Rusiya mediası ABŞ-ı Qarabağ rəhbərliyinə təzyiq etməkdə günahlandırır

Foto: Cnduk.org

Azər Qasımlı: “”Komsomolskaya pravda” Putinin təklifləri əsasında təbliğat  aparır”

“ABŞ Bakı ilə Stepanakert (Xankəndi) arasında dialoqa birbaşa müdaxilə etmək qərarına gəlib”.

Bunu Rusiyanın “Komsomolskaya pravda” nəşri adını çəkmədiyi mənbələrə istinadən yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini amerikalı kuratorların nəzarəti altında “üçüncü ölkədə” Azərbaycan tərəfi ilə yaxın gələcəkdə görüşə razılaşmağa məcbur edir:

Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, guya onları Azərbaycanın bölgədə əks-terror əməliyyatı keçirəcəyi ilə hədələyirlər”.

Foto: “Комсомольская правда”

Ümumiyyətlə, Amerikanın “sülhməramlı təşəbbüsü” Stepanakertdə (Xankəndi) mənfi qarşılanıb. Lakin bunu Dağlıq Qarabağın “xarici işlər naziri” Sergey Qazaryan lobbiləşdirir. Eyni zamanda, qeyd olunur ki, o, Yerevandadır və Ermənistanın Baş naziri Nikol Paşinyanın dəstəyindən istifadə edir”, –deyə “Komsomolskaya pravda” əlavə edib.

Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlı deyir ki, “Komsomolskaya pravda”nın yaydığı xəbər hələ fakt demək deyil:

“Çünki Vaşinqtonun bu barədə hər hansı açıqlaması olmadığı üçün şərh vermək çətindir”.

Ancaq Azər Qasımlı hesab edir ki, nəşrin yaydığı məlumat Rusiya Prezidenti Vladimir Putinin aylar əvvəl “Valday” konfransında Qərb barədə dediklərini və Kremlin münaqişə ilə bağlı təkliflərini xatırladır:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Əslində, Putin o vaxt erməni xalqını Baş nazir Nikol Paşinyanı devirməyə çağırmışdı. “Komsomolskaya pravda” da Putinin səsləndirdiyi təkliflər əsasında təbliğat  aparır. Bununla Rusiya mediası Qarabağ ermənilərinə mesaj verir ki, Moskva sizi qoruyur, amma Vaşinqton isə əksinə. Həmçinin qəzet Ermənistan cəmiyyətinə Putinin mesajını xatırladır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nəşrin yazdığını təbliğat “müharibəsi”nin elementi sayır.

O düşünür ki, məlumatın əsaslı olub-olmamasını söyləmək çətindir, amma məntiqli məqamlar da var:

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

ABŞ-ın əsas siyasi məqsədi Rusiyanı bölgədən çıxartmaqdır. Ona görə bu istiqamətdə hansısa təzyiqlərin olması təbiidir. Ancaq burada siyasi oyunun olmasını da istisna etmək olmaz, yəni ermənilərin məsələni bu yöndə gündəmə gətirməsi baxımından”.

2022-ci ilin 27 oktyabrında Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında bildirmişdi ki, münaqişənin həlli ilə bağlı iki plan var: Vaşinqton və Moskva planı:

Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı, rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətləri nəzərə almaq, gələcək sülh müqaviləsində müzakirə etmək lazımdır, bu da mümkündür. Amma sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır, razılaşmalar digər tərəf üçün də məqbul olmalıdır”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. 

Ana səhifəSiyasətRusiya mediası ABŞ-ı Qarabağ rəhbərliyinə təzyiq etməkdə günahlandırır