Putin Ukrayna sərhədi boyunca “bufer zona” yaratmaq qərarı verdiyini bəyan edib
Rusiya ordusu mayın 23-də kütləvi dron hücumu zamanı Ukraynanın İvano-Frankovsk və Çernovtsi vilayətlərinə hücum edib.
Bu barədə müvafiq vilayət administrasiyaları məlumat yayıb.
Prykarpatyada səhər saatlarında hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərib. Kolomıya rayonunda binaların və nəqliyyat vasitələrinin zədələnməsi barədə məlumatlar var.
Bukovinada isə Rusiya PUA-ları sübh vaxtı hücum edib. Vilayət administrasiyası hava hücumundan müdafiə qüvvələrinin bir neçə düşmən hədəfini məhv etdiyini bildirib.
Çernovtsi vilayətinin bir rayonunda dəmir yolu stansiyasına düşən qalıqlar nəticəsində yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb.
“Ukrzaliznytsia” (Ukrayna Dəmir Yolları) isə bildirib ki, hücum nəticəsində dəmir yolu infrastrukturu zədələnib, lakin qatarların hərəkəti davam edir.
Bu arada Rusiya Prezidenti Vladimir Putin Ukrayna sərhədi boyunca “bufer zona” yaratmaq qərarı verdiyini bəyan edib.
Bu barədə o, hökumət üzvləri ilə keçirdiyi iclasda bəyan edib.
“Zəruri təhlükəsizlik bufer zonasının sərhəd boyunca yaradılması barədə qərar qəbul olunub. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirirlər, düşmənin atəş nöqtələri fəal şəkildə susdurulur, iş davam edir”, – deyə Putin bildirib.
Onun hansı ərazidən danışdığı dəqiq bəlli olmasa da, çıxışında Ukraynanın şimalı ilə sərhəddə yerləşən Kursk, Belqorod və Bryansk vilayətlərindəki vəziyyəti qeyd edib.