Şairin həbsi iki dövlət səviyyəsinə qalxdı
Həbsdə olan şair Saday Şəkərlinin ailəsi Rusiya prezidenti Vladimir Putinə müraciət göndərib. Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi şairin oğluna cavab göndərib:
“Hörmətli, Əsəd Saday oğlu.
Sizin atanız Şəkərov Saday Əsəd oğlunun Azərbaycan Respublikasında həbs olunmasıyla əlaqədar müraciətinizlə bağlı bildiririk:
10 fevral tarixində Rusiya səfirliyi adından Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərilmişdir. Notada Saday Şəkərlinin Rusiya vətəndaşı olaraq hansı əsasla həbs olunmağına aydınlıq gətiriləməsi tələb olunur.
Həmçinin səfirliyin diplomatik nümayəndəsinin Rusiya Federasiyası və Azərbaycan Respublikasının arasında 6 iyun 1995-ci il Konvensiyasına uyğun olaraq Saday Şəkərli ilə görüşməsinə icazə verilsin. Notada Saday Şəkərlinin həbs olunmasına Rusiya ictimaiyətinin reaksiyası da qeyd olunub. Notaya cavab aldığımızda sizi məlumatlandıracağıq.
Hörmətlə : Konsulluq şöbəsinin müdiri: O. Dmitreva”
Bundan əvvəl Saday Şəkərlini üzv olduğu Rusiya Federasiyasının Yazıçılar birliyi, həmçinin Başqırdstan Respublikasının Yazıçılar Birliyi də şairin azadlığa buraxılması ilə bağlı bəyanat verib.
Azərbaycanda da Saday Şəkərlinin həbsi ilə bağlı tanınmış siyasi, ictimai xadimlərdən ibarət müdafiə komitəsi yaranıb və onlar da onun azadlığa buraxılması üçün müraciətlər ünvanlayıblar.
Saday Şəkərli Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Şair özü isə ittihamın uydurma olduğunu, həbsinin “Qurd ürəyi” kitabı ilə bağlı olduğunu bildirir.
Onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsindən verilmiş şikayətlər Binəqədi Rayon məhkəməsi tərəfindən təmin edilməyib. Vəkillər apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya məhkəməsində fevralın 26-sı saat 16-da baxılacaq.