Rusiya MN: “Dağlıq Qarabağdan Kiyev və Zaporojye vilayətlərinə yardım edilib”

Azərbaycan-Rusiya. Foto: Leonid Altman/shutterstock

Azərbaycan MN: “Verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir”

Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev Ukraynanı humanitar dəhlizlərin yaradılması ilə bağlı heç bir şərti yerinə yetirməməkdə ittiham edib.

O, rəsmi Kiyevin radikalların təsir dairəsində olduğunu deyərək əlavə edib ki, hökumət baş verənlərə nəzarəti itirib.

“Ukraynanın humanitar dəhlizlərin açılmasına razılıq verilməsi ilə bağlı yalnız bu gün səhər saat 7:10-da rəsmi cavab alındı. Ancaq Kiyev Rusiya istiqamətində açıq humanitar dəhlizləri qəsdən göstərmədi”, – Mixail Mizintsev bildirib.

M.Mizintsev Ukraynaya 900 tona yaxın humanitar yük çatdırıldığını söyləyib.

Mixail Mizintsev Dağlıq Qarabağdan da yardım alındığını açıqlayıb.

“Suriyadan 50 ton ərzaq, Kiyev və Zaporojye vilayətlərinin sakinləri üçün isə Dağlıq Qarabağdan 14 ton zəruri mallar gətirilib”,-deyə o, bildirib.

Azərbaycan Müdafiə Nazirliyi M.Mizintsevin açıqlamasını “qəbuledilməz” adlandırıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.

Müdafiə Nazirliyi Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidinin olmadığını bildirib:

“Rusiya tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub”.

“Rusiyanın rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub. Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”,-deyə nazirlik bildirib.

Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyini Azərbaycanda mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.

Ana səhifəSiyasətRusiya MN: “Dağlıq Qarabağdan Kiyev və Zaporojye vilayətlərinə yardım edilib”