İsrail səfirinin müavini: İsrailin Azərbaycandakı səfirliyi Lapşinin işi ilə məşğul olur və müvafiq qurumlarla əlaqə saxlayır
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib
Nota fevralın 7-də Belarusun Azərbaycana təhvil verdiyi bloqqer Aleksandr Lapşinlə bağlıdır.
Səfirliyin mətbuat katibi Denis Apaşkin bu barədə APA-ya deyib ki, Konsulluq şöbəsi əməkdaşlarının Rusiya vətəndaşı Aleksandr Lapşını ziyarət etməsinə icazə verilməsi üçün səfirlik Xarici İşlər Nazirliyinə nota göndərib.
Rusiya Xarici İşlər Nazirliyi isə baş verənlərdən təəssüfləndiyini gizlətməyib:
“Rusiya tərəfi Belarusun müttəfiqlik ruhuna cavab verməyən qərarından dərin təəssüf hissi keçirir”.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Lapşinin taleyi haqda danışıqlar aparılmadığını söyləsə də, bloqqerin müdafiəsi istiqamətində bütün lazımi hüquqi addımların atıldığını vurğulayıb.
İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom bildirib ki, “Biz cənab Lapşinin işi üzrə hadisələrin inkişafını diqqətlə izləyirik və diplomatik və konsulluq kanalları ilə müvafiq tərəflərlə əlaqə saxlayırıq”.