Rusiya qərar verdi: Avropa Məhkəməsinin qərarı icra olunmaya bilər

Əkrəm Həsənov: “Ümid edirəm, Azərbaycan heç olmasa bu məsələdə Rusiyanı yamsılamayacaq”

Erkin Qədirli: “Avropa İnsan Haqları Konvensiyasında öhdəliklərlə bağlı Kremlə problemlər yarana bilər”

Source:


Əkrəm Həsənov: “Ümid edirəm, Azərbaycan heç olmasa bu məsələdə Rusiyanı yamsılamayacaq”


Erkin Qədirli: “Avropa İnsan Haqları Konvensiyasında öhdəliklərlə bağlı Kremlə problemlər yarana bilər”

İyulun 14-də Rusiya Konstitusiya Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Rusiya Konstitusiyasına zidd olan bəzi qərarların ölkədə icra olunmayacağı haqqında qərar verib. Qərar bir qrup deputatın sorğusuna cavab olaraq qəbul olunub.

Sözügedən qərarda Böyük Britaniya, Almaniya, Avstriya və İtaliyanın analoji yanaşmasına istinad edilir.

Bu barədə Facebook səhifəsində yazan hüquqşünas Əkrəm Həsənov bildirib ki, Rusiya Konstitusiya Məhkəməsinin istinadı doğru olsa da, suallar doğuran məqamlar da var. Əvvəla, Rusiya Konstitusiyasının 15-ci maddəsinə əsasən Rusiyanın qoşulduğu beynəlxalq müqavilələr milli qanunvericilikdən üstün hüquqi qüvvəyə malikdir. Rusiyanın qoşulduğu beynəlxalq müqavilə isə Avropa Məhkəməsinin qərarlarının icrasını tələb edir. Digər tərəfdən isə Rusiyanın hüquq sisteminin səviyyəsi və məhkəmələrinin müstəqilliyi nəinki Böyük Britaniya və Almaniya kimi hüquq nəhəngləri ilə, eyni zamanda, həm Roma hüququnun, həm də mafiyanın vətəni olan İtaliya ilə də müqayisə oluna bilməz.

“Rusiyadan qat-qat irəlidə olan dövlətlər belə Avropa Məhkəməsinin qərarlarını qeyd-şərtsiz icra edir. Niyə? Ona görə ki, hüquq sistemlərini qüsurlu hesab edirlər və daha yüksək standartlara cavab vermək, inkişaf etmək istəyirlər. Yeri gəlmişkən, Avropa Məhkəməsinə daxil olan şikayətlərin üçdə biri məhz Rusiyadandır. Yəqin ki, bundan sonra azalar, çünki mənası olmayacaq”,-deyə Həsənov bildirib.

Hüquqşünas qərarın MDB məkanına, o cümlədən Azərbaycana da təsiri ola biləcəyini ehtimal edir: “Hüquqşünaslarımızın əksəriyyəti, o cümlədən hakimlərimizin bir qismi, hətta Konstitusiya Məhkəməmiz belə Rusiya qanunvericiliyini və hüquq təcrübəsini bir çox hallarda özünə örnək hesab edir, ona istinad edir. Sözügedən məsələdə isə bizim bu yanaşmanı rəhbər tutmağımız Rusiyadan da asan olacaq. Çünki bizim Konstitusiyada (151-ci maddə), Rusiyadan fərqli olaraq, birbaşa yazılıb ki, Konstitusiya ilə (və referendumla qəbul edilən aktlarla) Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, Konstitusiyamız tətbiq edilir. Bu isə o deməkdir ki, biz də Avropa Məhkəməsinin hər hansı qərarını Konstitusiyamıza zidd hesab edərək, icra etməyə bilərik. Problemi kəskinləşdirən həm də odur ki, Rusiyada, bizdən fərqli olaraq, heç olmasa az da olsa hüquq elmi var, oranın Konstitusiya Məhkəməsi qanunsuz qərarlarını belə dərindən əsaslandırmağa çalışır, bu da müəyyən mənada qanunsuzluğun da müəyyən sərhədlərinin olduğundan xəbər verir. Bizdə isə primitiv şəkildə ağa qara da deyilə bilər. Məsələn, necə ki, Konstitusiya Məhkəməsi bu ilin mayında xarici valyutada olan kreditlər üzrə bankların xeyrinə qanunsuz (və əsaslandırmağa heç cəhd belə etmədən) qərar qəbul etdi”.

Amma Əkrəm Həsənov ümid edir ki, Azərbaycan heç olmasa bu məsələdə Rusiyanı yamsılamayacaq.

REAL İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Erkin Qədirli qərarla bağlı Meydan TV-nin sualına cavab verib: “Rusiya Konstitusiya Məhkəməsi məlum qərarı bir qrup deputatın sorğusu ilə verib. Bu mənada qərarın siyasi sifariş olduğu anlaşılır. Məqsəd aydındır, Rusiya hökumətini qane etmədiyi halda Avropa İnsan Haqları Məhkəməsinin qərarından yayınmaq. Heç də təəccüblü deyil ki, qərar Avropa İnsan Haqları Məhkəməsinin “Yukos” haqqında qərarından sonra ortaya çıxdı. Çünki Rusiya qərarı icra etməyəcəyini bəyan edəndən sonra bu dövlətin Avropanın bir sıra ölkələrindəki əmlakına həbs qoyuldu. Rusiya indi öz bəyanatına hüquqi don geyindirmək istəyir. Yeri gəlmişkən, uzun illər icraatda olan “çeçen işləri” də gəlir. Avropa İnsan Haqları Məhkəməsi “çeçen işləri”ndə də irimiqyaslı təzminatlar tələb edir. Bu gün Rusiyanın maliyyə durumunun da pisləşdiyini nəzərə alsaq, belə bir sifarişlə deputatlar Konstitusiya Məhkəməsinə sorğu göndərdilər”.

Erkin Qədirli Rusiya Konstitusiya Məhkəməsinin qərarının çox ümumi, şərh formasında olduğunu və konkret faktlara əsaslanmadığını deyir: “Yalnız işin konstitusiyaya ziddiyyətini görəcəksə, Konstitusiya Məhkəməsinə sorğu göndəriləcək və sorğuya cavabdan hər şey aydın olacaq. Bax, belə bir “ayaq yeri qoymaqla” hüquqi don geyindiriblər. Əlbəttə ki, Rusiya Konstitusiya Məhkəməsinin qərarı bəhanədir və hansısa işlə bağlı yox, deputatların sorğusu ilə bağlı şərh verilməsi siyasi sifarişi aydın göstərir. Əgər Rusiya prosesi davam etdirsə, Avropa İnsan Haqları Konvensiyasında öhdəliklərlə bağlı Kremlə problemlər yarana bilər. Nazirlər Kabineti əlavə tədbirlər haqqında qərar verər. Onsuz da Rusiyanı AŞ PA-da səsvermə hüququndan məhrum ediblər. Gələcəkdə üzvlükdən də çıxara bilərlər, başqa sanksiya yoxdur”.

“Azərbaycanın da analoji addım atması mümkündürmü” sualına Erkin Qədirli cavab verib ki, rəsmi Bakı son illər Rusiyadan çox şeyi götürür, istəsələr bunu da edərlər.

Ana səhifəXəbərlərRusiya qərar verdi: Avropa Məhkəməsinin qərarı icra olunmaya bilər