Zakir Həsənov

Mənbə: arxiv

Başlıq: Zakir Həsənov

“Rusiya mətbuatında yer alan təhlil Zakir Həsənovun siyasi savadsızlığının göstəricisidir”

Məqalə yeniləndi:  30 İyun 2020

“Zakir Həsənov kimin əmrlərini icra edir, Əliyevin yoxsa Şoyqunun?”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2016-cı ilin aprelində döyüşlərin Rusiya müdafiə naziri Sergey Şoyqunun telefon zəngi nəticəsində dayandırılması barədə dedikləri Rusiya mətbuatı tərəfindən kəskin tənqid edilib. Qonşu ölkənin KİV-ləri Zakir Həsənovun kimə tabe olması barədə sual ediblər.

İyunun 22-də bir sıra yerli media orqanına müsahibə verən Zakir Həsənov deyib:

“Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi. Sergey Şoyqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub. Mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.

Rusiyanın bir sıra media orqanları Zakir Həsənovun dediklərinə kəskin reaksiya veriblər:

“Zakir Həsənov kimin əmrlərini icra edir? Müdafiə naziri yalnız ölkə prezidentinin əmrlərini yerinə yetirə bilər. Zakir Həsənov bunu Şoyqunun xahişi kimi təqdim edib. Müdafiə naziri üçün kiminləsə yaxşı münasibətdə olması hərbi əməliyyatların gedişatına təsir göstərə bilməz. Zakir Həsənovun Şoyqudan başqa daha kiminlə yaxşı münasibəti var? Bəlkə növbəti dəfə ona amerikalı senator zəng vuracaq və nəsə xahiş edəcək? Zakir Həsənov həmən onu yerinə yetirəcək? Bəlkə belə bir xahiş olub və ona görə Zakir Həsənov imkan olduğu halda Şuşaya hücum etməyib? Bəlkə hansısa ermənipərəst senator ona məktub yazıb?”

“Zakir Həsənova danışmaq tapşırığını İlham Əliyev verib?"

Rusiyanın digər bir media orqanı Zakir Həsənova bu barədə daışmaq tapşırığının kimdən gəldiyini sual edib.

“Gözlənilməz açıqlaması ilə Zakir Həsənov nəinki özünü, həmçinin prezident İlham Əliyevi, Rusiya tərəfini qəribə vəziyyətdə qoyub. Görünür diplomatik yolla bu sensasiyaya cavab lazım olacaq. Zarafat deyil, müharibə vəziyyətində olan ölkənin müdafiə naziri Rusiyanın onun ölkəsinin daxili işlərinə qarışdığını deyib. İlkin olaraq sual yaranır ki, ona danışmaq barədə tapşırığı İlham Əliyev verib? Müdafiə nazirinin bəyanatı siyasi xarakter daşıyır və ölkənin birinci şəxsinin sanksiyası olmadan səsləndirilə bilməz. Məsəl üçün Sergey Şoyqu belə özfəaliyyətlə məşğul olmur və onun beynəlxalq münasibətlərə dair nadir ictimai çıxışları Putinin dediklərinin təkrarı olur. Zakir Həsənov isə özünü dövlət başçısı kimi aparıb və faktiki olaraq dövlət sirrini açıb”.

“Zakir Həsənovun açıqlaması bacarıqsızlığının sığortalamasıdır”

Azərbaycandan olan ekspertlər də Zakir Həsənovun açıqlamasına təəccübləndiklərini bildiriblər: Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl:

İlham İsmayıl

İlham İsmayıl

Mənbə: Meydan TV

“Mən özüm də Zakir Həsənov bu barədə danışanda təəccüblənmişdim. Təsəvvür edin ki, Rusiya müdafiə naziri Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənova zəng edib deyir ki, bu işi dayandırın. Əməliyyat da demir, iş deyir. Əslində, Zakir Həsənovun həmin açıqlaması özlərinin fərsizliyinin, bacarıqsızlığının Rusiyanın gücü qarşısında sığortalamasıdır. Yəni Rusiya bizə dedi və biz də dayandırdıq. Fikir verin, müəllif daha sonra yazır, sabah senator zəng vursa nə edəcəksən? Yeri gəlmişkən, müdafiə naziri Zakir Həsənov Real tv-yə son müsahibəsində demişdi ki, erməni lobbisi Azərbaycanın hərbi təlimlərindən gərginliyə düşdüyündən senatorlara demişdi. Amma nazir sözünün ardını gətirmədi. Belə çıxır ki, Şuşada inaqurasiyanı hədəfə ala bilməməyimizin səbəbi də ABŞ senatorlarının mövqeyidir. Bu, o deməkdir ki, nazir Həsənovun siyasi və hərbi savadı yoxdur. Ona görə deyirəm ki, Rusiya mətbuatında bu müsahibənin təhlili Azərbaycan xalqının və dövlətinin əleyhinə deyil, nazir Həsənovun siyasi savadsızlığının və bacarıqsızlığının göstəricisidir. Bu tip məqalələri müəlliflər öz təşəbbüsüylə qələmə almayıblar. Bu, Rusiya siyasi dairəsinin, bəlkə də Şoyqunun mövqeyidir. Yəni niyə Rusiya dövlətini zərbə altına qoymusunuz”.

“Zakir Həsənov bunu hələ 2016-cı ildə demişdi”

Siyasi icmalçı İlqar Vəlizadə:

İlqar Vəlizadə

İlqar Vəlizadə

Mənbə: Facebook

“Nazir həmin fikirləri “Ria-novosti” saytında 2016-cı ildə də səsləndirmişdi. Nazir özü demişdi ki, Rusiya müdafiə naziri Şoyqu məsələyə müdaxilə edib. Həm ona, həm də Ermənistan müdafiə nazirinə zəng edərək atəşkəsin bərpa olunmasını istəyib. Amma o zaman nazirin açıqlamasına daxili və xarici mətbuatda xüsusi önəm verilmədi. Bəs indi niyə belə şərhlər yayımlanır? Müxtəlif fərziyyələr ola bilər. Əsas fikir odur ki, Ermənistan tərəfi, müdafiə naziri Ohanyan birinci zəng edib Moskvaya. Yəni təcavüzkar dövlətin Kremlə daha çox bağlılığı üzə çıxır. Beləliklə, Ohanyanın zəngindən sonra Şoyqu Zakir Həsənova zəng edib və danışıqlar başlayıb. İndi niyə Rusiya KİV-i buna reaksiya verir. Məsələ ondadır ki, Ermənistan acizdir və qərarı Moskva qəbul edir. Bu mexanizmin açılması onu göstərir ki, həlledici tərəf Ermənistan yox, Rusiyadır. Azərbaycan birbaşa Ermənistanla yox, Rusiya ilə danışıb. Nəzərə alın ki, aprelin 4-də atəşkəs elan olundu, ondan 3 gün sonra Rusiya xarici işlər naziri Lavrov Bakıya gəldi. Güman ki, bu məsələ də müzakirə olunub. Bu, təsadüfü deyildi. Danışıqlar bərpa olundu. Vyana görüşünün gündəliyini cızıblar. Burada bir sıra məsələlər müzakirə olunurdu, o cümlədən, ərazilərin qaytarılması. Gündəmdə Rusiya-Azərbaycan-İran üçtərəfli formatı vardı və bu məsələ daha çox önəm kəsb edirdi. Əsas məqsəd də regionda sabitliyin bərpası idi. Ordumuz erməni qoşunlarını Ohanyan səddindən kənara atmaq niyyətindəydi, buna da nail oldu. Yəni Azərbaycan ordusu lokal məqsədə çatdı. Məncə, Zakir Həsənov subordinasiyanı pozmayıb, prezidentlə məsləhətləşəndən sonra atəşkəs bərpa olunub”.

“Prezidentin göstərişi olmadan hərbi əməliyyatlar dayandırılmazdı”

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov:

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Facebook

“Hesab etmirəm ki, müdafiə naziri Zakir Həsənov prezidentin göstərişi olmadan hərbi əməliyyatları dayandırardı. Yaxud da prezidentin göstərişi olmadan Baş Qərargah rəisi Nəcməddin Sadıqov Moskvaya getməzdi. Ümumiyyətlə, qoşunların hücumu və əməliyyatın dayandırıması barədə göstərişi Ali Baş Komandan verə bilərdi. Telefon danışıqları da müəyyən qərarların yerinə yetirilməsi üçün kommunikasiya vasitəsidir. Tutaq ki, siyasi qərar qəbul olunur, amma bunun yerinə yetirilməsi müdafiə nazirlərinə tapşırılır. Dünya praktikasında belədir. 2016-cı ildə hücum əməliyyatına cəlb olunan hərbi qüvvə və texnika bütövlükdə Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək məqsədi daşımırdı. Əgər işğal olunan bütün ərazilərin azad olunması məqsədi var idisə, çoxlu canlı qüvvədən, aviasiyadan, ağır artilleriyadan çox geniş istifadə edilməliydi. Yəni bununla işğalçının arxa cəbhədəki atəş nöqtələri, istehkamları dağıdılmalıydı. Amma deyilənlərin heç biri yox idi. Deməli, aprel əməliyyatı lokal məqsədliydi. Rusiya mətbuatının bu məsələyə reaksiyası isə Putinin postsovet respublikalarının rəhbərlərinə ciddi təzyiqindən qaynaqlanır. Respublika rəhbərlərinə təzyiqin məqsədi SSRİ-nin başqa formada bərpasıdır. Sözsüz ki, burada ad məsələsi kənara qoyulmalıdır. Kreml siyasi və iqtisadi əlaqələrin bir mərkəzdən idarə olunmasını istəyir. İnteqrasiyanın dərinləşməsi təklifləri MDB üzv dövlətlərinin rəhbərlərinə bir müddət əvvəl çatdırılıb. Fikir verin, Putinin Moskvada keçirdiyi hərbi parada MDB dövlət başçılarının bir çoxu getmədi. Azərbaycan, Ermənistan, Özbəkistan, Türkmənistan. Azərbaycan və Ermənistan rəhbərləri pandemiyanı bəhanə gətirib müdafiə nazirlərini göndərdilər. Özbəkistan prezidenti ad günü olduğunu söylədi. Qazaxıstan prezidenti Tokayev Moskva çıxışında inteqrasiya və hətta federasiya tərəfdarı olduğunu bildirsə də, bunun dövlətin müstəqilliyini məhdudlaşdırmamasını vacib saydı. Belarus prezidenti Lukaşenko özünün müstəqilliyini nümayiş etdirdiyini çalışdı. Sadaladıqlarım Rusiya ilə üzv dövlətlər arasındakı problemləri göstərir və buna şimal ölkənin mətbuatında reaksiya bu şəkildə verildi. Dağıstanda Rusiya OMON-çularının azərbaycanlılara qarşı özbaşınalığı isə biabırçılıq idi və iki ölkə arasında münaisbətlərin hansı vəziyyətdə olduğunu göstərir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lewlpq

Ən çox baxılan