Hücum nəticəsində yaralananlar var
Rusiya pilotsuz təyyarələrlə Ukraynanın Odessa şəhərinə hücum edib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə pilotsuz təyyarənin yaşayış binasına çırpılması nəticəsində baş verib. Olaydan sonra altı nəfərlə əlaqə kəsilib, onların dağıntılar altında qaldığı ehtimalı var.
“Rusiya dinc əhaliyə qarşı mübarizəni davam etdirir. Pilotsuz təyyarələrindən biri Odessada yaşayış binasını vurub. 18 mənzil dağılıb, insanlar ölüb”, – Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da yazıb.
O, həmçinin hadisə ilə bağlı video-görüntü də paylaşıb. Həmin videoda bir neçə mərtəbəli hündürlüyündə olan yaşayış binasının dağıldığı, xilasedicilərin ərazidə çalışdığı əks olunub.
Zelenski bildirir ki, pilotsuz təyyarə İran tərəfindən təchiz edilmiş böyük, qanadlı “Şahed” olub. Odessanın regional qubernatoru Oleh Kiper yerli vaxtla səhər saat 8:30-da dağıntıların təmizlənməsi üçün işlərin davam etdiyini bildirib. Həmçinin binanın zirzəmisindən bir adamın diri-diri çıxarıldığını söyləyib.