dərhal hadisə yerinə gediblər. Biz yerli hakimiyyət orqanları və Azərbaycanın rus icması ilə sıx əlaqə saxlayırıq”, – deyə səfirlik əlavə edib.

Diplomatik korpus hadisəyə hüquq-mühafizə orqanlarının cəlb olunmaqla operativ reaksiyasına və cinayət işinin başlanmasına görə Azərbaycanın rəhbərliyinə təşəkkür edib:

“Sınıq məzar daşlarının və abidələrin bərpa olunacağına dair təminatların alınması vacibdir. Ümid edirik ki, bu vəhşi cinayəti törədənlər tapılaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunacaq və cəzalarını alacaqlar”.

Dünən Azərbaycanın Rus icması da baş verənlərin hiddət doğurduğunu bildirmişdi.

Qeyd olunub ki, Baş prokurorun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.

Aprelin 19-da Bakının Sabunçu Rayon Polis İdarəsi Zabrat kəndində xristian qəbiristanlığının dağıdılması ilə bağlı qəbirlərin təhqir edilməsi maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, 100-ə yaxın məzar dağıdılıb.

Ana səhifəSiyasətRusiya səfirliyindən Zabrat qəbiristanlığındakı dağıntılara reaksiya