Azərbaycan rəsmiləri Minsk Qrupunun fəaliyyətindən narazıdır
İyunun 19-da Azərbaycanda olan ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevlə və bir sıra rəsmilərlə görüşüblər.
Diplomatlar Bakıdan öncə bölgəyə səfərləri çərçivəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində olublar.
Həmsədrlərin yekunda verdiyi bəyanatda bildirilirdi ki, bu səfərin məqsədi Moskvada baş tutmuş nazirlər səviyyəsində son üçtərəfli görüşdən sonra tərəflərin mövqeyini müzakirə etmək idi. Həmsədrlər bundan əvvəl isə cəbhədə atəşkəsin pozulması ilə bağlı narahatlıqlarını bildirmişdilər. Onlar tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırırdılar.
Ancaq diplomatların səfərləri Azərbaycanda birmənalı qarşılanmadı. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov
mətbuata açıqlamasında həmsədrlərin səfərini nəticəsiz saymışdı:
“ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir bölgəyə səfər edirlər. Ancaq heç bir nəticə yoxdur. Onlara ayıb olsun ki, 20 ildir gəlib-gedirlər, ancaq heç bir nəticə əldə etmirlər”.
Rusiya XİN mətbuat katibi Mariya Zaxarova isə həmsədrlərin regiona səfərinin yekunlarına dair bəyanatının Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirdiyini söyləyib.
O deyib ki, həmsədrlərin bəyanatında Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub.
Bununla yanaşı M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir.
“Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev də həmsədrlərin səfərinə reaksiya verib.
Bildirib ki, həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar:
“Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansiv danışıqlara çağırdı. Helsinki yekun aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə Mariya Zaxarovanın diplomatiya xatirinə danışdığını deyib:
“Problem ondadır ki, Moskvanın öz maraqları olduğundan Minsk Qrupunun planlarıyla hesablaşmır. Rusiyanın məqsədi öz qoşunlarını sülhməramlı qüvvələrin tərkibində Azərbaycana qaytarmaqdır”.
H.Hacızadə deyib ki, Minsk Qrupuna iradlar haqlı olsa da, tam olaraq qəbulolunmazdır. Çünki Minsk qrupu tribunal deyil, qrupun mandatında əmr vermək, qərar qəbul etmək yoxdur. Minsk Qrupu danışıqlarda vasitəçilik edir, təkliflər, planlar verir. Məsələn, Madrid Prinsipləri variantı kimi. Bəli, Minsk Qrupu ölkələrinin imkanları daha böyükdür, onlar daha böyük işlər görə bilərdilər, irad da bunadır. Sadəcə, Rusiyanın heç kimlə hesablaşmamağı indiki vəziyyəti yaradıb”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.